Polis Yay Olimpiya Festivalı zamanı gücləndirilmiş rejimdə işləyəcək

  17 İyul 2019    Oxunub : 1063
 Polis Yay Olimpiya Festivalı zamanı gücləndirilmiş rejimdə işləyəcək
İyulun 21-dən 27-dək Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar.
Azvision.az -ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev bildirib ki, festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək. Onun sözlərinə görə, yarışlarda iştirakçıların və qonaqların, tamaşaçıların təhlükəsizliyi baxımından müvafiq tədbirlər görülüb. Belə ki, ictimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları yarış keçirilən müddətdə gücləndirilmiş iş rejimində çalışacaq.

"Təhlükəsizliyin təmini məqsədi ilə yarışların keçiriləcəyi əraziyə velosipedlər, skeytbordlar, skuterlər, təhqiredici, eləcə də təxribat xarakterli dini-siyasi şüarlar, narkotik tərkibli və psixotrop dərmanlar, soyuducu qutuları, piknik və böyük çantalar, zəhərli-toksiki və tezalışan mayelər və maddələr, ətrafa ziyan verə biləcək və ictimai narahatlıq yaradan hər bir cihaz, spirtli içkilər, heyvanlar, içki konteynerləri, uşaq yeməkləri istisna olmaqla digər yeməklər, hər növ silahlar, fişənglər, fənərlər, lazer işıqları, musiqi alətləri və səs cihazları, video çəkən cihazlar, obyektivi 30 santimetrdən uzun olan fotokameralar, stul, kürsü və dronlar gətirmək qadağandır".

Azvision.az

Teqlər: DİN   İdamn