15 iyun: Anarxiyadan sabitliyə, güclü dövlətə və tərəqqiyə doğru

  13 İyun 2020    Oxunub : 3033
      15 iyun:    Anarxiyadan sabitliyə, güclü dövlətə və tərəqqiyə doğru
XX əsrdə Azərbaycan xalqının gələcək taleyini müəyyənləşdirən və millətimiz mövcud olduqca daim yaşayacaq bir sıra tarixi günlər mövcud olub: 1918-ci il may ayının 28-də Azərbaycan Cümhuriyyətinin qurulması; həmin ilin sentyabrın 15-də Bakı şəhərinin yadelli qüvvələrdən azad edilməsi; 1990-cı il noyabrın 17-də Naxçıvan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Cümhuriyyətimizin üçrəngli bayrağının rəsmi dövlət bayrağı olaraq qəbul edilməsi; 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpa edilməsi və 1993-cü il iyunun 15-də Azərbaycan dövlətinin dağılmaqdan xilas edilməsi.
1993-cü ilin 15 iyun tarixindən 27 il keçir. 1997-ci ilin iyun ayında Milli qurtuluş günü bayramı elan edilən bu günün mahiyyətini dərk etmək və müvafiq nəticələr çıxararaq ibrət almaq müstəqil dövlətimizin ötən illərdə keçdiyi yolu, mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından vacibdir. Bundan ötrü ilk növbədə 15 iyunadək olan ictimai-siyasi şəraitə və ondan sonrakı illərdə həyata keçirilən tədbirlərə nəzər yetirmək zəruridir. Elə isə 15 iyunadək Azərbaycanda daxili ictimai-siyasi şərait və ölkənin xarici siyasətinin ümumi mənzərəsi necə idi?

15 iyunadək olan şəraitin mənəzərəsi: ümumi böhran məngənəsində

Dövlət müstəqilliyi bərpa edilən Azərbaycan xalqının qarşısında bir sıra mühüm vəzifələrin həll edilməsi dayanırdı: dövlət müstəqilliyini qorumaq və məhkəmləndirmək; planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçmək; təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, demokratiyaya keçmək; fəal xarici siyasət yürütmək; Ermənistanın əsassız ərazi iddiaları ilə başlatdığı hərbi təcavüzünü dayandırmaq və nəticələrini aradan qaldırmaq və s.

Azərbaycanın dövlət müstəqilliyi bərpa edilən zaman Ermənistanın əsassız ərazi iddiaları səbəbindən bir neçə il əvvəl başladığı hərbi təcavüzü davam edir, bu respublikada tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovularaq qaçqına çevrilir, təcavüzün gedişində ərazilər bir-birinin ardınca işğal edilir, etnik-tarixi mənsubiyyətini itirmək üçün yaşayış məntəqələri yandırılır, əhali məcburi köçkünə çevrilirdi. Digər tərəfdən isə hakimiyyət uğrunda müxtlif qruplaşmalar arasında amansız mübarizə gedirdi.

1992-ci iin may ayında silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirən Azərbaycan Xalq Cəbhəsi Azərbaycanın problemlərini həll edə bilmədi, onları daha da dərinləşdirdi. İdarəçilikdə səriştəsizlik, problemlərin yanlış qoyulması və onların həllinə primitiv, məhdud yanaşma, hakimiyyətin qanunverici, icraedici və məhkəmə qanadları arasında qarşıdurma, xalq ilə hakmiyyət arasında ziddiyyətlər, dükanlarda satılan keyfiyyətsiz çörək üçün növbələrin artması, iqtisadi tənəzzül, vətəndaşlara qarşı kobud hərəkətlər ölkədə ümumi böhrana gətirib çıxardı. Yürütdüyü siyasət nəticəsində xalqdan ayrı düşmüş hakimiyyət ona bəslənən ümidləri doğrulda bilmirdi. Ölkənin şimalında və cənubunda xaricdən qızışdırılan separatçılıq hərəkətləri Azərbaycanı didib-parçalayır, milləti və ölkəni dağıdan, dövlətin varlığını təhdid edən qondarma qurumlar yaradılırdı. Tarixən tək və vahid millət olmuş Azərbaycan parçalanmaq ərəfəsində idi.

