Aİ-dən media üçün informasiya sessiyası - FOTOLAR

Aİ-dən media üçün informasiya sessiyası -    FOTOLAR
  25 May 2019    Oxunub:2318
Şərq Tərəfdaşlığı proqramının 10 illik yubileyi münasibətilə Mingəçevirdə keçirilən “Avropa günləri”nin növbəti mərhələsi çərçivəsində Avropa İttifaqının maliyyələşdirdiyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunan Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək (SLRD) layihələrinin media üçün informasiya sessiyası keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas icra olunan layihələrin məqsədlərindən bəhs edib.



Səfir diqqətə çatdırıb ki, layihənin ümumi məqsədi Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və davamlı regional inkişafa dəstək verməklə, regionlar arası sosial-iqtisadi fərqliliyin azaldılmasına töhvə verməkdən ibarətdir. O vurğulayıb ki, layihənin əsas məqsədi Gəncə-Qazax iqtisadi rayonunda yerli hakimiyyət orqanlarının regional planlaşdırma və inkişaf bacarıqlarının gücləndirilməsidir.



Sessiyada 10 layihə barədə məlumat verilib. Bildirilib ki, GİZ-in həyat keçirdiyi SLRD layihələrinin əsas məqsədi Gəncə-Qazax iqtisadi rayonunda turizm və kənd təsərrüfatı sahələrini əsas götürərək, bu sahələrin inkişaf potensialının qiymətləndirilməsi, diaqnostikası və icra orqanları ilə yerli inkişaf proqramlarını işləməkdir. Vurğulanıb ki, layihələrin əsas yanaşması mövcud şəbəkələrin gücləndirilməsi və müxtəlif maraqlı tərəflər arasında yeni əməkdaşlıq platformalarının yaradılması, müvafiq nazirliklər, yerli idarələr, bələdiyyələr, özəl sektorun nümayəndələri və şəbəkələri eləcə də digər maraqlı tərəflərin planlaşdırma bacarıqlarının gücləndirilməsi, regionala planlaşdırma ilə bağlı texniki dəstək göstərməklə maraqlı tərəflərə regionun potensialından daha yaxşı istifadə edilməsində dəstəyin göstərilməsidir.



Sessiyada Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi platformalarının yaradılması (ED VET), “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA), “Lənkəran İqtisadi Rayonunda regional model peşə təhsili Mərkəzinin yaradılması”, “Kür çayının idarə olunması planının hazırlanması” layihələri, Gəncədə sənaye üzrə regional peşə mərkəzinin yaradılmasına dəstək layihəsi (BMT-nin İnkişaf Proqramı-UNDP), Azərbaycan Gənclərinin Nəaliyyəti (JAA) Təşkilatının icra etdiyi orta məktəblərdə şagirdlərin maliyyə savadlılığının artırılmasına dair layihəsi və digərləri barədə ətraflı məlumatlar verilib.

Sonda qaranlıq qalan məqamlarla bağlı jurnalistlərin sualları cavablandırılıb.








Elvin Abdulqədirov
AzVision.az


Teqlər: SLRD   GİZ    





Xəbər lenti