IDEA-nın növbəti təmizlik aksiyası

  04 İyun 2019    Oxunub : 707
IDEA-nın növbəti təmizlik aksiyası
İyunun 4-də IDEA İctimai Birliyinin təşkilatçılığı və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə daha bir sahilyanı təmizlik aksiyası keçirilib.
IDEA İctimai Birliyindən Azvision.az -a verilən məlumata görə, çimərlik mövsümünün açılışı ilə əlaqədar keçirilən aksiyaya 100-dən çox gənc könüllü qoşulub.

Görədil çimərliyində təşkil edilən aksiya üçün xüsusi olaraq ictimai çimərlik seçilib. İnsanların rahat, təmiz və təhlükəsiz məkanda ödənişsiz istirahət edə bilmələri üçün ərazidə söhbətgahlar, kölgəliklər və paltardəyişmə yerləri inşa edilib, sanitar qovşaq quraşdırılıb, voleybol meydançası salınıb, zibil qutuları yerləşdirilib.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları DJ-lərin səsləndirdiyi musiqi sədaları altında 4,4 hektar ərazisi olan çimərlikdən 2 tona yaxın tullantı toplayıblar. Tullantıların toplanması prosesini daha səmərəli təşkil etmək məqsədilə əraziyə xüsusi texnika cəlb olunub.

“Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində çoxsaylı gənclərin iştirakı ilə baş tutan sayca 12-ci aksiyadır. Bu il çimərlik mövsümü ərəfəsində keçirilən ilk aksiya iki gün əvvəl Novxanı çimərliyində baş tutub. Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş daha bir kütləvi təmizlik aksiyasının keçirilməsi iyunun 8-ə planlaşdırılıb.

Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasının təbliği, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısının alınması və bütün gənclərin dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb edilməsidir.

İstirahət mövsümünün gəlişi ilə əlaqədar IDEA İctimai Birliyi bir daha hər kəsi təbiətin bizə bəxş etdiyi nemətlərdən qayğıkeşliklə istifadəyə, indiki və gələcək nəsillərin rifahı naminə ətraf mühiti qorumağa çağırır.

Azvision.az

Teqlər: Aksiya   İDEA