“Paşinyan müxalifəti susdurmağa çalışır” - Sarkisyanın kürəkəni

  28 Noyabr 2019    Oxunub : 1954
 “Paşinyan müxalifəti susdurmağa çalışır” - Sarkisyanın kürəkəni
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın kürəkəni, Vatikandakı keçmiş səfir Mikael Minasyan bəyan edib ki, gün ərzində bir neçə dəfə onunla əlaqəsi olan insanların evlərində axtarışlar aparılıb.
Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Minasyan “Facebook” səhifəsində yazıb.

“Bu gün səhər saat 8-dən etibarən mənimlə əlaqələrinin olduğunu hesab etdikləri insanların mənzillərində axtarış aparıblar. Axtarışlar 10-dan çox mənzildə aparılıb. Bu, növbəti siyasi reyddir”, - deyə sabiq səfir yazıb.

Minasyanın sözlərinə görə, axtarışlar bir çox bəhanələrlə aparılır və "siyasi rəqiblərin ağzını yummaq" məqsədini daşıyır. O deyib ki, hakimiyyət bununla müxalifət düşərgəsini qorxutmağa və susdurmağa çalışır.

“Rejimin mənimlə, ailəm və ya ətrafımla yaxın əlaqəsi olduğunu düşündüyü insanlara qarşı 10 cinayət işi açılıb. Hüquq-mühafizə orqanları 25-dən çox axtarış aparıb, 400-dən çox insanı sorğu-sual edib. Hər dəfə eyni qərəzlə: insanlar mənimlə və ya ailəmlə bağlı nəsə söyləməyə məcbur edilir”, - deyə Minasyan qeyd edib.

Minasyan əmindir ki, axtarışlar heç bir nəticə verməyəcək və onun ətrafında kiməsə qarşı deyil, hansısa qüvvəni devirmək üçün deyil, ümumi dəyərlər və hədəflər ətrafında birləşən böyük bir dəstək ordusu var.

Qeyd edək ki, 2 noyabr 2018-ci ildə Mikael Minasyan Ermənistanın Vatikandakı səfiri vəzifəsindən geri çağırılıb. O, 2013-cü ildə səfir təyin edilmişdi. Bundan əvvəl, 2008-2013-cü illərdə Minasyan Ermənistan prezidenti Serj Sarkisyanın dövründə aparat rəhbərinin birinci müavini vəzifəsini icra edib.

Minasyanın atası, "Surb Qrigor Lusavoriç" tibb mərkəzinin keçmiş direktoru Ara Minasyana qarşı da cinayət işi açılıb. O, qiyabi həbs edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Sarkisyan