Azərbaycan Avropa ölkələrindən yeni silah və texnikalar ala bilər

 Azərbaycan Avropa ölkələrindən yeni silah və texnikalar ala bilər
  21 Oktyabr 2019    Oxunub:6876
“Azərbaycan son illər Qərb ölkələrindən, xüsusilə də NATO, Avropa Birliyinə daxil olan ölkələrdən yeni silah və hərbi texnikaların satınalınması işlərini həyata keçirir. Dünyada baş verən müəyyən proseslər artıq bu ölkələrə də diqtə edir ki, özlərinə yeni bazarlar axtarışına çıxsınlar. Bu baxmından Azərbaycan və Mərkəzi Asiya regionu daha çox əhəmiyyət kəsb etməyə başlayıb”.
Bunu Azvision.az -a hərbi ekspert Rəşad Süleymanov deyib. Onun sözlərinə görə, bu gün Avropanın bir çox ölkələri Azərbaycana açıq şəkildə silah satmağa hazır olduqlarını bəyan edirlər.



“Bu ölkələrdən Fransanı xüsusi vurğulamaq istərdim. Belə ki, erməni lobbisi orada güclü olsa da, Fransa şirkətlərinin Azərbaycanla bir çox sektorlarda görüşləri davam edir. “MBDA Systems” şirkətinin raket texnologiyaları, hava hücumundan müdafiə sistemləri sahəsində, “CNİM” mühəndis texnikaları, “Thales” radiolokasiya sistemləri, optik cihazlar, peyklər, kəşfiyyat avadanlıqları, “Proengin” şirkəti NBC kəşfiyyat avadanlıqlarını təklif edirlər. Dəniz sistemləri sahəsində “Naval Group” şirkəti Azərbaycana OPV-90 gəmilərini, “ECA Robotics” insansız robot vasitələrini təklif ediblər. “Nexter Systems” şirkəti ilə MSN arasında bəzi məhsulların birgə istehsalının yaradılması, “Airbus Defense” şirkəti ilə yeni kəşfiyyat peyklərinin hazırlanması və orbitə buraxılması ilə bağlı müzakirələr davam edir. Bir çox sahələrdə Fransa ilə strateji sahələrdə əməkdaşlıq mövcuddur”.



Hərbi ekspert bildirb ki, öz döyüş vasitələrini Azərbaycana təqdim edən ölkələrdən biri də İtaliyadır:

“Adıçəkilən ölkənin “Leonardo” şirkətinin “M-346 Master” reaktiv təlim-məşq təyyarəsinin satışı ilə bağlı müqavilə imzalanıb. “Leonardo” korporasiyasının Azərbaycanda həyata keçirilən bir neçə layihəsi mövcuddur. Bu korporasiyanın tərkibinə daxil olan “Agusta Westland” şirkəti Azərbaycana helikopterlərin satışını həyata keçirib. Bu helikopterlər “SilkWay” şirkətinin istifadəsində yer alır. Bunlar həm mülki daşımaçılıq, həm də dəniz üzərində axtarış və xilasetmə əməliyyatlarının həyata keçirilməsi sahəsində ixtisaslaşıb və müəyyən cihazlarla təmin olunub. Həmçinin, ambulans kimi müəyyən sərhəd ərazilərdə və cəbhə xəttində yaralıların evakuasiyası zamanı istifadə oluna bilər. Gələcəkdə bu şirkətin tərkibində yer alan “OTO Melara”nın Azərbaycanla yaxşı əlaqələrinin şahidi olacağıq. “OTO Melara” müxtəlif silah sistemlərinin istehsalı sahəsində ixtisaslaşıb”.



R.Süleymanov qeyd edib ki, digər Avropa ölkələri də Azərbaycanla əməkdaşlıq edir. Belə ki, artıq Avstriya Azərbaycana müəyyən məhsullar ixrac edib.

“Bu ölkənin məşhur tapança istehsalçısı “Glock” şirkətinin istehsalı olan tapançalar Azərbaycanın ordu və güc strukturlarının tabel silahıdır. Avstriyanın istehsalı olan müəyyən silahlar Ordumuzda istifadə olunur. Bu çərçivədə Bolqarıstanı da qeyd etmək olar. Çox aktiv hərbi əməkdaşlıq var. Macarıstanla əlaqələr yüksələn xətt üzrə inkişaf edir, Çexiya və Slovakiyanın istehsalı olan artilleriya sistemləri, təlim təyyarələri, döyüş sursatları, simuliyasiya vasitələri Ordumuzun silahlanmasında yer alır. Yaxın perspektivdə Böyük Britaniya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın şahidi olacağıq. Britaniya hərbi məhsulları Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında mövcuddur. “Accuracy International” şirkətinin istehsalı olan snayper tüfənglərini qeyd etmək olar. Böyük Britaniya artıq həm Ermənistana, həm də Azərbaycana balanslı şəkildə müəyyən məhsulların ixracına başlayıb. Skandinaviya ölkələri də bu istiqamətdə müəyyən addımlar atmağa başlayıblar. Finlandiya Ermənistana və Azərbaycana silah ixracını həyata keçirib. İsveç şirkətləri özləri də ifadə edirlər ki, Azərbaycan bizim marağımızdadır.

İsveçin dünya şöhrətli “SAAB” konserninin nümayəndələri sərgilərdə bizimlə söhbətlərində bildirirdilər ki, Azərbaycana “JAS-39 Gripen E” təyyarəsinin təklifini vermişik. Azərbaycan Avropa səviyyəsində iqtisadi cəhətdən qəbul edilir, enerji təhlükəsizliyi baxımından söz sahibidir. Siyasi cəhətdən Avropa ölkələri yaxşı anlayırlar ki, Cənubi Qafqaz və Mərkəzi Asiya çıxışında yeni coğrafiyalara açılmaq üçün ölkəmiz önəmli rola malikdir. Azərbaycan hərbi və təhlükəsizlik aspektində həmin ölkələrin diqqətini cəlb etməyə başlayıb. Onlar yaxşı anlayırlar ki, regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycan mühüm rol oynayır. Bu baxımdan Azərbaycanla hərbi və hərbi-texniki sahədə əməkdaşlığa maraq göstərirlər”.









Anar Kəlbiyev
Azvision.az


Teqlər: Ekspert   Silah   Avropa   RəşadSüleymanov  





Xəbər lenti