Bakıda Nevrologiya həftəsinin rəsmi açılışı oldu

Bakıda Nevrologiya həftəsinin rəsmi açılışı oldu
  18 Dekabr 2019    Oxunub:2680
Nevroloqların Milli Assosiasiyasının təşkilatçılığı ilə Bakıda Nevrologiya həftəsinin rəsmi açılış mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, açılış mərasimində Nevroloqların Milli Assosiasiyasının prezidenti Rəna Şirəliyeva çıxış edib. O, Nevrologiya həftəsi ərzində keçirilən tədbirlərdən danışıb. Sonra nevrologiya sahəsində xidmətləri olmuş şəxslər barədə məlumat verib: "Azərbaycan nevrologiyası artıq yüksək səviyyədədir. Biz nevrologiyanın sabahını gənc, etibarlı nevroloqların əlində görürük".

Daha sonra Azərbaycanda nevrologiya sahəsində xidmətləri olan həkimlər haqqınsa video-çarx nümayiş olunub. Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli bildirib ki, Azərbaycanda tibb elminə və təhsilə göstərilən diqqət və qayğı nəticəsində hər ay böyük elmi konfranslar və tədbirlər keçirilməkdədir:

"Azərbaycanda tibb elminə və tibb sahəsinə göstərilən qayğı nəticəsində, demək olar ki, hər ay elmi konfranslar keçirilir. Bu tədbirlər nəticəsində görkəmli, məşhur alimlər Azərbaycana gəlir və onların gəlişi gənc həkimlərin təcrübə və yeniliklərə sahib olmaları üçün çox gözəl imkanlar yaradır".

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov çıxışındə qeyd edib ki, nevrologiya həftəsi Azərbaycanda bu sahədə çalışanları birləşdirir. O bildirib ki, bugün dünya elmi multidisiplinar xarakter daşıyır: "Bugün nevroloqlarla yanaşı digər ixtisasdan olan həkimlər də konfransda iştirak edir. Nevroloqların Milli Assosiyasiyası kadr hazırlığına böyük təkan verir".

Qeyd edək ki, dekabrın 18-20-də Nevrologiya həftəsi çərçivəsində keçiriləcək konfranslarda Avstriyadan, Danimarkadan, Finlandiyadan, Gürcüstandan, Almaniyadan, İsraildən, Qazaxıstandan, Rusiyadan, Tacikistandan,Türkiyədən, Böyük Britaniyadan, Ukraynadan, Özbəkistandan və Qırğızıstandan nümayəndələr iştirak edəcəklər.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nevroloq  





Xəbər lenti