Kirayə mənzilllərlə bağlı müraciətlərin qəbul vaxı açıqlanıb

  18 Yanvar 2020    Oxunub : 2576
Kirayə mənzilllərlə bağlı müraciətlərin qəbul vaxı açıqlanıb
Azərbaycan Respublikası Prezidentinin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna (Fond) həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb. Mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb, kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb və kirayə mənzil fondu formalaşdırılıb.
Fonddan Azvision.az - a verilən məlumata görə, mexanizm çərçivəsində elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq.

Müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək. Elektron İmzanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və ya Mərkəzi Poçtdan, ASAN İmzanı isə “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” mərkəzləri vasitəsilə xidmət göstəriləcək.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş yazılı və ya video-təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

Azvision.az

Teqlər: Kirayəmənzil