Dövlət qulluqçularının peşə bayramıdır

  23 İyun 2019    Oxunub : 1970
 Dövlət qulluqçularının peşə bayramıdır
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.

Azvision.az xəbər verir ki, dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.

Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.

Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir.

Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.

“Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə çox mükəmməl bir hüquqi akt yaradılıb. Ölkədə idarəçiliyin təşkilində mühüm rol oynayan bu aktlarla dövlət qulluqçularının etik davranış qaydaları, icbari sığortası, pensiya təminatı və digər məsələlər tənzimlənir. Dövlət quruculuğu məsələlərinə böyük əhəmiyyət verən dövlətimizin başçısı növbəti prezident seçkilərindən sonra 2 mindən çox fərman və sərəncam imzalayıb. İdarəetmə sahəsində aparılan islahatlar nəticəsində idarəetmə strukturunun təkmilləşdirilərək çevik mexanizmin yaradılması xüsusi diqqət yetirilən vacib məsələlərdən biridir. Son dövrdə bir çox dövlət qurumlarının statusu yenilənərək onlara publik hüquqi şəxs statusu verilib, bununla da onların həm hüquqları genişləndirilib, həm məsuliyyəti artırılıb və həm də müvafiq sahələrin idarə edilməsində daha fəal iştirakı təmin edilib.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş surətdə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır. Bu plan əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyən edilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması, kadr qurumlarının işçilərin sayına mütənasib olaraq təşkili, bu qurumların nümunəvi əsasnaməsinin hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı və təhsili, onların məlumat bazalarının və reyestrinin yaradılması, dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının, statusunun müəyyən edilməsi və digər məsələlər öz həllini tapır və tapacaq. Müvafiq sənəddə bu sahədə hər bir dövlət qurumunun vəzifələri konkret müəyyənləşdirilərək lazımi tapşırıqlar verilib.

Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır. Bu cəhətdən “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli Fərmanını qeyd etmək lazımdır. Bu sənəd dövlət qulluqçularının hüquqlarının qorunmasında və məsuliyyətinin artırılmasında mühüm rol oynayacaq. Bu nümunədə tərəflər haqqında məlumat, əmək müqaviləsinin müddətləri, dövlət qulluqçusunun əmək funksiyaları, qulluq şəraitinə, dövlət məvacibinə, əməyin mühafizəsinə, iş və istirahət vaxtına, məzuniyyətə, bədən tərbiyəsi və idmana dair şərtlər, birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti, sosial müdafiə məsələləri, mülkiyyət münasibətlərinin tənzimlənməsi, əmək müqaviləsində dəyişiklik edilməsi və ona xitam verilməsi barədə müddəalar var.

Azərbaycanda dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsini və onlara tapşırılan mürəkkəb vəzifələrin daha yaxşı yerinə yetirilməsini təmin etmək üçün bu kateqoriyadan olan insanların sosial müdafiəsinin yaxşılaşdırılması da ölkə Prezidentinin daim diqqət göstərdiyi məsələlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il iyunun 18-də imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqının 250 manata çatdırılması, demək olar ki, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılması hamını, o cümlədən dövlət qulluğunda çalışan insanları son dərəcə sevindirib və təbiidir ki, daha yaxşı çalışmağa ruhlandırıb. Qeyd olunmalıdır ki, bu artımlar respublikada orta əməkhaqqının və pensiyaların miqdarına da müsbət təsir göstərib, bütövlükdə 2 milyona qədər vətəndaşı əhatə edib və bunun üçün büdcədən 1 milyard manata yaxın vəsait ayrılıb.

Ölkənin idarə olunmasında və inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının sayı da həmişə diqqəti cəlb edən məsələlərdən biridir. 2019-cu il yanvarın 1-nə olan məlumata görə, hazırda ölkədə dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir. Aparılan islahatlar nəticəsində dövlət qulluqçularının sayı 0,7 faiz azalıb. Ümumiyyətlə, dövlət qulluqçularının 28,5 faizini qadınlar təşkil edir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü göstərir ki, bu sahədə çalışanların orta yaş həddi 43 ildir. 35-44 yaşda olan dövlət qulluqçuları 26,3 faiz təşkil edirsə, 63-64 yaşda olanlar cəmi 2,9 faizdir. Bu rəqəmlər gənclər üçün zəngin təcrübə məktəbindən bəhrələnmək imkanı olduğunu sübut edir.

Bütövlükdə Azərbaycanda dövlət qulluqçuları ölkənin məşğul əhalisinin çox cüzi bir hissəsini – 0,6 faizini təşkil edir. Bu rəqəm digər ölkələrlə müqayisədə xeyli azdır. Odur ki, bu sahədə çalışanların hazırlıq səviyyəsinin və iş keyfiyyətlərinin yüksək olması çox vacibdir. Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, kreativ düşüncə tərzi ilə, ən başlıcası Vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür.

Azvision.az

Teqlər: Dövlət-Qulluqçusu   Peşə-Bayramı