“Bütün oyunları Rüstəm İbrahimbəyov qurmuşdu” - MÜSAHİBƏ

“Bütün oyunları Rüstəm İbrahimbəyov qurmuşdu” - MÜSAHİBƏ
  26 Noyabr 2013    Oxunub:1154
“Milli Şuranın gələcəyi onun sifarişçisi Rusiyadan asılıdır”.
AzVision.az saytı Azadlıq Partiyasının sədri Əhməd Orucla müsahibəni təqdim edir:

- Əhməd bəy, bildiyimiz kimi partiyanız seçkilərdə iştirak etmədi. Hazırda fəaliyyətiniz nə yerdədir, hansı yeniliklər var?

- Seçki kampaniyası zamanı imzatoplama mərhələsini keçdik. Sonrakı mərhələdə bizi seçkidə iştiraka buraxmadılar. Həmin dövrdə bizim partiyanın ayrı-ayrı regionlarda gücü ortaya çxdı. Qeyd edim ki, bizdə təşkilati baxımdan müəyyən problemlər var idi. Zəif olduğumuz rayonlar var idi ki, orada təşkilati işlər görüldü. Eynilə imza toplama prosesimiz ağır keçdi. Partiya üzvləri əziyyət çəkdilər.

Ona görə bir müddət fasilə verdik. İndi yenidən toparlanmışıq və təşkilati işlərlə məşğuluq.

- Yenidən siyasi birliklərə qoşulmağı düşünürsünüzmü?

- Yeni birliklərlə bağlı ayrı-ayrı təkliflər var. Bu gün əsas işimiz həmin məsələləri qiymətləndirməkdir. Bu mövzuda qərar qəbul edilərsə, mətbuat üçün də açıqlamalar olacaq.

- Siz tez-tez Milli Şuranı tənqid edirdiz. Milli Şura da seçkidə məğlub oldu. Necə düşünürsüz, onların məğlubiyyəti gözlənilən idimi? Sizcə, bu məğlubiyyətin əsas səbəbi nədir?

- Prosesin əvvəlindən Milli Şuranın məğlub olacağı məlum idi. Ona görə ki, Milli Şura Azərbaycanda heç bir yeni elektoratı prosesə cəlb edə bilmədi. Faktiki olaraq onların aksiyaları göstərir ki, onların ətrafında toplanan kütlə AXCP-Müsavat tərəfdarlarıdır, onlar da ayrı-ayrı maddi maraq güdən şəxslər idi. Meydanlarda onlardan başqa heç kim yox idi. Azərbaycan cəmiyətində öndə olan liderlərə onların 20 illik fəaliyyətinə görə, inam hissi də var, inamsızlıq da. Müxalifət bu inamsızlığı aradan qaldıra bilmədi, əksinə inamı da azaltdı.

- Cəmil Həsənlinin vahid namizəd olmağı düzgün seçim idi?

- Proseslər Rüstəm İbrahimbəyovun və Rusiyanın təhdidləri üzərində qurulmuşdu. Daha sonra Rusiya ilə Azərbaycan anlaşdı, Rüstəm İbrahimbəyov gələsi olmadı. Cəmil müəllim faktiki olaraq Milli Şuranı pis vəziyyətdən çıxarmaq üçün ortaya atılmış fiqur idi. O da Milli Şuranı demək olar ki, pis vəziyyətdən çıxartdı. Cəmil müəllim ilə birgə mübarizə aparmaq, ortaya iddia qoymaq mənasız idi. Prosesə bir nəfər də əlavə adam qoşulmadı, yenə AXCP-Müsavatın ümidinə qaldı. Amma Cəmil Həsənli özünü pis aparmadı.

- Milli Şuranın indiki fəaliyyəti siyasi müstəvidə kimə lazımdır?

