Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq planı imzalandı - FOTO

  29 Oktyabr 2019    Oxunub : 1337
Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq planı imzalandı - FOTO
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB üzv ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, general-polkovnik Z.Həsənov Azərbaycanın Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edərək, hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Azərbaycanın Belarusun müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən Müdafiə naziri hazırda hərbi-texniki sahədə əməkdaşlığın da uğurla inkişaf etdiyini və genişləndiyini bildirib.

Qeyd edilib ki, Azərbaycan ilə Belarus beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərir və bütün məsələlərdə qarşılıqlı dəstək verirlər.

Müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərinə görə Belarus rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.



General-polkovnik Z.Həsənov Belarusun ölkəmizdə yeni hərbi attaşesi polkovnik Andrey Kaptiloviçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək onun fəaliyyətinin ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan dostluq münasibətlərinin inkişafına yönələcəyinə əminliyini ifadə edib.

Tərəflər ikitərəfli hərbi əməkdaşlığın və hər iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər.

Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətraflı təhlil edilib, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

Görüşün sonunda Azərbaycan Respublikası və Belarus Respublikası müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb. Plan ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələləri nəzərdə tutur.

Azvision.az

Teqlər: Müdafiə   Belarus   Zakir-Həsənov