Qanunsuz heyvan kəsimi ilə məşğul olanlara xəbərdarlıq olunub

Qanunsuz heyvan kəsimi ilə məşğul olanlara xəbərdarlıq olunub
  21 İyun 2019    Oxunub:2228
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, bununla bağlı olaraq, iyunun 21-də paytaxtın Binəqədi rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər keçirilib. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunmuş reydlərdə Binəqədi Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak edib.

Qeyd edək ki, ötən ildən AQTA qanunsuz heyvan kəsimi məntəqələrində aidiyyəti qurumlarla birlikdə reydlər həyata keçirir. Bu zaman qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilir və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülür.

Reyd zamanı qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinin sahiblərinə sonuncu dəfə xəbərdarlıq edilib, bu fəaliyyətin təkrarlanacağı təqdirdə inzibati qaydada tədbirlərin görüləcəyi bildirilib. Qanunsuz fəaliyyətlə məşğul olan şəxslərə yalnız ixtisaslaşmış kəsim məntəqələrində kəsimin həyata keçirilməli olduğu, ət məhsullarının laborator analizdən sonra satışa təqdim edilməli olduğu vurğulanıb.

AQTA bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti