"Keşikçidağ mağaraları hər zaman Azərbaycan ərazisi olub" - Xələf Xələfov

   "Keşikçidağ mağaraları hər zaman Azərbaycan ərazisi olub" -    Xələf Xələfov
  17 İyul 2019    Oxunub:2444
Dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini-mədəni və sair qeyri-hüquqi faktlar əsas təşkil edə bilməz. Keşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub.
Azvision.az AzərTac-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov Keşikçidağ mağaralar kompleksi ərazisində bir qrup şəxs tərəfindən Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu, eyni zamanda, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib.

"Buna görə də hüquqi baxımdan qeyd edilən sahə ilə bağlı hər hansı mübahisədən və ya iddiadan söhbət gedə bilməz. Eyni zamanda, bu sahə də razılaşdırılmayan digər sahələr kimi delimitasiya çərçivəsində razılaşdırılmalı, iki dövlət arasında imzalanacaq dövlət sərhədinə dair müqavilədə təsbit olunmalıdır".

Növbəti mərhələdə komissiyalar çərçivəsində hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur? sualını isə X.Xələfov belə cavablandırıb: "Təəssüf hissi ilə qeyd etməliyəm ki, Gürcüstan və Azərbaycan komissiyalarının işində uzun fasilələr olub. Bu fasilələrə səbəb partnyorların tez-tez dəyişməsidir. Azərbaycan tərəfi komissiyaların iclaslarının davamlı və ardıcıl olması üçün səylər göstərib.

Bu il mayın 23-24-də Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə növbəti 12-ci iclasda komissiyaların işçi qrupları səviyyəsində dövlət sərhəd xəttinin razılaşdırılmamış sahələrinə yerində baxış və müvafiq ölçmə işlərinin aparılması barədə razılıq əldə olunub və tərəfimizdən bu işlərin cari ilin avqust ayının ikinci yarısında həyata keçirilməsi təklif edilib. Həmin görüşün nəticələrinə görə, komissiyaların növbəti iclasının Gürcüstanda keçirilməsi nəzərdə tutulur".

Azvision.az


Teqlər: Xələf-Xələfov   Gürcüstan  





Xəbər lenti