- Milli Şuranın bundan sonrakı mərhələdə Rusiyanın əlində təhdid vasitəsi olub- olmayacağı bəlli deyil. Biz əvvəldən demişik ki, vaxtilə proseslərdə olmuş, hakimiyyətdən atılmış şəxslərə millətin inamını qaytarmaq mümkün deyil. Bizə müxtəlif təkliflər var, onları dəyərləndiririk. Bu baxımdan Milli Şuranın davam etməsi də heç nəyi dəyişməyəcək.

-Təklif gələrsə sizdə bu birliyə qoşula bilərsinizmi?

- Milli Şuradan təkliflər səslənsə də, ayrı-ayrı şəxslərlə görüşlərdə bu fikirlər səslənsə də bizə konkret müraciət daxil olmayıb. Bir milli demokratik platformada olan siyasi partiyaların bir yerdə olmasını istəyirik. Ancaq bu, köhnə, 20-30 illik liderlərin siyasi gündəmdə saxlanmasına xidmət etməməlidir. Mütləq ortaya millətin inana biləcəyi şəxslər çıxmalıdır. Xaricdən, öz keçmişindən, nəfsindən asılı olan, millətin inanmadığı şəxslər bir qədər axraya çəkilməlidir.

- Qeyd edirsiz ki, Milli Şuradakı liderlərə millətin inamı yoxdu. Belə olan halda Milli Şuranın gələcəyini necə proqnozlaşdırırsız?

- Milli Şuranın gələcəyi onun sifarişçisi Rusiyadan asılıdır. Bilirsiz ki, bir vaxtlar Milli Şuraya cəmiyyətin inamı Rusiyanın Azərbaycanda hakimiyyəti dəyişmək iddiası ilə bağlı idi. Belə bir fikir var idi ki, Rusiya Azərbaycandakı hakimiyyəti dəyişmək istəyir, bu məqsədlə “Milyarderlər İttifaqı”, Milli Şura yaradıb onları dəstəkləyirlər. İndi də Azərbaycanda bəzi siyasi qüvvələrdə belə qənaət var ki, Rusiya Milli Şuradan təzyiq vasitəsi kimi istifadə edə bilər. Rusiyanın da Azərbaycanda maraqları var ki, o da dəqiq deyil, zaman-zaman dəyişir. Düşünürəm ki, Rusiya Milli Şuranı qoruyub saxlamağa çalışacaq. Orada olan partiyalar, birliklər də Rusiyanın imici vasitəsilə hakimiyyət şansının görünməsi iddiasından narazı deyillər. Əksinə bunu qabardırlar ki, Rusiya ilə müəyyən münasibətləri var. Ona görə də düşünmürəm ki, Milli Şura yaxın vaxtlarda buraxılacaq.

- Gündəmdə olan mövzulardan biri də Müsavatın qurultayı və İsa qəmbərin başqanlıqdan getməsidir. Bəziləri düşünür ki, İsa Qəmbər başqanlıqdan gedərsə, Müsavat dağılacaq. .

- Müsavatın qurultayının həddindən artıq uzanması yalnız siyasi gündəmdə qalmaq üçündür. Bu məsələ zaman-zaman qabardılır. İstəsələr indiyə qədər qurultayı keçirdərdilər. İsa bəyin başqanlıqdan getməyinə gəlincə isə, bu fikirdə deyiləm ki, İsa bəy kimi adamlar ümumiyyətlə siyasi səhnədən getməlidir. Onun liderliyi altında proses uğur qazanmır. O özü başa düşməlidir ki, 20 ildir onun liderliyi altında heç bir uğur qazanılmır, əksinə uğursuzluqlar olur. Amma təbii ki, birdəfəlik siyasətdən getməkdən söhbət gedə bilməz. O, kifayət qədər yetkin siyasətçidir. Hər hansı hakimiyyət komandasında xeyir gətirə bilər, təmsil oluna bilər. Hesab etmirəm ki, İsa Qəmbər mütləq Müsavatdan getməlidir. Eynilə hesab etmirəm ki, İsa Qəmbər olmasa, Müsavat Partiyası olmasa faciə baş verə ilər. Bu hay-küyü gündəmdə qalmaq üçün vasitə hesab edirəm.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti