Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilir

  15 İyul 2019    Oxunub : 700
Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilir
Naxçıvan Qarnizonu qoşunlarında ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.
Azvision.az xəbər verir ki, Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Vətənə xidmətlə keçən həyatı və siyasi fəaliyyəti barədə ətraflı danışıblar. Bildiriblər ki, Ümummilli Liderin rəhbərliyi, uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində güclü müdafiə qüdrətinə və peşəkar döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Fəxrlə deyə bilərik ki, ordu sıralarında xidmət edən gənclərimiz ulu öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən sənədli filmə baxış olub.

Silsilə tədbirlərin davamı kimi nümunəvi xidməti ilə fərqlənən əsgərlərimizin bir qrupu Heydər Əliyev Muzeyini ziyarət edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu Öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar bu gün burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ulu Öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada Ulu Öndərin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.

Azvision.az

Teqlər: Naxçıvan   Qarnizon   Qoşun