Parlamentin komitəsi onlayn iclas keçirib

  08 May 2020    Oxunub : 2430
Parlamentin komitəsi onlayn iclas keçirib
Mayın 8-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti onlayn iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, komitə sədri Hicran Hüseynova iclası açaraq bildirib ki, gündəliyə bir məsələ daxil edilib.

Onlayn iclasda vurğulanıb ki, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunlarda və 1997-ci il 3 oktyabr tarixli qanunla təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə sənədlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2018-ci 31 may tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb.

Sənədlərdə edilən dəyişiklikləri şərh edən Hicran Hüseynova qeyd edib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun ölkəmizin qoşulduğu beynəlxalq sənədlərin tələblərinə uyğun olmaqla, bu sahədə mütərəqqi dünya təcrübəsinə uyğun qanunvericiliyin formalaşdırılmasına xidmət edir. Həmin qanunla bu sahədə mövcud olan bir sıra terminlər dəqiqləşdirilmiş, o cümlədən “əlil” ifadəsi əvəzinə “əlilliyi olan şəxs”, “əlillik qrupu” ifadəsi əvəzinə “əlillik dərəcəsi”, “qüsur” sözü əvəzinə “pozuntu” sözündən istifadə edimişdir. Bu da əlilliklə bağlı dövlət siyasətinin mühüm prinsiplərindən olan əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinə yönəlib.

Komitə üzvləri Jalə Əliyeva, Rauf Əliyev, Sədaqət Vəliyeva, Rəşad Mahmudov, Sevil Mikayılova, Nigar Arpadarai, Ramin Məmmədov, Tamam Cəfərova, Könül Nurullayeva, Pərvin Kərimzadə sənədlə bağlı çıxış edərək fikirlərini bildirib, qanunlara təklif olunan texniki və terminoloji baxımdan uyğunlaşdırma xarakterli düzəlişləri razılıqla qarşılayıblar.
Onlayn iclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Azvision.az

Teqlər: Milli-Məclis