Cəbhədəki uğursuzluqlar bir-birinin ardınca gəlirdi. Hərbi və mülki hakimiyyət arasında ixtilaflar hökm sürürdü. Hakimiyyətə tabe olmayan hərbçilər Gəncədə “Hərbi birlik” yaratmışdılar. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun rəhbərliyi altında hərbi qiyam baş verdi. Qiyamı yatırmaq üçün 130 saylı hərbi hissədən 709 saylı hərbi hissəyə hücum edildi. Qan töküldü. Gəncəyə gedən dövlət və hökumət nümayəndələri girov götürüldülər. S.Hüseynovun dəstələri Bakıya doğru yürüş etdilər. Azərbaycan öz tarixində o zamanadək görünməmiş bir faciənin – qardaşın bir-birinin qanının tökülməsi, vətəndaş müharibəsi astanasında dayanmışdı. Bəlkə də Azərbaycan öz tarixində millət və cəmiyyət olaraq heç bir zaman bu qədər qütbləşməmiş və bir-birinə qənim kəsilməmişdi.

Dövlətin xarici siyasət fəaliyyəti də bərbad halda idi. Hissiyatlara əsaslanan xarici siyasət yürüdülürdü. Beynəlxalq aləmdə Azərbaycanın səsi eşidilmirdi. Təşkilati, dövlət idarəçilik bacarığına və qabiliyyətinə malik olmayan, xalqın dəstəyini itirmiş hakimiyyət beynəlxalq aləmdə ölkəni təcridçiliyə gətirmişdi. Diplomatiya dostlar əvəzinə daha çox düşmənlər qazandırırdı. Qonşularla münasibətlər gərgin idi. Ölkənin maraqları etibarlı qoruna bilmirdi.

Azərbaycan dəhşətli bir vəziyyətə düşmüşdü. Bu, Azərbaycanın iqtisadi, siyasi, hərbi mədəni, humanitar və psixoloji həyatını tamamilə bürümüş ağır ümumi böhran idi. Müstəqil dövlət sanki kağız üzərində, bəyanat xarakteri daşıyırdı. Bərpa edilmiş dövləti təmsil edən hakimiyyət real olaraq hər hansı bir məsələni həll etmək gücündə deyildi. Azərbaycan öz tarixinin ağır günlərini yaşayırdı.

Xalqın və dövlətin taleyini öz üzərlərinə götürmüş vəzifə sahibləri belə şəraitdə bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Bəziləri vəzifələrini “dondurdular”, bəziləri isə qaçıb gizləndilər. Azərbaycan vətəndaşının yaranmış şəraitdən çıxmağa, sabaha ümidi yox idi. Bu, Azərbaycan dövlətçiliyi tarixinin utancverici anı olub, gələcəkdə xatırlanası və müraciət ediləsi bir bir səhifə deyildi.

Niyə məhz Heydər Əliyev?

Azərbaycan xalqı yaranmış ağır şəraitdə nicat yolu arayırdı. İnsanlar sual edirdilər: Azərbaycan xalqının və dövlətinin taleyi necə olacaq? Ölkəni yaranmış ağır şəraitdən kim və necə çıxara bilər? Belə bir tarixi şəxsiyyət, lider varmı?

Çoxlu mürəkkəb suallar qarşısında dayanan və xilaskar axtarışında olan Azərbaycan xalqının nəzərləri hələ sovet dövründən yaxşı tanıdığı, dövlət idarəçilik bacarığına və liderlik keyfiyyətinə inandığı Heydər Əliyevə yönəldi və ümidlə ona üz tutdu. Xalqın inamına görə, yalnız Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan, ölkəni parçalanmaqdan, dağılmaqdan xilas edə, xalqı mənəvi-psoxoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə salmış uğursuz xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi.

