“Hərbi qulluqçuların fərdi tərbiyəsinə diqqət yetirilir” - Kərim Vəliyev
Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev toplantıda çıxış edərək qeyd edib ki, 2019-cu tədris ilinin birinci yarımili ərzində əvvəlcədən təsdiq olunan planlar həyata keçirilib. Nazir müavini hərbi qulluqçuların fərdi tərbiyəsinə xüsusi diqqət yetirildiyini, onların hərbi kollektivdə şəxsiyyət kimi formalaşması üçün məqsədyönlü tərbiyəvi tədbirlər həyata keçirildiyini vurğulayıb. “Bu işdə daha yüksək nəticələrin əldə olunması üçün ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinləri və psixoloqlar daha məsuliyyətli olmalı, peşə vərdişlərinizi daima artırmalısınız. Əminəm ki, siz növbəti tədris dövründə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələcək və öz bacarıqlarını əsirgəməyəcəksiniz”, - deyə general-leytenant K.Vəliyev bildirib.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Rasim Əliyev ötən yarımil ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji təminat, hərbi intizamın yüksəldilməsi, hərbi qulluqçuların asudə vaxtının düzgün təşkili, sosial müdafiəsinin gücləndirilməsi və digər sahələrdə görülmüş işlər barədə ətraflı çıxış edib.
Sonra orduda ideoloji iş və mənəvi-psixoloji təminatın səviyyəsinin artırılması, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində komandir heyətinin məsuliyyəti, hərbi intizamın möhkəmləndirilməsi, hərbi xidmətdə təhlükəsizliyin təmin edilməsi və digər mövzularda müzakirələr aparılıb və növbəti yarımildə qarşıda dayanan əsas vəzifələrdən danışılaraq müvafiq tapşırıqlar verilib.
Azvision.az