Tural Gəncəliyev bir ilin hesabatını verdi

  27 Dekabr 2019    Oxunub : 2110
 Tural Gəncəliyev bir ilin hesabatını verdi
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” nın yeni İdarə Heyətinin formalaşmasından 1 il ötür.
Azvision.az xəbər verir ki, bununla bağlı icmanın idarə heyətinin iclası keçirilib.

İcma rəhbəri Tural Gəncəliyev 1 il ərzində görülən işlər, həyata keçirilən layihələr haqqında geniş məruzə ilə çıxış edib. Tural Gəncəliyev qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması beynəlxalq əlaqələr, analitik-informasiya sahəsini, ictimaiyyətlə və media qurumları ilə əlaqələri, sosial şəbəkələrdə fəaliyyəti, ölkədaxili tədbirlərdə iştirakı və digər bu kimi vacib məsələləri diqqətdə saxlayıb.

T.Gəncəliyev qeyd edib ki, beynəlxalq qurumlarla mütəmadi görüşlərin keçirilməsi Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının müxtəlif məsələlərlə bağlı mövqeyinin bu qurumların təmsilçilərinin diqqətinə çatdırılması əsas məqsədlərdən olub. Bu baxımdan ATƏT sədri Miroslav Layçakın rəhbərlik etdiyi nümayəndə heyəti, ATƏT-in Minsk Qrupunun həmsədrləri, Minsk Qrupunun üzvü olan digər ölkələrin, ölkəmizdə fəaliyyət göstərən səfirləri ilə keçirilən görüşlər, digər ölkələrin diplomatik korpusları həmçinin Avropa İttifaqı, Avropa Şurası, BMT, Qızıl Xaç Komitəsinin Bakı ofislərində keçirilən görüşlər xüsusi əhəmiyyətə malikdir.

İcma rəhbəri Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in 2019-cu il İnsan ölçüsü üzrə İmplementasiya görüşüdə qaçqınlar və məcburi köçkünlərin hüquqlarına dair keçirilən konfransda iştirakı, həmcinin icmanın nümayəndə heyətlərinin ABŞ-ın Los-Anceles,Türkiyənin Ankara, Avropanın siyasi mərkəzi sayılan Brüsselə səfərlərini faydalı hesab etdiyini bildirib.

T. Gəncəliyev iclasda analitik-informasiya,sosial şəbəkələrdə fəaliyyət, ictimaiyyətlə xüsusən gənclərlə və media qurumları ilə əlaqələrin qurulması, xarici ölkələrin mətbuatına icma üzvlərinin müsahibələr verməsini müsbət hal kimi qeyd edib.

Sonra İdarə Heyətinin üzvləri bir il ərzində görülən işlərlə bağlı fikirlərini açıqlayıblar.

Azvision.az

Teqlər: Qarabağ   Tural-Gəncəliyev   Hesabat