İlham Əliyev: “Qarabağ münaqişəsinin həllinin bir yolu var”

 İlham Əliyev:  “Qarabağ münaqişəsinin həllinin bir yolu var”
  24 May 2019    Oxunub:2485
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var - Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Biz bu həqiqətləri dünyaya çatdırırıq"
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində deyib. Dövlət başçısı bildirib ki, münaqişə başlanan zaman münaqişə ilə bağlı dünyada kifayət qədər məlumat yox idi:

"1990-cı illərin əvvəllərində torpaqlarımız işğal altına düşmüşdür. Ölkəmizdə o vaxt yaşanan böhran, hərc-mərclik, xaos Ermənistana imkan verdi ki, bizim tarixi torpaqlarımızı zəbt etsin. O vaxt biz beynəlxalq təcriddə idik, öz səsimizi dünya ictimaiyyətinə çatdıra bilmirdik. Beləliklə, dünyada münaqişə ilə bağlı böyük dərəcədə təhrif edilmiş rəy formalaşdırılmışdı. Bizim müntəzəm səylərimiz nəticəsində artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarixi torpağımızdır".

Prezident vurğulayıb ki, münaqişəyə dair çoxsaylı kitabların çap edilməsi, təqdimatların, konfransların keçirilməsi dünya ictimaiyyətinə münaqişə ilə bağlı həqiqətləri çatdırır: "Hər kəs görür ki, münaqişə ilə bağlı ikili standartlar mövcuddur. Necə ola bilər, dünyanın ali orqanı olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edir, bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır və bu qətnamələr icra olunmur. Ona görə hesab edirəm ki, dünyada mövcud olan ikili standartlar ən böyük problemlərdən biridir. Münaqişənin həlli üçün biz səylərimizi davam etdirəcəyik. Biz iqtisadi gücümüzü artırırıq, siyasi çəkimiz artır, hərbi baxımdan Azərbaycan bu gün güclü ölkələr sırasındadır.

Döyüş meydanında üstünlüyümüzü təmin etmişik. Vaxtilə işğal altına düşmüş torpaqların bir hissəsini azad etmişik. O torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlarda Şuşa məscidinin bənzəri olan məscid tikilmişdir, qəsəbə salınmışdır, oraya həyat qayıtmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu gün dirçələn və inkişaf edən Cocuq Mərcanlı kəndi Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Bir daha demək istəyirəm ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".

Azvision.az


Teqlər: İlham-Əliyev   Qarabağ  





Xəbər lenti