Heydər Əliyevə üz tutulması səbəbsiz deyildi. Birincisi, hələ sovet sisteminin mövcud olduğu bir şəraitdə, 70-ci illərdə Heydər Əliyev respublikanın rəhbəri, sonra isə dünyanın quru ərazisinin altıda bir hissəsini tutan dövlərin başçılarından biri kimi xalqının başını uca etmişdi. İkincisi, Moskvada vəzifələrindən çıxdıqdan sonra Naxçıvanda yaşayarkən hələ SSRİ-nin, Kommunist Partiyasının, sovet sisteminin mövcud olduğu bir zamanda bilavasitə onun təşəbbüsü və liderliyi altında Naxçıvan Muxtar Respublikasında SSRİ-nin saxlanılmasına dair referendum keçirilməmiş, Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” ifadələri çıxarılmış, Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı Ali Məclisdə dövlət bayrağı olaraq qəbul edilmiş, bu barədə Bakıya təklif edilmiş, Naxçıvandan sovet ordu hissələri çıxarılmışdi. Üçüncüsü, Milli Məclisdə etdiyi çıxışlarında Heydər Əliyev Azərbaycan xaqlının yolunun müstəqillikdə olduğunu qəti şəkildə bildirmişdi.

Beləliklə, 1993-cü ildə müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsi qarşısında dayandıqda onu xilas edən dünyanın görkəmli siyasi və dövlət xadimlərindən biri Heydər Əliyev oldu. Bu, taleyin verdiyi ağır, lakin əbədiyaşar və müqəddəs bir milli vəzifə idi. Xalqın təkidli tələbləri qarşısında çarəsiz qalan Azərbaycan rəhbərliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.
Qurtuluş naminə dönüş

Millətin güvənc yeri olaraq milli liderlik missiyası daşıyan Heydər Əliyev parlamentdə çıxış etdi, sonra isə qiyamın baş vediyi Gəncəyə getdi. Şəhər əhalisi ilə görüşərək şəraitlə yerində tanış oldu. Bakıya qayıtdı. İyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi.

Məlum olduğu kimi, bəzi dövlət adamlarının ikinci dəfə hakimiyyətə qayıtmaları faktları dünya tarixində vardır. Məsələn, vaxtilə görkəmli siyasi və dövlət xadimləri olan Böyük Britaniyada Uinston Çerçill, Fransada Şarl de Qoll, Türkiyədə Süleyman Dəmirəl seçkilər yolu ilə yenidən hakimiyyətə qayıtmışlar. Lakin Heydər Əliyevin Bakıya gəlişi qətiyyən onlara bənəzmirdi. Bu qayıdış sadəcə parlament sədri vəzifəsini tutmaq deyil, Azərbaycan xalqı və dövlətinin xilası, gələcək inkişafını müəyyənləşdirmək üçün olan əzablarla dolu olan ağır böhran şəraitində bir dönüş idi.

Heydər Əliyevin qarşısında daxili siyasət sahəsində xeyli mürəkkəb və ağır vəzifələri həll etmək dayanırdı: dövləti dağılmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqdan xilas etmək, milli birliyi bərpa etmək, hakimiyyətin qanadları arasında yekdillik yaratmaq; xalq ilə hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq, iflic olmuş dövlət orqanlarını işlək hala gətirmək, dövlətin əlində olması gərəkərkən silahları ələ keçirmiş, ölkədə çinayətkarlıq şəraiti yaradan ayrı-ayrı dəstələri tərksilah etmək, insanların sakit və təhlükəsiz yaşayışını təmin etmək, ağır sosial-iqtisadi şəraitdə yaşayan xalqı inkişafa aparmaq və xalqının mənəvi-psixoloji ruhunu yüksəldərək dövlətin gücünü yaratmaq üçün etibarlı açarı tapmaq, köhnə sosializm sisteminin qalıqlarından imtina edərək uğurlu islahatlar aparmaq və s.

