“Onlar mətbuatın adına ləkə gətirirlər”

“Onlar mətbuatın adına ləkə gətirirlər”
  21 May 2019    Oxunub:2072
Son illər Azərbaycanda cins nisbətinin pozulması halları müşahidə edilir. Bu vəziyyət gələcəkdə əhalinin strukturunda xoşagəlməz nəticələrə gətirib çıxara bilər.
Azvision.az xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun proqram üzrə müşaviri Nərminə Məlikova media nümayəndələrinin gender həssaslığının artırılması və gender əsaslı cins seçimi mövzusu üzrə praktik seminarda çıxışı zamanı deyib.

O bildirib ki, kişilərin həddən artıq çoxalması ölkədə zorakılıq, kriminogen halların artmasına, qız qaçırma, insan alverinin çoxalmasına səbəb olur.

"Bu istiqamətdə BMT-nin Əhali Fondu ilə Azərbaycan höküməti tərəfindən müxtəlif layihələr həyata keçirilir. Layihələr çərçivəsində edilən müdaxilələrin uğurunu təmin etmək üçün KİV-in rolu vacibdir. Son zamanlar qadınların sosial iqtisadi sferada rol almasına baxmayaraq, onlar mediada ənənəvi rollarda çıxış edirlər".

Mətbuat Şurasının sədri müavini Ümid Mirzəyev isə bildirib ki, bəzən yerli KİV-də utancverici halları daha çox qabardırlar, qadınların üstünə çox gedirlər.

"Kişi ilə qadın eyni hərəkət etsə, qadın daha çox müzakirə edilir, təhqir edilir. Avtomobil idarə edən qadın qəza törədəndə, mediada onu gülünc vəziyyətə gətirirlər və daha çox bəzəyirlər. Bu yolverilməzdir".

Ü.Mirzəyev qeyd edib ki, Mətbuat Şurasına ortalama 1000-ə yaxın şəxs rəsmi şikayətlə müzakirə edir: "Bir o qədər də şikayətləri katiblikdə danışıq yolu ilə həll edirik, rəsmiləşdirmirik. Şikayətlərin böyük hissəsində məlum olur ki, kiminsə ailəsi, uşağı, həddi buluğa çatmamış qız uşağı ilə bağlı xoşagəlməyən yazılar gedir. Bunu yazan müəlliflər arasında xanımlar da az deyil. Xanım yazarların özləri bu cür məqamlarda həmcinslərini tənqid edirlər. Bölgələrdə kimsə sayt təsis edir və xanımlara kart verib, qapılara göndərir. Bu cür hallarla jurnalistikaya, mətbuata aidiyyatı olmayan adamlar yoldan çıxarılır, onlar mətbuatın adına ləkə gətirirlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Mətbuat-Şurası   Seminar  





Xəbər lenti