Qafiyəli düşüncə - Murad Köhnəqalanın yazısı

      Qafiyəli düşüncə    - Murad Köhnəqalanın yazısı
  21 May 2020    Oxunub:45225
Xalqımız hər müşkülü qafiyə ilə həll etməyi, qafiyə ilə düşünməyi hələ də tərgidə bilmir. Qafiyə, assosiativ qoşa sözlər, əslində, yazıya qədərki dövrdən, yəni, quru yaddaş dövründən yadigar qalıb. Bütün xalqlarda belədir, ilkinlik dövrünün məsəlləri, atalar sözləri, nəğmələri, şeirləri qafiyəli, assosiasiyalı olub. Qafiyə yaddaşda qalmanı asanlaşdırıb, bədii məhsulun, xalq yaradıcılığının yazısız nəsildən nəsilə şifahi şəkildə ötürülməsi üçün vasitə olub. Bayatılarımız, gəraylılarımız, qoşmalarımız, atalar sözlərimiz əsrlərlə ölçülən bu uzun yolları yalnız yaddaşlarda yaşaya-yaşaya qət edərək gəlib bizlərə yetişə bilmişdi.
Ritm və qafiyə sisteminin mükəmməlliyinə görə minlərlə, yüz minlərlə insan yaddaşında saysız-hesabsız şeir-qəzəl saxlaya bilib. O cümlədən, qədim dini mətnlər də yadda qalmaq üçün qafiyə, assosiasiya, bəlağət üzərində qurulub. Məsələn, qafiyəli olduğuna görə Orta Asiya türklərinin qalın-qalın kitablara sığmayan "Manas" eposunu hələ də əzbər bilənlər var. Yaxud, qədim teatrlarda aktyorların rahat yadda saxlaması üçün bütün dram əsərləri qafiyəli şeirlə yazılırdı.

Lakin yazı mədəniyyəti ortaya çıxdıqca bu şərtlər get-gedə öləziməyə başladı. Şeirin ilkinlik dövrünün gözəlliyini saxlaması, bəlağətli, çəkici səslənməsi üçün şairlər hələ də qafiyələrdən istifadə edirlər, buna sözüm yox. Ancaq bizim xalqın şeir-qəzəldən kənar işlərdə belə, hələ də ibtidai insanlar kimi qafiyə ilə düşünməsi mənə maraqlı gəlir. Qloballaşaraq getdikcə bir ələ yığışan indiki dünyada qafiyə ilə hansı nailiyyət əldə eləmək olar? Məsələn, dövlət, xalq, cəmiyət, hakimiyyət haqda fikir yürüdən, dövlət sisteminin ən insanisini qurmağın yollarını arayan əsərlər yazan bir Avropa filosofu öz fikirlərini qafiyədə necə deyə bilərdi?

Təsəvvür edin, dünyanın ən demokratik idarəetmə sisteminin - hakimiyyətin bölünməsi prinsipini işləyib hazırlayan fransız hüquqşünası Monteskyö "Qanunların ruhu" traktatını məsnəvi formasında qafiyələndirərək, yazır.
Yaxud, bəşəriyyətin fəlsəfi-siyasi düşüncəsini əsrlərlə irəli atan, cəmiyyətin inkişafında insanın üç təməl hüququnun (yaşamaq, azadlıq və mülkiyyət) müdafiəsini əsas götürən Con Lokkun "Təbii hüquq" ideyası əruz vəzninin rəməl bəhrində qələmə alınır. Ciddi, realist bir düşüncə adamı belə lazımsız şeylərə enerji, vaxt sərf edərmi? Sosial bərabərlik düşüncəsi ilə bütün bəşəriyəti ayağa qaldıran Lenin öz inqilabını qafiyə ilə bacara bilərdimi? Əlbəttə yox!

Məni kədərləndirən yer burasıdır: bizim xalqımız qafiyəli düşüncədən, ölçülü fikirlərdən hələ də ayrıla bilmir. Yadıma bir tarixi əhvalat düşdü. Bütün dünyaya iradə diktə edən Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti ata Corc Buş prezident seçiləndə (1989-1993) bizim bir məşhur şairimiz qəzetlərin birində belə yazmışdı: "Buşun ağlı - quşun ağlı". Yadımdadır, şairin bu şaqraq tapıntısına arxalanan xalqımız ABŞ dövlətinin əfəlliyinə inamla yaşayırdı. O vaxtlar şairin bu düşüncəsinə xeyli gülmüşdüm, ancaq ömrümdə bu qədər acı gülməyim yadıma gəlmir.

Elə, vaxtilə ermənilər qonşu ölkələrə yaltaqlanaraq bizə qarşı silah yığanda xalqımız "Hava yaman soyuqdu, Ermənilər toyuqdu!" kimi mənasız sözlərdən qafiyə tutaraq düşmənin toyuq kimi fağır olmasından əmin halda başını həmin misralara söykəyib, arxayın yatırdı. Az keçmədi, xalqımız bunun arxasınca özü seçdiyi prezidentinə - Elçibəyə də tutarlı qafiyə tapdı. Öz düşüncəsinə yaraşan bir qafiyə...

Murad Köhnəqala
Azvision.az üçün


Teqlər:





Xəbər lenti