Heydər Əliyev Azərbaycanı nələrdən xilas etdi? – Elçibəyin tarixi etirafları

   Heydər Əliyev Azərbaycanı nələrdən xilas etdi? –    Elçibəyin tarixi etirafları
  12 İyun 2019    Oxunub:4397
1993-cü ilin may ayının 25-də Prezidentin İcra Aparatında keçirdiyi hüquq-mühafizə orqanları işçilərinin müşavirəsinin stenoqramını:
Dövlət katibi: "Respublikada mafioz qüvvələr güclənir və onlar ölkəni, demək olar ki, idarə edir”.

Baş prokuror: "İflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə də məhz dövlət aparatından başlamalıdır”.

Ədliyyə naziri: "Hakimiyyətimiz dövründə rüşvətxorluq kommunist dövründəkindən də çoxalıb”.

Gömrük Komitəsi sədri: "Xalqın qabağında dayanan oğlanlar bu gün pulun qabağında dayana bilmir”.

Ali Məhkəmə sədri: "Nazirlər Kabineti bu gün milyarderlərdən ibarətdir”.

Ən dəhşətli məqam həmin iclasda Prezident Əbülfəz Elçibəyin baş prokurora dedikləri idi.

"Xarici iqtisadi əlaqələr pozulur, benzin, neft, taxıl respublikadan dağıdılır. Azərbaycanın rayonlarında benzin tapılmır. Amma Ermənistan Azərbaycan neftini aparır, özü də tonla. Bunu adi vətəndaş da bilir. Xalq deyir ki, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Heç kim, heç birimiz bu yolla axıra qədər gedə bilməyəcəyik. Bunu birdəfəlik hamınız yaxşı bilin. Bu xalq əgər azadlıq və demokratiya uğrunda mübarizə aparırsa, bu xalq əgər böyük imperiyadan canını qurtara bilirsə, gələcəkdə aramızda olan bu adamların canı xalqın əlindən qurtarmayacaq. Prokurorluq da, məhkəmə də, xahiş edirəm, buna cavab versin: bu gün bu respublika niyə dağılır?”, – Elçibəy soruşurdu.

Baş prokuror: Sizin narazılığınız çox haqlıdır. Bu, nəinki sizi, bütün xalqımızı narahat edir. Və mən hesab edirəm ki, şübhəli danışmaq lazım deyil. Açıq danışmaq lazımdır. Respublikamızda rüşvətxorluğun belə tüğyan etməsi, bu cür baş alıb getməsi hüquq-mühafizə orqanlarının özünün həmin hallara şərait yaratması nəticəsində baş vermişdi. Dövlət aparatında, hüquq-mühafizə orqanları arasında rüşvətxorlar həddindən artıq çoxdur. Bunu açıq qeyd etmək lazımdır və biz hələ də belələrinə qarşı mübarizə aparmaqda zəiflik göstəririk. Nə qədər ki, dövlət aparatında sağlam əhval-ruhiyyə yaratmamışıq, nə qədər ki, dövlət aparatında, o cümlədən hüquq-mühafizə orqanlarında rüşvətxorları ifşa edib kənarlaşdırmamışıq, belə şərait davam edəcəkdir. Dövlət aparatı özü iflic vəziyyətindədir, daha doğrusu, özü rüşvətxorluqla məşğul olur. Ona görə də rüşvətxorluqla məşğul olan dövlət aparatı rüşvətxorluqla mübarizə apara bilməz və biz bu məsələnin həllini dövlətdən başlamalıyıq.

Elçibəy: Sən söz verirsən ki, Azərbaycanın nefti gedib Ermənistanın əlinə çatmayacaq? Azərbaycanda rayonlarda benzin yoxdur ki, avtobuslar işləsin. Camaat ata-anamızın qəbrinə söyür.

Bu müşavirədən bir gün sonra – 26 mayda Dövlət Müdafiə Komitəsinin məxfi iclası keçirilib. AXC-Müsavat iqtidarı dövründə baş nazir olmuş Pənah Hüseyn bir neçə gün öncə həmin müşavirənin məxfi protokolunu ictimaiyyətə açıqladı və faktlar həmin dövrdə iqtidarın ölkəni saldığı çıxılmaz vəziyyəti bir daha gün üzünə çıxardı.

Orduda nizam-intizam yox idi, fərarilik sürətlə artırdı, rayonlarda icra başçıları ilə hərbi komandirlər arasında mənsəb davası baş alıb gedirdi, ölkə parçalanmaq həddinə çatmışdı, bir tərəfdə "Sadval”çılar, digər tərəfdə Hümbətovun dəstəsi, bunlara paralel olaraq, Sürət Hüseynovun hərbi dəstələri… Məxfi iclasın protokolu isə təsdiqləyir ki, iqtidar vəziyyətə nəzarət edə bilmir, prezidentə yalan informasiya verilir, hər kəs öz kreslosunun qayğsındadır, işğalçı Ermənistan isə torpaqlarımızı zəbt etməyə davam edir…

AXC-Müsavat iqtidarında dövlətin mühüm postlarını tutan şəxslərin tərcümeyi-halı da ölkənin necə idarə olunduğuna dair təsəvvürü formalaşdırır.

– Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdi.

– Baş nazir əvvəllər kiçik mövsümi ticarətlə məşğul olmuşdu. Belə bir təcrübədən sonra əvvəl dövlət katibi kimi ciddi siyasi post, daha sonra baş nazir postu onun miqyası üçün olduqca ağır idi.

– Adi fizika müəllimi olmuş müdafiə naziri Şuşanın itirilməsində, ordunun iflic vəziyyətinə salınmasında xüsusi rol oynadı. Onun rəhbərlik etdiyi ordu siyasi proseslərdə müstəqil tərəf kimi çıxış edərək parlament sədri və prezidentə meydan oxuyurdu.

– Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüş, buna görə heç bir məsuliyyət daşımamışdı. Üstəlik, vəzifədən çıxandan sonra dərhal müxalifətə keçmiş – iyunun 4-ə, Gəncədə iğtişaşlar başlayan günə Bakıda AXC hakimiyyətinə qarşı mitinqlər təyin etmişdi.

– Xarici işlər naziri Fizika İnstitutunun heç bir diplomatik təcrübəsi olmayan, heç bir xarici dil bilməyən kiçik elmi işçisi idi və belə mühüm vəzifəyə təyin edilmişdi. Yeni müstəqil ölkənin diplomatik korpusu da özü kimi təcrübəsiz, texniki sahələrdə çalışan kiçik elmi işçilərdən formalaşdırmışdırmışdı.

Bu cür komandanın idarə etdiyi ölkədə baş verənlər o qədər də təəccüblü deyil. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yolla xaricə satılması, bir sözlə dövlət əmlakının talan edilməsi adı hala çevrilmişdi. Ölkədə özəlləşdirilmə prosesi getmədiyi halda 3 mindən çox xidməti maşını məmurlar şəxsi istifadə üçün mənimsəmişdilər. Ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmiş, bir çox hallarda yeni "bəylər” tərəfindən məşuqələrinə ərməğan edilmişdi. Heç bir hüquqi əsası olmadan yaradılmış "ekologiya polisi”, "bələdiyyə polisi” kimi qeyri-qanuni qurumlar faktiki olaraq daxili işlər nazirinin varlanması naminə dövlət səviyyəsində "reket” fəaliyyətlə məşğul idilər. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirildi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Daxili işlər naziri insanları qanunsuz həbs edir, məhkəməsiz 700 nəfər məhbusu azadlığa buraxıb, silahlandırmışdı.

AXC üzvləri bir-birinə qarşı mübarizə aparır, siyasi kulislərdə əsl müharibə gedirdi. Hakimiyyət daxilində Müsavat, Yurd, "Boz qurd”, "boz pencəklilər” və s. kiçik qruplaşmalar yaranmışdı. Bu qruplar arasında birincilik mübarizə gedirdi. Daxili işlər naziri və parlament sədri prezidentlik iddialarını açıq şəkildə dilə gətirir, nəzarətlərində olan media quruluşlarında prezident əleyhinə sərt kampaniya aparırdılar. Dövlət postunu tutan Əli Kərimlinin nəzarətində olan media qurumları baş nazir və spikeri ələ salırdı, prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Belə daxili didişmələr eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq nəticəsində cəmi 1 il hakimiyyətdə qala bildilər. Lakin bu dövr Azərbaycanlın yeni tarixinin ən faciəli dövrü idi və nəticədə ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi.

Elçibəyin dediyi kimi, "Xalq deyirdi ki, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən”.

Və nəhayət, 15 iyun 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalq xilas oldu. Xalq anlayırdı ki, yeganə çıxış yolu məhz Heydər Əliyevin qayıdışıdır, buna görə də onun Bakıya gəlməsində sona qədər israr etdi. Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi, 1993-cü il iyunun 15-də Ali Məclisin sədri seçildi. Onun ölkəni dağılmaqdan xilas etmək üçün atdığı addımlar və əldə olunan nəticələr haqlı olaraq, 15 iyunun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi düşməsinə əsas yaratdı.

Heydər Əliyev hakimiyyətə qayıdan kimi ölkənin parçalanması təhlükəsini aradan qaldırdı, nizami ordu yaratdı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Və ən əsası Azərbaycanda dövlətçilik ənənəsi formalaşdırdı.

Və tarixi faktlar təsdiqləyir ki, Azərbaycan xalqı 15 iyun günün haqlı olaraq özünün qurtuluşu olaraq qəbul edir. Azərbaycan dövlət olaraq məhv olmaqdan, Azərbaycan xalqı millət olaraq, yenidən əsarətə düşməkdən xilas oldu. Azərbaycanı Heydər Əliyev xilas etdi.

Asif Nərimanlı
Azvision.az



Teqlər: Heydər-Əliyev  





Xəbər lenti