STM-in fəaliyyət istiqamətləri müəyyənləşib

STM-in fəaliyyət istiqamətləri müəyyənləşib
  16 İyul 2019    Oxunub:1836
Bu il fevralın 8-də Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzi müvafiq inzibati-təşkilati, struktur məsələlərinin həll edilməsi sahəsində işlərin görülməsinə başlayıb. Bu il aprel ayının 12-də Mərkəzin fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən Nizamnamə ölkə başçısı tərəfindən təsdiq edilib. Mərkəzin fəaliyyətini təmin edən inzibati prosedurların müəyyən edilməsi, təşkilati məsələlərin, zəruri strukturun, müvafiq tədqiqat şöbələrinin yaradılması, həmçinin, ən başlıcası- peşəkar kadr korpusunun formalaşdırılması kimi zaman tutumlu məsələlər demək olar ki, əhəmiyyətli dərəcədə həll edilib.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ötən müddətdə Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi fəaliyyət sırasında-ölkə miqyasında sosial tədqiqatların və ictimai rəylə bağlı aparılan işin, mövcud struktur və institutların ümumi mənzərəsi təhlil edilib, bu sahədə əlaqələndirmə və sıx koordinasiyaya olan ehtiyacın aradan qaldırılması sahəsində tədbirlər sisteminin hazırlanmasına başlanılıb. Ölkədə sosial-iqtisadi, siyasi və s. proseslərin dinamikası haqda mötəbər məlumat data bazasının yaradılması qarşıdakı vacib vəzifələrdən hesab edilir.

Həmin məsələlərlə yanaşı, xüsusilə vurğulanmalıdır ki, yaradıldığı vaxtdan Mərkəzdə aktual problemlərə həsr edilən təklif və tövsiyələri əks etdirən elmi təhlillərin hazırlanması üzərində mütəmadi iş aparılır. Cəmiyyətdəki sosial proseslər və dinamika ilə bağlı təhlillər rəhbər və qərar qəbul edən şəxslərə, müvafiq dövlət qurumlarına, idarəetmə orqanlarına yönəldilir. Həmçinin, Mərkəz bu ilin ikinci yarımili üçün Nizamnamə ilə müəyyən edilən vəzifələri həyata keçirmək üçün ən aktual sosial məsələlərin elmi tədqiqat konsepsiyasını-fəaliyyət planını hazırlayıb.

Mərkəzin elmi-fəaliyyət planında ümumdövlət və ictimai əhəmiyyətli sosial məsələlərin təhlili nəzərdə tutulub. Onların sırasında ictimai-siyasi proseslərin mütəmadi təhlili ilə yanaşı, məmur-vətəndaş münasibətlərinin vəziyyəti və təkmilləşməsi yolları, sosial təbəqələşmə, regionlarda sosial proseslər, gənclərin və digər həssas qrupların sosial problemləri, özünüməşğulluq məsələsinin monitorinqi və səmərəliliyi, əhalinin gəlirləri arasında fərqlər, ailə institutunun və mənəvi dəyərlərin sosial aspektləri, cəmiyyətdə dialoq mühitinin formalaşdırılması yolları, yaşlı vətəndaşlara qayğı təminatının qanunvericilik bazasının təhlili, paytaxt şəhərdə urbanistika və aqlomerasiyanın formalaşmasının sosial amilləri, sosial gərginlik meyillərinin səbəbləri və xüsusiyyətləri, informasiya texnologiyaları və sosial proseslər, süni intellekt fenomeninin sosial aspektləri, cəmiyyətə təsirinin nəticələri və s. tədqiqatları qeyd etmək olar.

Sosial Tədqiqatlar Mərkəzi ictimai rəyin öyrənilməsi ilə əlaqədar 6 sosioloji tədqiqat və rəy sorğusunun keçirilməsini başa çatdıraraq onların üzərində son hesabat və tamamlama tədbirlərini həyata keçirir. Onlardan müxtəlif sosial təbəqələrin islahatlar prosesinə, dövlət başçısının sosial siyasətlə bağlı irimiqyaslı sərəncamlarına münasibəti və gözləntiləri, təhsilin sosioloji məsələləri və son tələbə qəbulunun iki mərhələli modelinə müxtəlif hədəf qruplarının münasibəti, sosial inkişaf və rifahın göstəriciləri, Azərbaycanda daxili miqrasiya proseslərinin xüsusiyyətləri ilə bağlı araşdırmalar Mərkəz tərəfindən geniş ictimaiyyətə təqdim olunacaqdır.

Mərkəz beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti əsas məramlarından biri kimi dəyərləndirərək bir çox nüfuzlu beyin mərkəzləri və tanınmış tədqiqat cəmiyyətləri ilə tərəfdaşlıq əlaqələri yaratmağa nail olub. Hazırda Mərkəzdə dövri elmi jurnalın nəşri ilə əlaqədar işlər görülür, rəsmi qeydiyyat prosedurları başa çatmaq üzrədir.

Azvision.az


Teqlər: STM  





Xəbər lenti