Parlamentdə Fransa nümayəndə heyətilə görüş olub
C.Feyziyev Milli Məclisin fəaliyyəti, qanun yaradıcılığı prosesi barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanın qanunverici orqanında dünyanın müxtəlif ölkələrinin parlamentləri, o cümlədən Fransa parlamenti ilə dostluq qrupları fəaliyyət göstərir. O, Azərbaycanda tolerant və multikultural dəyərlərə böyük diqqət göstərildiyini, burada son zamanlar beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini, ölkəmizin dünya miqyasında nüfuzunun artdığını söyləyib.
Qeyd olunub ki, əldə edilən nailiyyətlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi kimi ən ağrılı problem hələ də qalmaqdadır. Münaqişənin tarixi, bu bölgədə son zamanlar baş verən hadisələr, problemin həlli yolunda atılan addımlar barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıdır və bu istiqamətdə səylərini əsirgəmir.
Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Sahibə Qafarova bu yaxınlarda Parisdə səfərdə olduğunu, orada Azərbaycanda qadınlara 100 il əvvəl seçki hüququnun verilməsi ilə əlaqədar tədbirdə iştirak etdiyini, ölkəmiz barədə həqiqətlərin Fransa ictimaiyyətinə çatdırdığını deyib. Bildirib ki, müasir Azərbaycan qadınları ailə dəyərlərinə, adət və ənənələrimizə böyük önəm verir, onları yüksək səviyyədə qoruyub saxlayır, eyni zamanda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Milli Məclisin 125 üzvünün olduğunu deyən deputat, qeyd edib ki, onlardan 20 nəfərini qadınlar təşkil edir. Qadın deputatlar parlamentin müxtəlif komitələrində fəal iştirak edir, vitse-spiker vəzifəsini yerinə yetirir, ölkəmizi beynəlxalq və regional təşkilatlarda yüksək səviyyədə təmsil edirlər.
Sahibə Qafarova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın vaxtilə parlamentdə Fransa ilə dostluq qrupuna rəhbərlik etdiyini, iki ölkə arasında münasibətlərin möhkəmlənməsində göstərdiyi səyləri, bu gün də bu istiqamətdə təqdirəlayiq işlər gördüyünü diqqətə çatdırıb.
Deputat Şahin İsmayılov belə səfərlərin Azərbaycanı yaxından tanımaq baxımından əhəmiyyətli olduğunu deyib. O, təmsil olunduğu Gənclər və idman komitəsinin işindən bəhs edib. Bildirilib ki, artıq 10 milyona çatmış ölkə əhalisinin əksəriyyətini gənclər təşkil edir. Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, 300-dən çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.
Ş.İsmayılov ötən il Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edən Fransa nümayəndə heyəti ilə görüşü məmnunluqla yada salıb. Qeyd edilib ki, görüş zamanı hər iki ölkə gənclərinin ortaq layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə müzakirələr aparılıb. Yaxın gələcəkdə belə layihələrin reallaşmasına başlanacaq.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, nümayəndə heyətinin başçısı Jan-Fransua Mansel qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində artıq 4-cü səfərin uğurla baş tutduğunu söyləyib. Jan-Fransua Mansel səfərdən məmnun qaldıqlarını deyib, Azərbaycan və Bakı barədə xoş təəssüratlarını bölüşüb. Qonaq iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətli olduğunu bildirib. Görüş zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: Milli-Məclis Parlament