Avropa İttifaqı Moldovaya nə verəcək?

Avropa İttifaqı Moldovaya nə verəcək?
  28 Dekabr 2013    Oxunub:1560
Sahil İsgəndərov

Bir müddət əvvəl Avropa İttifaqı ilə Gürcüstan və Moldova arasında Assosiasiya barəsində Sazişin paraflaşdırılması Vilnüs sammitinin müsbət nəticələrindəndir. Lakin bu məqamlar aralıq nəticələr hesab olunur.
Heç də belə bir təsəvvür yaranmamalıdır ki, Brüssellə Tbilisi və Kişinyov arasında Assosiasiya və azad ticarət zonası barədə Sazişlər imzalamaq məqamı yetişdikdə Moskva onlara təzyiq göstərməyə çalışmayacaq və ya buna imkanı olmayacaq. Və maraqlıdır ki, bu zaman Brüsselin heç bir əks reaksiyasının şahidi də olmayacağıq.

Bir məqamı xatırlıyaq. 2012-ci ilin martında Moldovanın prezidenti seçilən Nikolaye Timofti özünün ilk bəyanatındaca Moldovanın milli ideyasının yalnız Avropa inteqrasiyası olacağını vurğuladı. Bununla da o, ölkəsinin xarici siyasət kursunun qərbyönümlü olacağını açıqladı. Moldovanın xarici işlər naziri Yuri Lyankeni Vaşinqtonda qəbul edən Birləşmiş Ştatların o vaxtkı Dövlət Katibi Hillari Klinton isə Kişinyovun Avropayönümlü siyasətini təqdirəlayiq hal kimi qiymətləndirdi.

Maraqlıdır ki, Vaşinqtonla Kişinyov arasındakı o vaxtkı komplimentar dialoq Brüssel tərəfindən çox etinasız qarşılandı. Əvəzində Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev qeyd etdi ki, əgər Moldova Gömrük İttifaqına daxil omasa problemlərlə üzləşə bilər. Bir sıra moldovalı ekspertlər bunu Moskva tərəfindən açıq-aşkar təzyiq kimi qiymətləndirsələr də, Brüssel sükut etməyi üstün tutdu.

Rusiya-Moldova münasibətlərində digər ağrılı bir məsələ şərab ixracı problemidir. Moldovanın Qaqauz vilayətinin ticarət-sənaye palatasının rəhbəri Pyotr Paşalının sözlərinə görə Avropa İttifaqı öz bazarlarını Moldova şərabları üçün açsa da, Moldova Rusiya bazarlarında satdığı şərabın heç yarı həcmini orada realizə edə bilmir. Və hər il hər il ixracın 25% həcmini itirir. Avropa İttifaqı isə heç də rəqabətyönümlü olmayan Moldova şərabını kor-koranə öz bazarlarına buraxmaq fikrində deyil. Buna görə də, Qaqauz vilayəti Moldovanın Gömrük İttifaqına daxil olmasının tərəfdarıdır ki, bu da Kişinyovun qəzəbinə səbəb olur.

Sizcə Qaqauzların tələbi təsadüfdürmü? Heç də yox. İstisna deyil ki, Avropa İttifaqı ilə Moldova arasında Assosiasiya Sazişinin imzalanması məqamı yetişəndə Qaqauz vilayəti də öz müstəqilliyini elan edəcək, Moskva isə həm Dnestryanının, həm də ki, Qaqauz vilayətinin müstəqilliyini tanıyacaq. Xüsusilə də nəzərə alsaq ki, elə bu günün özündə də, Moldovanın avrointeqrasiya məsələsini əngəlləyən əsas problem Dnestryanı münaqişədir. Və həmin münaqişənin tənzimlənməsi prosesində Avropa İttifaqı müşahidəçi qismində formal da olsa iştirak edir.

Orası da var ki, bu ilin əvvəlində ATƏT-ə sədrlik edən Ukraynanın Dnestryanı münaqişənin həlliylə bağlı bir neçə fəal təklifinə Brüssel heç bir reaksiya vermədi. Necə ki, 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan hərbi qarşıdurmasından sonra Brüssel bölgədə vəziyyətin sabitləşdirilməsi baxımından konkret heç nə təklif edə bilmədi. Baxmayaraq ki, Moskva ilə Tbilisi arasında araclığı öz üzərinə Avropanın aparıcı dövəlti olan Fransanın o vaxtkı prezidenti Nikolya Sarkozi götürmüşdü. Nəticədə isə Gürcüstanın öz ərazilərini itirməsi rəsmiləşdirilmiş oldu. Avropa İttifaqının xüsusi komissiyası isə uzunmüddətli araşdırmadan sonra hərbi əməliyyatlara görə məsuliyyəti rəsmi Tbilisinin üzərinə qoydu.

Amma bu gün məqsədimiz Avropa İttifaqı ilə Gürcüstan arasında Assosiasiya barədə imzalanası gözlənilən Sazişin perspektivlərini və bu yönümdə Moskvanın göstərə biləcəyi təzyiq cəhdlərinin müzakirəsidir. Bir çoxlarına elə gələ bilər ki, Gürcüstana göstərə biləcəyi bütün təzyiq imkanlarından Moskva artıq istifadə edib. Bu yalnız ilk baxışdan belə görünür. Hazırda, Moskva ilə Tbilisi arasında iqtisadi-ticari sahələrdə bəzi yaxınlaşmalar nəzərə çarpmaqdadır ki, Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalanmağa yaxın Moskva bütün bu məqamları tam şəkildə dondura bilər.

Lakin, ən təhlükəlisi bu deyil. Həlledici anda, Moskva Cavahetiyada erməni separatizmini alovlandıra bilər ki, bu da ümumilikdə Gürcüstanın bir dövlət kimi tam parçalanması deməkdir. Onu da nəzərdən qaçırmayın ki, keçmiş baş nazir Bidzina İvanişvili yalnız özünə məlum olan səbəb üzündən bir müddət öncə qatı separatçı Vaahn Çahalyanı uzunmüddətli həbsdən azad edib. Bir maraqlı fakt da ondan ibarətdir ki, bir sıra Avropa qurumları uzun illərdir ki, Gürcüstanda yaşayan dırnaqarası bədbəxt ermənilərin hüquqlarının və erməni tarixi-dini abidələrinin qorunması yolunda lap əldən-ayaqdan gedirlər.

Bütün bu sadalanan məqamlar zamanında bir müstəvidə kəsişərək Moskva tərəfindən Avropa İttifaqı ilə yaxınlaşmağa çalışan postsovet ölkələrinə təzyiq vasitəsi kimi istifadə olunur. Brüssel isə aciz məktəbli kimi yalnız narahtlığını izhar etməklə kifayətlənir.


Teqlər:  





Xəbər lenti