Şahə qalxan Qarabağ atı və milyonluq layihələr - REPORTAJ

  16 İyul 2019    Oxunub : 4361
 Şahə qalxan Qarabağ atı və milyonluq layihələr - REPORTAJ
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin Ağcabədi, Tərtər rayonlarına və Gəncə şəhərinə mediaturu təşkil edilib. İnfotur çərçivəsində kənd təsərrüfatının müxtəlif sahələrində olan yeniliklər və aqrar sahədə kadrların hazırlanması barədə məlumat verilib.
Azvision.az xəbər verir ki, KİV nümayəndələri əvvəlcə Ağcabədi rayonunda ötən il istifadəyə verilən Qarabağ Atçılıq Kompleksində olub. Azərbaycanın milli sərvəti olan Qarabağ atları dünyada ən qədim mədəni at cinslərindən olmaqla, əsrlər boyu aparılan хalq seleksiyası sayəsində bu bölgədə formalaşıb. Kompleksin direktoru Maarif Hüseynov bildirib ki, kompleks Ağdamın Eyvazxanlı kəndində atçılıq kompleksinin əsasında yaradılıb.



"Hələ o zamanlardan ermənilər çalışırdı ki, Qarabağ atını özününküləşdirsinlər. Bir neçə dəfə Qarabağ atlarını silah zoruna aparmaq istəyirdilər. O zaman atları Ağdamın Üçoğlan kəndində quşçuluq fermasında gizlətdik deyə gəlib tapa bilmədilər. Yəni Qarabağ atlarını ermənilərə vermədik".



O bildirib ki, Qarabağ Atçılıq Kompleksində 245 baş Qarabağ cinsindən olan at saxlanılır. Bunlardan 6 başı törədici ayğır, 60 başı ana madyan damazlıq, 61 başı 2019-cu ildə alınan balalardır. Qalanları isə cavan və orta yaşda olan dişi və erkən atlardır. Atların qiyməti 2 min manatdan başlayaraq 10 min manata qədər artır. Lakin burada elə ayğırlar var ki, onlar qiymətsizdir. Satılsa belə, o atların qiyməti 60 min manatdan aşağı olmaz. İldə 25 baş atın satışı nəzərdə tutulur. Artım isə 50 baş olur. Atlar təbii cütlüklə artırılır”.

M.Hüseynov axırıncı dəfə 3 il əvvəl at belində olduğunu deyib. “O zaman atları sahəyə çıxarıb baxırdıq. Hazırda yaşla əlaqədar at belinə qalxmıram”.



Kompleksdə atları seyr etdikdə sonra yolumuz Tərtərədir. Burada 130 hektar ərazidə intensiv bağçılıq təsərrüfatı qurulub. Bağda armud, şaftalı, nar, nektarin, gilas, alma meyvələri, badam da yetişdirilir.



“Aqropat” MMC-nin direktoru Elçin Maqsudov bildirib ki, bağ üçün tingilərin çoxu Türkiyədən, bəziləri isə İspaniyadan gətirilib: “Bu il birinci olduğu üçün məhsuldan satış gözlənilmir. Bu il yetişən məhsul eksperiment olunur. Gələn ildən isə bu məhsul bazara çıxarılacaq. Bağda ağaclara hər dərman vurulmur, istifadə olunan dərmanlar isə sertifikatla alınıb. Ağaclar damla sulama ilə suvarılır. Bağın yüksək məhsuldarlıq ömrü 15 il nəzərdə tutulub”.



O qeyd edib ki, bu il az miqdarda ərik, alça, armud, xurma, şaftalı yerli bazara çıxarılıb. Qiymətlər isə elə də baha təklif olunmayıb.

“Məsələn sahədə göycə alçası 2.50 manat - 3 manata, şaftalı 1 manat - 1.30 manat, ərik 1.50 manata satılıb. Gələcəkdə bağın məhsulunun Rusiya bazarına daha çox çıxarılması nəzərdə tutulur".



E.Maqsudov bağın layihə dəyərinin 5.3 milyon manat olduğunu deyib: “Bunun 1.6 milyon manatı Sahibkarlığınm İnkişafı Fondundan güzəştli kredit ilə alınıb. Bağ üçün texnikaları, alaq, dərman aparatlarını da dövlətin güzəştli kredit ilə almışıq. Burada daimi işləyən və mövsümü işləyən işçilər var. İşlçilərin əmək haqları ölkədə minumum əmək haqqından yüksəkdir. İşçilər 350 manatdan yuxarı əmək haqqı alır. Gələcəkdə meyvə emalından alınan məhsulların istehsalı da nəzərdə tutulur”.



Jurnalistlər daha sonra Azərbaycan Dövlət Aqrar Universitetində olub. Bizi səmimi qarşılayan unversitetin rektoru İbrahim Cəfərov bildirib ki, gələn il ali təhsil müəssisəsinin 100 illik yubileyi keçiriləcək. Bununla bağlı artıq məsələ qaldırılıb. O, universitetlə tanışlıq zamanı bildirib ki, son 3 ildə universitetin maddi texniki bazasının güclənməsi üçün 50 milyon manatdan artıq vəsait xərclənib.



“Ötən il tədris korpusunun tikintisinə 5 milyon manat, bu il isə 14 milyon manatdan çox vəsait ayrılıb. Yeni tədris korpusu cari ilin sonunadək təhvil veriləcək. Universitet üçün 2 yataqxana tikilib ki, onların hər birinin inşasına təxminən 15 milyon manat vəsait yatırılıb. 514 otaqlı yataqxanada 1040 nəfər yerləşdirilir. Hər yataqxanada 257 otaq var ki, bunların 6-ı 3 nəfərlik, qalanları isə 2 nəfərlik otaqlardır”.



Rektor bildirib ki, cari ildə universitetin nəzdində peşə məktəbinin tikintisinə 3 milyon manat vəsait ayrılıb.

“Bundan başqa, biologiya sahəsində gen mühəndisliyi böyük önəm kəsb edir. Bunun üçün də 3 milyon manat vəsait ayrılıb ki, onun 1 milyon manatı binanın təmirinə, 2 milyon manatı isə ora lazım olan avadanlığın alınmasına sərf ediləcək".



İ.Cəfərov qeyd edib ki, sentyabr ayının 15-də molekulyar biologiya mərkəzi də tikilib istifadəyə veriləcək. Təmir emalatxanası üçün 400 min manat investisiya ayrılıb.

“Azərbaycanın ən yaşlı tələbəsi burada təhsil alır. Xaçmaz rayonundan olan 52 yaşlı Əfsəl Qazıyev 437 manat təqaüd alır. Ötən il Azərbaycana gətirilən 12 ədəd torpaq laboratoriyasından biri Aqrar Universitetdədir. Bu laboratoriya universitetə gəlir gətirir. Bu gün bizim 50 başdan artıq cins malımız, 2 fermamız var.



Aqrar sahədə magistr təhsilini inkişaf etdirmək istəyirik. Məsələn, yaxşı aqro kimyaçı müəllim üçün 1200 manatlıq əmək haqqı ilə elan vermişik, 6 ayda bir nəfər gəlməyib. Buna görə müəllim kadrları yetişdirmək istəyirik”.



Daha sonra media nümayəndələri Universitet şəhərciyində olub. Burada tədris korpusu, tələblərinin tədris şəraiti və yataqxana ilə tanış olublar.

































Aytən Zəhra
Foto Şahin Sərdərov

Azvision.az

Teqlər: KTN   Mediatur