Gömrük Komitəsi ilə BMTİP arasında saziş imzalanıb
Aparılan islahatların nəticəsi olaraq Azərbaycan gömrüyünün beynəlxalq aləmin etibarlı tərəfdaşına çevrildiyini vurğulayan Səfər Mehdiyev cari ilin aprel ayında Dövlət Gömrük Komitəsinin ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, 52 ölkəni özündə birləşdirən Avropa Regionu üzrə rəhbəri seçilməsinin, ÜGT-nin “İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi”nin iyunun 12-də Bakıda keçirilməsinin bunun bariz nümunəsi olduğunu bildirib.
Komitə sədri əldə edilən nailiyyətlərdə BMTİP-in müxtəlif sahələrdəki dəstəyinin mühüm rol oynadığını diqqətə çatdırıb və əməkdaşlığın bundan sonra daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.
BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti səmimi görüşə görə təşəkkürünü bildirib və Dövlət Gömrük Komitəsinin uğurlarını yüksək qiymətləndirərək, təmsil etdiyi qurumun da bu nailiyyətlərin əldə edilməsində rol oynamasından qürur duyduğunu diqqətə çatdırıb.
Birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin öz bəhrəsini verdiyini bildirən Alessandro Frakassetti Azərbaycan gömrüyünün mühüm vəzifələrin öhdəsindən gəldiyini, şəffaflığın təmin olunması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, ticarətin asanlaşdırılması istiqamətində ciddi addımlar atdığını vurğulayıb.
Daha sonra Dövlət Gömrük Komitəsi ilə BMTİP arasında bu qurumun dəstəyi ilə həyata keçirilən “Azərbaycan və Gürcüstan arasındakı “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına texniki dəstək” layihəsinin vaxtının uzadılmasına dair saziş imzalanıb. Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti imzalayıblar.
İmzalanma mərasimindən sonra “Azərbaycan və Gürcüstan arasındakı “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına texniki dəstək” layihəsi çərçivəsində BMTİP tərəfindən Dövlət Gömrük Komitəsinə verilən nəqliyyat vasitələrinə baxış keçirilib.
Azvision.az