DMX yanında İctimai Şuranın üzvləri təltif edilib - Fotolar

DMX yanında İctimai Şuranın üzvləri təltif edilib -  Fotolar
  21 İyun 2019    Oxunub:3614
“Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura daxili idarəçiliyin təkmilləşdirilməsi ilə yanaşı, ictimai fikrin öyrənilməsində mühüm rol oynayır”.
Azvision.az -ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov DMX yanında İctimai Şuranın 2017-2019-cu illər üzrə fəaliyyətinin təqdimatı ilə bağlı tədbirdə deyib. Xidmət rəisi İctimai Şuranın iki illik fəaliyyəti dövründəki səmərəli əməkdaşlığını yüksək qiymətləndirib. Bildirib ki, Dövlət Miqrasiya Xidməti fəaliyyətini şəffaf prinsiplər əsasında həyata keçirir. İctimai Şura məhz bu strategiyaya əsaslanaraq, faydalı təklifləri ilə Xidmətin işinə öz töhfəsini verib.



Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev İctimai Şuranın Dövlət Miqrasiya Xidməti ilə cəmiyyət arasında körpü rolunu oynadığını vurğulayıb. Qeyd edib ki, İctimai Şura Xidmət tərəfindən ictimai nəzarətin həyata keçirilməsini təmin edir. Bu da istər vətəndaşların, istərsə də əcnəbilərin problemlərinin həllində müsbət rol oynayır.



Daha sonra Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov hesabatla çıxış edib. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının genişləndirilməsi, onların qanuni mənafelərinin daha mükəmməl qorunması və miqrasiya proseslərinin təkmilləşdirilməsi ilə əlaqədar DMX-yə təqdim olunan 10-dan artıq layihədən 600-dək miqrantın yararlandığını bildirib.



Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, “Vətəndaşların sosial rifahı naminə” İctimai Birliyinin sədri İradə Rzazadə və “Aktor.az” saytının baş redaktoru Telman Məmmədov İctimai Şuranın fəaliyyətinin mühüm tərəflərindən söhbət açaraq, görülən işləri müsbət qiymətləndiriblər. Sonda Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov DMX yanında İctimai Şuranın üzvlərini səmərəli əməkdaşlığa görə fəxri fərmanla təltif edib.

Azvision.az


Teqlər:





Xəbər lenti