6 ayda miqrasiya sahəsində görülən işlər - HESABAT (VİDEO+FOTOLAR)

   6 ayda miqrasiya sahəsində görülən işlər -    HESABAT (VİDEO+FOTOLAR)
  18 İyul 2019    Oxunub:8365
Bu gün Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə bu ilin 6 ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov miqrasiya sahəsində görülən işlər barədə ətraflı məlumat verib.



V.Hüseynob bildirib ki, ötən dövr ərzində möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında ölkə iqtisadiyyatının hərtərəfli inkişafı təmin edilib, şəffaflıq və vətəndaş məmnunluğunun artırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilib. Həyata keçirilən tədbirlər miqrasiya sahəsinin inkişafına da öz müsbət təsirini göstərib. Dövlət Miqrasiya Xidməti də fəaliyyətini dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun şəkildə davam etdirib.



Miqrasiya qanunvericiliyinə edilən dəyişikliklərdən bəhs edən Xidmət rəisi deyib ki, Milli Məclis iyunda Miqrasiya Məcəlləsi və "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikləri qəbul edilib və qanun artıq təsdiqlənmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib: “Hazırda Azərbaycanda iki il yaşayan şəxs, hansı dövrdə yaşamasından asılı olmayaraq, daimi yaşamaq üçün müraciət edə bilirdi. Amma yeni qanunvericiliyə görə, şəxs ardıcıl iki il ölkədə yaşadıqdan sonra icazə almaq üçün müraciət edə bilər. Bu dəyişiklik daimi yaşamaq icazəsi almaq istəyən şəxslərin ölkəyə daha da bağlılığını göstərir.



Xidmət rəisi qeyd edib ki, Məcəlləyə edilən dəyişikliklərdə digər əsas yenilik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətinin artırılmasıdır: "Mövcud qanuna görə, vizanın uzadılması ilə bağlı 4 hal nəzərdə tutulurdu. Məcəllənin yeni variantında isə bu hallara biri də artırılır. Belə ki, müvəqqəti olma müddətinin uzadılması üçün şəxsin ailə üzvləri də müraciət edə bilərlər. Müvəqqəti yaşamaq üçün icazənin alınması üçün şəxsin bank hesabında 100 min manat məbləğində vəsait olmalı idi. Mövcud Miqrasiya Məcəlləsinə əsasən də əcnəbinin Azərbaycanda bank hesabında 100 min manat vəsait varsa, həmin şəxs ölkədə müvəqqəti yaşama icazəsi ala bilər. Lakin bundan sui-istifadə hallarına da yol verilə bilər. Yeni qanunvericilikdə buna nəzarət imkanları genişləndirilir. Qanuna görə, 100 min manat artıq əmanət müqaviləsi əsasında yerləşdirilməlidir. Bankdan bununla bağlı məktub göndərilir, çünki bank tərəfindən DMX-yə müəyyən məlumatlandırma həyata keçirilməlidir".

V.Hüseynov bildirib ki, digər problem yaşama və iş icazələri vəsiqələri hazır olduqdan sonra onların uzun müddət əcnəbilər tərəfindən götürülməməsi ilə bağlı idi: "Yeni dəyişikliyə görə, 1 ay müddətində bu vəsiqələr götürülmədikdə həmin ərizələr qüvvədən düşmüş hesab ediləcək. Buna müraciət edən əcnəbilər diqqət etməlidirlər".



Xidmət rəisi daha sonra cari ilin I yarımili ərzində görülən işləri və statistik məlumatları açıqlayıb. Bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin l yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşayanlarda 0.4 faiz, iş icazəsi alanlarda 14 faiz, qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım müşahidə olunur.

Onun sözlərinə görə, bu müddət ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilən qərarların sayında 34 faiz azalma var: "Qurum tərəfindən vətəndaş məmnunluğu sahəsində görülən işlərin nəticəsidir ki, vətəndaş müraciətlərinin sayında 8 faiz azalma qeydə alınıb. Hesabat dövründə "Çağrı mərkəzi"nə daxil olmuş zənglərin sayı isə 53.303 olub".



O deyib ki, bu ilin 6 ayında qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə 86 müraciət olub: “Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 müraciət çoxdur. Həmin ölkələr Liviya, Əfqanıstan, Pakistan və İrandır".
V.Hüseynov bildirib ki, bu il Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul olunub: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə daimi yaşamaq üçün icazə almaq istəyənlərin sayında 31 faiz azalma müşahidə olunub. Bu icazələr üçün əsasən Gürcüstan, Rusiya, Türkiyə, İran, Ukrayna və digər ölkələrin vətəndaşları müraciət edib".

Xidmət rəisinin sözlərinə görə, Azərbaycanda daimi yaşamaq üçün 1 694 nəfərə icazə verilib ki, onlardan 347 nəfəri Gürcüstan, 225 nəfəri Rusiya, 95 nəfəri Türkiyə, 43 nəfəri Ukrayna və İran vətəndaşlarıdır. V.Hüseynov bildirib ki, Azərbaycanda qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilənlərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalıb: “Ötən il qanunsuz miqrantların saxlama mərkəzlərinə 899 miqrant, bu il isə 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrdəndir”.



Readmissiya sahəsində görülən işlərdən danışan Xidmət rəisi deyib ki, 2014-cü ilin sentyabrından indiyədək ölkəyə 1 211 şəxs readmissiya edilib. Bu, əsasən Avropa ölkələrindən olub: “Bu şəxslər xarici ölkələrdə yaşamaq üçün müraciət ediblər, nəticə əldə edilə bilməyiblər. Dövlət Miqrasiya Xidməti onlar geri qaytarıldıqdan sonra ehtiyaclarının öyrənilməsi istiqamətində işlər görür. Bura səhiyyə, təhsil və s. aiddir".

Sonda Xidmət rəisi media nümayəndələrinin suallarını cavablandırıb.



Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Konfrans   DMX  





Xəbər lenti