Xarici siyasət sahəsində Heydər Əliyevin qarşısında dayanan başlıca vəzifələr dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin etmək, Ermənistanın davam edən hərbi təcavüzünü dayandırmaq, ölkəni fəlakətə salmış bir istiqamətli, savadsız, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran xarici siyasət xəttindən imtina etmək və s. idi. Coğrafi-siyasi mövqeyi, təbii sərvətləri ilə yüzilliklər boyu imperiya siyasəti yürütmüş böyük dövlətlərin sınaq meydanına, “qurdlar süfrəsi”nə çevrilmiş Azərbaycanda bütün bunları bir dövlət xadiminin həll etməsi xeyli mürəkkəb və çətin bir iş idi. Yaranmış şərait təcili, düzgün qərarların qəbul edilməsini və qətiyyətlə həyata keçirilməsini tələb edirdi. Heydər Əliyev ölkəni, dövləti və xalqı bəlalardan qurtararaq xilaskarlıq missiyasını yerinə yetirdi və 15 iyun Azərbaycan tarixinə qurtuluş kimi daxil oldu. Bəs, 15 iyunda Azərbaycan xalqı nədən xilas oldu?

Azərbaycan xalqı nədən qurtuldu?

15 iyunda Heydər Əliyevin parlament sədri, oktyabr ayında prezident seçilməsi ilə Azərbaycan xalqı ilk növbədə, dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Çünki həmin vaxt sərişətsiz Cəbhə iqtidarının yarıtmaz fəaliyyəti ölkəni bütün sahələrdə - siyasi, iqtisadi, milli təhlükəsizlik, mənəvi və b. fəlakətə düçar etmişdi. Respublikanın bu ağır vəziyyətindən istfadə edən xarici düşmənlər bəzi daxili qüvvələrin köməyi ilə öz çirkin məqsədlərini həyata keçirmək astanasında idilər. İkincisi , Azərbaycan xalqı böyük bir tarixi ləkə və biabırçılıq olan və kandarında dayandığı qardaş qırğınından və vətəndaş müharibəsi təhlükəsindən qurtuldu. Üçüncüsü, Azərbaycan xalqı müstəqil dövlətçiliyə, firavan gələcəyə olan inamısızlıqdan, bədbinlikdən və mənəvi-psixoloji böhrandan xilas oldu. Dördüncüsü, Azərbaycan Respublikası xaricdən dəstəklənən separatizmdən və parçalanmaqdan xilas oldu, öz vahid dövlətini qorumaq imkanı əldə etdi. Beşincisi, Azərbaycan bütün sahələrdə millətin ümumi səviyyəsindən qat-qat aşağı olan, onun həm iqtisadi, siyasi, təhlükəsizlik, dövlətçilik, həm də mənəvi tələbatına cavab verə bilməyən və nəhayət, müstəqil Azərbaycan dövlətinin qarşısında dayanan vəzifələri yerinə yetirməyə qadir olmayan səriştəsiz, səviyyəsiz adamların hakimiyyətindən xilas oldu. Altıncısı, Azərbaycan xalqı hakimiyyətə konstitusiyaya zidd yollarla yolla gəlmək, silah və təzyiqlə hakimiyyət dəyişikliyinə nail olmaq, eksperimentlər ölkəsinə çevrilmək meyillərindən xilas oldu. Qəti şəkildə bəlli oldu ki, hakimiyyətə gəlməyin yeganə yolu seçkidir.

15 iyundan sonrakı tariximizə qısa baxış

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövlətinin və xalqının tarixində tamamilə yeni bir dövr başladı. Bu, müasir müstəqil milli dövlətin və dövlətçiliyin xilası, möhkəm əsaslarda qurulmasının başlanması dövrü idi. Hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətini dağılmaqdan, xalqı vətəndaş müharibəsindən xilas edən Heydər Əliyev ənənəsi olan indiki Azərbaycan dövlətinin qurucusu və memarı oldu. Azərbaycanda təməlləri möhkəm olan güclü dövlətçilik ənənəsinin və dərin dövlətin əsası qoyuldu. Müasir milli dövlət quruldu. Dövlətin və millətin inkişafı baxımından bir sıra tarixi əhəmiyyət daşıyan məsələlər həll edildi. Azərbaycan dövləti 1994-cü ilin may ayının əvvəlllərində NATO-nun Sülh naminə tərəfdaşlıq proqramına qatıldı. Həmin ayda Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan edildi.

Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin tərəqqisi və gələcəyi üçün möhtəşəm bir addım atdı. Yeni neft strategiyası işlənib hazırlandı və reallaşdırıldı. 1994-cü il sentyabrın 20-də dünyanın bir sıra böyük ölkələrini təmsil edən transmilli şirkətlərlə “Əsrin müqaviləsi”ni imzalandı. Heydər Əliyev bir-biri ilə didişən ölkələri Azərbaycanda əməkdaşlığa dəvət etdi, onları ortaq məxrəcə gətirdi. Bəzi ölkələrdən ərazicə kiçik, əhalisinin sayına görə az olmasına baxmayaraq, Azərbaycan özündən qat-qat böyük olan dövlətləri bir masa arxasında oturda bildi. Soruşulur: ərazisi və əhalisi bir neçə il əvvəlki kimi olan Azərbaycanın dünya siyasətində rolunu artıran, mövqelərini gücləndirən, dünyanın maraq dairəsinə çevirən amillər hansılar idi? Heç şübhəsiz, bu sualın konkret cavabı vardır: Heydər Əliyevin təkcə daxili siyasət məsələlərini, xalqın psixologiyasını deyil, dünya işlərini mükəmməl bilməsi, zəkası, uzaqgörənliyi, müdrikliyi, biliyi, bacarığı, qətiyyəti. Heydər Əliyev təbii sərvət olan neft və qazı Azərbaycanın milli sərvətinə çevirən dövlət xadimi oldu.

Heydər Əliyevin qətiyyəti özünü “Əsrin müqaviləsi” imzalanadıqdan sonra baş verən dövlət çevirlişi cəhdlərinin qarşısının alınmasında özünü aydın şəkildə göstərdi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət çevrilişi cəhdləri məhz Heydər Əliyevin yenilməz qətiyyəti, siyasi bacarığı ilə iflasa uğradıldı. Azərbaycan xalqı qanuni hakimiyyəti müdafiə etdi. Çevrilişlərin qarşısının alınmasının Azərbaycan üçün tarixi və ibrətamiz əhəmiyyəti oldu. Heydər Əliyev göstərdi ki, Azərbaycan dövlət çevrilişləri üçün sınaq meydanı deyildir, ölkədə güclü dövlət hakimiyyəti vardır. Bununla da silahlı yolla hakimiyyətə gəlmək kimi acı təcrübəyə son qoyuldu.

Silahlı çevriliş cəhdlərinin qarşısının alınması digər bir mühüm məsələnin həllinə kömək etdi. Məlum olduğu kimi, Azərbaycanda sabitlik və sabaha ümidlər olmadığından xarici ölkələr və donor təşkilatlar Azərbaycana borc vermirdilər. Dövlət büdcəsində isə vəsait yox idi. Dövlət çevrilişlərinin qarşısı alındıqdan və sabitlik yaradıldıqdan sonra Azərbaycana investisiya axını başladı.

Yeni neft strategiyası ölkənin inkişafı, güclü dövlət qurulması, Azərbaycan xalqının daha yaxşı yaşayışını təmin etmək üçün açar oldu. “Əsrin müqaviləsi” Azərbaycanın bütün gəlcək inkişafına ciddi təsir edən, ölkənin tərəqqisinin və vətəndaşın rifah halının yaxşılaşdırılmasına yönələn siyasətin başlıca amillərdən biri oldu.

