Bu sudan təyinatdankənar istifadə qadağan olunur

  22 İyun 2019    Oxunub : 682
 Bu sudan təyinatdankənar istifadə qadağan olunur
Yanğından mühafizə ehtiyacları üçün götürülən sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağan olunur.
Azvision.az xəbər verir ki, bununla bağlı Su Məcəlləsinə əlavə və dəyişiklik edilir.

Məcəllənin 80-ci (Su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadə) maddəsinə edilən əlavədə qeyd olunub ki, yanğından müdafiə ehtiyacları üçün götürülən sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağan olunur.

Dəyişikliyə əsasən, yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən tələb olunan həcmdə və ödənişsiz su götürülməsinə yol verilir. Hazırda qüvvədə olan hissə isə belədir: "Yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən su götürülməsinə yol verilir".

Digər dəyişikliklə su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri artırılıb. Sudan istifadəyə görə güzəşt və azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya görə tətbiq edilir:

1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən orqanın emal edilməmiş su ilə təmin edilməsi,

2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən içməli su təchizatı,

3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.

Bildirilib ki, bu layihə təbii su mənbələrindən götürülən suya görə güzəşt və azadolma hallarını müəyyən etmək, o cümlədən su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sudan istifadəyə görə güzəşt və azadolmaların tətbiqi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar üçün nəzərdə tutulur və emal olunmamış sudan istifadə edən orqanların su mənbələrindən haqq ödəmədən və ya güzəştlə su əldə etməsinə və nəticədə göstərilən xidmətin rentabelliyinin artırılmasına, sudan enerji mənbəyi kimi istifadənin (alternativ enerjinin) stimullaşdırılmasına, eləcə də istilik elektrik stansiyalarının daha səmərəli şərtlərlə su əldə etməsinə yönəlib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Su   Məcəllə