Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək

   Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
  19 İyul 2019    Oxunub:1516
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Məmmədağa Şirəliyevin 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək və Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Sərəncamda, həmçinin bildirilir ki, 2019-cu ilin sentyabr ayında görkəmli dilçi alim, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəli oğlu Şirəliyevin anadan olmasının 110 illiyi tamam olur.

Akademik Məmmədağa Şirəliyev mühüm elmi əhəmiyyətə malik sanballı tədqiqatları ilə Azərbaycan dilçiliyini zənginləşdirmiş, onun bir çox istiqamətlərinin müəyyənləşməsi və formalaşmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Alimin dilçiliyin aktual problemlərinin öyrənilməsində, xüsusən Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanılmasında müstəsna rolu vardır. Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərinin tərtibi Məmmədağa Şirəliyevin adı ilə bağlıdır. SSRİ Elmlər Akademiyasının Bakıda iyirmi ilə yaxın bir dövr ərzində Məmmədağa Şirəliyevin rəhbərliyi altında işıq üzü görən “Sovetskaya tyurkoloqiya” jurnalı bu səpkidə yeganə nüfuzlu nəşr olub, beynəlxalq elm məkanında dünya türkoloqlarının mötəbər tribunasına çevrilmişdir.

Alim respublikada və onun hüdudlarından kənarda filoloqların yeni nəslinin müasir elmi-nəzəri biliklərə dərindən yiyələnməsi üçün var qüvvəsini əsirgəməyərək uzun illər ali təhsil ocaqlarında dilçilik kursu üzrə mühazirələr oxumuş, həmçinin yüksəkixtisaslı dilçi kadrların hazırlanması işinə böyük əmək sərf etmişdir. Məmmədağa Şirəliyev, eyni zamanda, mövcud elmi potensialdan daim ölkənin və xalqın mənafelərinə uyğun səmərəli istifadə olunmasına çalışan bacarıqlı elm təşkilatçısı kimi tanınırdı.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti