Heydər Əliyev Fondu TƏBİB və Səhiyyə Nazirliyinə dəstək verir

 Heydər Əliyev Fondu TƏBİB və Səhiyyə Nazirliyinə dəstək verir
  16 Aprel 2020    Oxunub:4765
Heydər Əliyev Fondu öz sosial missiyası çərçivəsində hər zaman ölkədə səhiyyənin inkişafına dəstək göstərib.

Azvision.az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun Departament direktoru Soltan Məmmədov REACT-C19 layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fond Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir:

"Koronovirus epidemiyası ilə mübarizənin ilk günlərindən biz TƏBİB və Səhiyyə Nazirliyinə dəstək göstərməyə başlamışıq. Bu istiqamətdə ölkədə laboratoriya sisteminin gücləndirilməsi üçün Bakı, Cəlilabad və Gəncə şəhərlərində Almaniyanın istehsalı olan 4 və Sumqayıt və Şəki şəhərlərində 2 tam-avtomat laboratoriya qurulub istifadəyə verilib. Yüksək keyfiyyətli müayinələrin aparılması üçün Almaniya və İngiltərə istehsalı olan test kitləri təmin olunub".

S.Məmmədov bildirib ki, xəstəxanalarda çalışan tibb personalının təhlükəsizliyini təmin etmək məqsədilə maska, tibbi geyim, eynək, əlcək və digər qoruyucu vasitələr alınıb: "Tibb müəssisələrinin maddi texniki bazasının gücləndirilməsi üçün süni nəfəs aparatları, tibbi monitorlar və hemofiltrasiya cihazları təmin olunub. Fondumuzun Prezidenti Mehriban xanımın tapşırığı ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində əhalinin maarifləndirilməsi üçün birgə kommunikasiya planı hazırlanıb və bu istiqamətdə mətbuat, ictimaiyyət və dövlət qurumları ilə əlaqələndirici iş aparılır.

Koronovirusla mübarizədə həkimlərimizə dəstək məqsədilə digər ölkələrlə təcrübə mübadiləsi üçün virtual təlimlərin təşkili və bu gün də Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə 3 ay müddətində bizim həkimlərlə birgə çalışacaq 20 nəfərdən ibarət müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət qrupun Azərbaycana səfərinin təşkil olunmasına dəstək göstərmişik.

Heydər Əliyev Fondu tərəfindən eyni zamanda ölkədə uğurla həyata keçirilən sosial siyasətə dəstək olaraq ehtiyacı olan ailələrə ərzaq dəstəyi göstərilir. Ölkədə fəaliyyət göstərən uşaq evləri, körpələr evi, internat məktəbləri, qocalar evi, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tələb olunan profilaktik tədbirlər görülmüş və lazımi qoruyucu vasitələr təmin olunub".

S.Məmmədov əlavə edib ki, səhiyyə sahəsində illər boyu əldə etdiyimiz təcrübə və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində əldə etdiyimiz uğurlar bu gün bizə bu mübarizədə səhiyyəmizə lazım olan dəstəyi göstərməyə imkan yaradır: "Fondun rəhbərliyinin dəstəyi ilə biz uzun illərdir ki, ÜST ilə sıx və uğurlu əməkdaşlıq edirik. Bu gün başlanmasını elan etdiyimiz bu layihə bir daha Heydər Əliyev Fondunun hər zaman səhiyyəmizlə birgə olduğunu sübut edir. Fondumuz bu çətin günlərdə 24 saat iş başında bütün səhiyyəmizə və hər bir vətəndaşımıza lazımi yardım göstərməyə hazırdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: SoltanMəmmədov  





Xəbər lenti