Heydər Əliyev Azərbaycan tarixində digər bir mühüm məsələni həll etdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, hələ dövlətin ana qanunu qəbul edilməmişdi. Bilavasitə onun liderliyi altında 1995-ci il noyabrın 12-də referendum yolu ilə Azərbaycan Respublikasının konstitusiyası qəbul edildi və müstəqil Azərbaycan Respublikası parlamentinə çoxpartiyalı əsasda seçkilər keçirildi. Dünyanın ən demokratik konstitusiyalarından biri olan ana qanunumuzda insan hüquq və azadlıqları ilə bağlı müddəalarla yanaşı Azərbaycan xalqı və dövlətinin gələcəyi ilə bağlı olan fundamental məsələlər də təsbit edildi. Xəzər dənizinin hüquqi statusunun müyyənləşdirilməsi üstündə gedən mübahisələrdə ədalətə və artıq mövcud olan praktikaya dayanaraq Xəzər dənizinin Azərbaycan sektorunun ölkə ərazisi olmasının təsbit edilməsi və ölkə ərazisinin yalnız ümumxalq referendumu yolu ilə dəyişdirilməsinin mümkün olması Ermənistanın təcavüzünün davam etdiyi bir şəraitdə tarixi əhəmiyyət daşıyan bir addım idi. Bununla da müstəqil Azərbaycan dövlətinin ilk konstitusyanın memarı olan Heydər Əliyev müstəqil Azərbaycan Respublikası dövlətinin gələcəyini müəyyənləşdirən bir dövlət xadimi oldu.

Milli Məclisə seçkilərin keçirilməsi ilə yaxın keçmişin acı parlament təcrübəsi artıq tarixin arxivinə verildi. Parlament çevrilişlər və dövlət əleyhinə yönələn fəaliyyətləri müdafiə edən deyil, müstəqil dövlət quruculuğunda xüsusi yeri olan bir orqana çevrildi.

Milli iqtisadiyyatın yenidən, azad bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması üçün addımlar atıldı. İqtisadiyyatda liberallaşma genişləndi. İslahatlara başlanıldı. Özəlləşdirilmə həyata keçirildi.

Sabitlik bərqərar edildikdən sonra ölkədə vətəndaş cəmiyyətinə keçid baş verdi. Ölkənin demokratikləşdirilməsi istiqamətində islahatlar aparıldı. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirlirdi. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.

Heydər Əliyev Azərbaycan tarixində nəhəng əhəmiyyət daşıyan bir addım atdı. Ölkədə ölüm hökmü ləğv edildi. Azərbaycanın hərb sistemi quruldu. Ölkəni xarici təcavüzdən qorumağa qadir olan güclü ordu formalaşdırıldı. Hərbi-sənaye kompleksi qurulmağa başlandı.

Heydər Əliyev milli ideyaları milli ideologiya olaraq sistemləşdirdi və formalaşdırdı. O, bütün ölkə vətəndaşlarını birləşdirən azərbaycançılıq ideologiyasının əsaslarını işləyib hazırlayaraq həyata keçirdi, etnik millətçiliyə dayanan yanaşmadan imtina edərək, bütün vətəndaşların şəxsiyyət vərəqəsində “Azərbaycan Respublikasının vətəndaşı” yazmağın təşəbbüskarı və onu reallaşdıran dövlət xadimi olaraq siyasi milliyyətçiliyə, dövlət-millət anlayışına keçidin banisi oldu. Bu, Azərbaycan tarixində görünməmiş nəhəng bir fəaliyyət və bir ilk idi.

Heydər Əliyevin rəhbərliyi və yürütdüyü siyasət nəticəsində Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə sabitsizlikdən, anarxiyadan sabitliyə, qarışıqlıqdan demokratiyaya, ağır həyat şəratindən firavan bir yaşayışa keçid baş verdi. Azərbaycan xalqının sabaha və özünə inamı artdı.

Azərbaycan mədəniyyətinin inkişafı üçün yeni imkanlar yaradıldı. Dünya ölkələri ilə mədəniyyət sahəsində əlaqələr genişləndirildi. Azərbaycan Respublikasının Prezidenti tariximizdə ilk dəfə olaraq xaricdə yaşayan həmvətənlərlə işin qurulması və reallaşdırılması üçün müvafiq dövlət komitəsi yaratdı, soydaşlarımızla əlaqələr genişləndirildi. Azərbaycan Respublikası dövləti onların qürur mənbəyinə çevrildi.

