Daxili Qoşunların Ali Hərbi Məktəbində məzun buraxılışı

Daxili Qoşunların Ali Hərbi Məktəbində məzun buraxılışı
  22 İyun 2019    Oxunub:6009
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin məzunlarının ikinci buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə Ali Hərbi Məktəbin döyüş bayrağı sıra meydanına gətirilib. Sonra ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçmiş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Respublikasının dövlət himni səsləndirilib.

Nazir müavini – Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov təntənəli mərasimdə çıxış edərək Ali Hərbi Məktəbin ikinci buraxılışının Qоşunlаrın həyatında ən əlamətdar günlərdən biri olduğunu bildirib. O deyib ki, milli hərbi kаdrlаrın hаzırlаnmаsı istiqamətində təməli ümummilli lider Hеydər Əliyеv tərəfindən qоyulmuş siyasəti bu gün Аzərbаycаn Rеspublikаsının Prеzidеnti, Silаhlı Qüvvələrin Аli Bаş Kоmаndаnı İlhаm Əliyеv uğurlа dаvаm еtdirir. Məhz Daxili Qoşunların kadr potensialının daha da gücləndirilməsi məqsədilə dövlətimizin başçısının 2011-ci il 25 fevral tarixli Sərəncamı ilə Orta İxtisas Hərbi Məktəbinin bazasında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi yaradılıb.

Qeyd olunub ki, ölkəmizdə aparılan quruculuq işləri və islahatlar Daxili Qoşunların hərbi hissələri ilə bərabər Ali Hərbi Məktəbin də inkişafına təkan verib, müasir tələblətə cavab verən kadr potensialı formalaşıb, zəruri maddi-texniki tədris bazası formalaşdırılıb. Fəaliyyətin müasir standartlara uyğun təşkili məqsədilə hazırda Ali Hərbi Məktəbdə kompüterləşdirilmiş zəruri texniki və əyani vasitələrlə tam təchiz olunmuş auditoriyalar, siniflər, fənn kabinetləri, təlim şəhərcikləri yaradılıb. Gələcəyin zabitlərinin intellektual səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən kitabxana, xüsusi guşələr və xarici dil mərkəzi fəaliyyət göstərir.

Ali Hərbi Məktəbin yaradılmasında və sonrakı fəaliyyətində Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarm Komandanlığının zabit heyətinin böyük əməyi olub. Hazırda qardaş ölkənin təcrübəli zabitlərindən ibarət pedaqoji heyət yüksək ixtisaslı zabit kadrların hazırlanmasında fəal iştirak edir və əminliklə demək olar ki, bu təhsil müəssisəsi inkişaf etmiş dövlətlərin analoji təhsil ocaqları ilə rəqabət aparacaq səviyyədədir.

Daxili Qoşunlar üçün yüksək ixtisaslı kadrların hazırlanmasında danılmaz roluna, təmənnasız yardımlarına görə Jandarma Qüvvələri Baş Komandanlığına, hərbi mütəxəssislərinə, o cümlədən təntənəli mərasimdə iştirak edən ölkənin Jandarm və Sahil Təhlükəsizlik Akademiyasının rəisi, general-leytenant Hüseyin Kurtoğluna təşəkkürünü bildirən nazir müavini Ş.Məmmədov əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam və inkişaf etdiriləcəyini bildirib.

Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran general-leytenant Şahin Məmmədov onları əlamətdar hadisə münasibətilə təbrik edib, bu təhsil ocağında komandir peşəsinə yiyələnməklə gənc zabitlərin liderlik, cəsurluq, fədakarlıq, dürüstlük kimi keyfiyyətlər qazandıqlarını, peşələrini sevən, müasir düşüncəyə sahib zabitlər kimi formalaşdıqlarını xatırladaraq onların аrtıq hаzırlıqlı və pеşəkаr hərbçilər kimi Daxili Qoşunların sıralarında xidmətlərini uğurla davam etdirəcəklərinə, Qoşunların döyüş ənənələrinə sadiq qalacaqlarına əminliyini bildirib.

Daha sonra Ali Hərbi Məktəbi əla qiymətlərlə bitirmiş iki məzuna – Rafiq Mikayılova və Vaqif Abadova fərqlənmə diplomları və “leytenant” hərbi rütbələrinin paqonları təqdim edilib.

Gənc zabit R.Mikayılov “Yaş kötüyü”nə rəmzi xatirə lövhəsini vurub.

Döyüş bayrağı üçüncü kursun kursantlarına təhvil verilib. Ali Hərbi Məktəbin marşı ifa edilib. Sonda şəxsi heyət təntənəli marşla tribunanın qarşısından keçib.

Azvision.az


Teqlər:





Xəbər lenti