Vilayət Eyvazov sıra baxışı keçirib
Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirildiyini vurğulayıb. General-polkovnik V.Eyvazov ulu öndər Heydər Əliyev və Prezidenti İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının vətəndaşların intellektual səviyyəsindən, xüsusən yüksək texnologiyalara, innovasiyalara yiyələnmiş, mükəmməl təhsil almış savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq, müstəqilliyimizi, milli maraqlarımızı hər şeydən uca tutan gənclərdən asılı olduğunu dəfələrlə vurğuladıqlarını məmnunluqla xatırladıb. Belə yüksək mənəvi, işgüzar keyfiyyətlərə malik kadrların dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün hər zaman əhəmiyyətli addımların atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin növbəti bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Nazir xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək polisin yüksək adını və mundirin şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini daim artırmalarını, öz üzərilərində səylə çalışmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, bir sözlə, vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Azvision.az
Teqlər: DİN