DYP-dən avtomobil sahiblərinə xəbərdarlıq

 DYP-dən avtomobil sahiblərinə xəbərdarlıq
  17 İyul 2019    Oxunub:3702
Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edib.
İdarədən Azvision.az -a verilən məlumata görə, bir çox hallarda avtomobil sahibləri təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən nəqliyyat vasitəsinin açarlarını da məntəqə işçilərinə verərək oranı tərk edirlər. Belə hallar isə bəzən həmin məntəqələrdə çalışan və adətən gənc, hərəkətlərinin məsuliyyətinin fərqinə varmayan bir sıra insanlara sahibi yanında olmayan nəqliyyat vasitələrindən qanunsuz istifadə etmək fürsəti yaradır:

“Müştərilərin etibarından sui-istifadə etməklə yanaşı, qanunvericiliyin də tələblərini kobud şəkildə pozaraq onlara həvalə edilmiş avtomobili qaçıraraq idarə edən belə gənclər tərəfindən bir sıra hallarda insanların həlak olması, yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri törədilir. Bununla yanaşı, bəzən xidmət göstərməli olduqları nəqliyyat vasitələrindən oğurluq edən, onlardan öz əmlakı kimi istifadə edən şəxslərə də rast gəlinir.

Odur ki, avtomobil sahiblərinə müraciət edərək tövsiyə edirik ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin”.

Azvision.az


Teqlər: DYP  





Xəbər lenti