DSX rəisi Rusiya ilə sərhəddə vəziyyəti yoxladı - FOTOLAR
25 mart tarixində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinə səfər edib və Rusiya Federasiyasından avtomobil yolu ilə ölkəyə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının sanitar-karantin tədbirlərinə cəlb olunmasının təşkili vəziyyətini yoxlayıb.
Dövlət sərhədindən buraxılış məntəqəsində rejim tədbirlərinin təşkili, o cümlədən ölkəyə gələn vətəndaşlar üzərində sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi, həmin şəxslərin hərarətinin ölçülməsi və digər sanitar-karantin tədbirlərinə cəlb edilmələri vəziyyəti yoxlanılıb, xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin tibbi təxliyəsi tədbirləri nəzərdən keçirilib.
Ölkə ərazisinə gələn və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi səhra hospitalında ilkin müayinələrə cəlb olunan vətəndaşlarla görüş keçirilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində görülən işlər haqqında onlara geniş məlumat verilib, vəziyyətləri ilə maraqlanılmış, xahiş və müraciətləri dinlənilib.
Karantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinə baxış keçirilib.
Dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər verilib.
Səfər çərçivəsində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəhbəri general-leytenant Aleksey Buyerov ilə işçi görüş keçirilib, Azərbaycan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının sərhədkeçmə prosedurlarının və nəqliyyat vasitələrinin yoxlanışlarının tezləşdirilməsi, şəxslərin dövlət sərhədindən hərəkətinin müvəqqəti olaraq yalnız “Samur” (AR) – “Yaraq-Qazmalar” (RF) dövlət sərhədindən buraxılış məntəqəsindən, avtomobil nəqliyyat vasitələrinin isə “Samur” və “Xanoba” dövlət sərhədindən buraxılış məntəqələrindən həyata keçirilməsi məsələləri müzakirə olunub.
Azvision.az
Teqlər: DSX Elçin-Quliyev