YAP-dan yeni kadr təyinatlarına münasibət: “İslahatlar aparılır”
Təhlükəsizlik orqanlarındakı kadr dəyişikliyinə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Azvision.az -a bildirib ki, Azərbaycanda günün tələblərinə cavab verən islahatlar aparılır, yeniliklər edilir.
“Cənab Prezident İlham Əliyevdə islahatçılıq ruhu var. Biz bunu həmişə hiss edirik. Təyin edilmiş şəxslər də Azərbaycan cəmiyyətinə yaxşı tanışdırlar. Onlar öz fəaliyyətləri ilə dövlətçiliyimiz və Prezidentin apardığı dövlət siyasətinə sədaqətləri ilə tanınırlar. Təyin olduqları işlərdə yeni dövrün tələblərinə uyğun olaraq fəaliyyət göstərəcəklərini düşünürəm”, - A.Mirəzadə deyib.
YAP funksioneri vurğulayıb ki, keçmiş daxili işlər naziri Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilməsi prezidentin ona olan yüksək etimadının göstəricisidir: “Ramil Usubovun yüksək peşə hazırlığı dövlətçiliyin möhkəmlənməsində xüsusi rola malikdir. Dünyanın bir çox ölkələrində Təhlüksəizlik Şurasının katibi vəzifəsi müstəqil vəzifədir və Azərbaycan artıq öz dövlətçiliyinin inkişafında o səviyyəyə çatıb ki, bu posta yüksək hazırlıqlı və cəmiyyətin tanıdığı bir şəxsin təyin edilməsinə ehtiyac duyulub”.
Millət vəkili qeyd edib ki, gənc kadrların irəli çəkilməsi Azərbaycanda müstəqillik dövründə müstəqilliyin ruhuna, dövlətçiliyin tələblərinə bağlı olan kadr korpusunun formalaşdığını göstərir: “İndiyə qədər bu işi aparan insanlar öz vəzifələrinə məsuliyyətlə və peşəkarcasına yanaşıblar. Yeni insanlar yeni nəfəs deməkdir. Vəzifəsi dəyişən insanların keçmiş fəaliyyətinə qiymət verilir, eyni zamanda gənclərə öz potensiallarını göstərmək ixtiyarı verilir. Bu insanların hər biri dövlətçiliyə sədaqətlə xidmət edənlərdir. Öz faəliyyətləri ilə təhlükəsizliyimizin qorunmasında daim çalışacaqlarına şübhəmiz yoxdur”.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Prezident Sərəncam İslahat Kadr Dəyişikliyi