Dövlətin beynəlxalq əlaqələri və xarici siyasəti sahəsində mühüm addımlar atıldı. Heydər Əliyev Azərbaycan Respublikası dövlətinin xarici siyasət strategiyasını müəyyənləşdirdi və reallaşdırmağa başladı. Azərbaycan dövlətinin maraqlarını ciddi şəkildə qoruyan tarazlaşdırılmış xarici siyasət xətti yürüdülməyə başlandı. Azərbaycanın strateji müttəfiqləri, strateji tərəfdaşları, ortaqları, qonşuları dəqiqləşdirildi.

Müxtəlif neft boru kəmərləri işə salındı və ya təməli atıdlı. Azərbaycanın xarici ölkələrdən enerji asılılığına son qoyuldu. Bakı –Novorossiysk şimal, Bakı –Supsa ilkin qərb, Bakı –Tbilisi – Ceyhan əsas ixrac neft boru, Bakı –Tbilisi – Ərzurum qaz boru kəmərlərinin əsası qoyuldu. Bu çoxşaxəli boru kəmərləri layihələri təkcə iqtisadi deyil, eyni zamanda Azərbaycan dövlətinin beynəlxalq mövqelərini möhkəmləndirən, müstəqilliyini gücləndirən, xalqın maddi rifah halını və mənəvi-psixoloji ruhunu yüksəldən amillər oldular.

Heydər Əliyevin səyləri ilə Böyük ipək yolunun bərpası həyata keçirildi. Şərqlə Qərbi birləşdirən, təkcə iqtisadi-ticarət deyil, eyni zamanda böyük siyasi və strateji əhəmiyyət daşıyan TRASEKA proqramı reallaşdırıldı. Dünya ticarət yolları üzərində əlaqələndirici qovşaq ölkələrdən biri olan Azərbaycanı dünyanın mərkəzlərindən birinə çevirəcək Bakı – Tbilisi – Qars dəmiryolu layihəsi ideyası və onun həyata keçirilməsi üçün hazırlıqlara başlanılması da müstəsna tarixi əhəmiyyət daşıyan hadisə idi.

Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın əhəmiyyəti artdı, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı.

Problemlər necə həll edildi?

Azərbaycan dövlətinin dağılmasının və ölkənin parçalanmasının qarşısını Heydər Əliyev xalqa arxalanaraq topsuz-tüfəngsiz, qan tökmədən, böyük uzaqgörənliklə, müdrikcəsinə həll etdi. Xalq isə ona etibar etdi və inandı. Problemlərin həllində Heydər Əliyev şəxsiyyəti amili və liderlik keyfiyyəti müstəsna rol oynadı. Separatçıların qadınlar tərəfindən vedrələrlə qovulması ilə gələcəkdə bu xülyaya düşənlərə bir dərs verildi.

Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda dövlət möhkəmləndirildi, ölkə müasirləşmə üçün hazırlandı.Yaxın illərin təcrübəsi sübut edir ki, yeni müstəqil dövlətlərdə hələ dərin ənənələr formalaşmadığından mürəkkəb anlarda problemlər yaranır. Ona görə də həmin ölkələrdə dövlət rəhbərinin şəxsiyyəti və bacarığı müstəsna aparıcı amillərdən biridir. Bu baxımdan görkəmli dövlət və siyasət adamı İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi Heydər Əliyev siyasətinin davam etdirilməsinə tərəfdar olan xalqın şansı oldu. Nə üçün?

Ənənə davam edir və ya Azərbaycan xalqının şansı

Seçicilərin böyük əksəriyyətinin səsi ilə İlham Əliyevin prezident seçilməsi ilə Azərbaycan dövlətçiliyi və xalqının tarixində yeni bir keyfiyyət mərhələsi başladı. Bu, Azərbaycan Respublikasının müasirləşməsi və onun tərkib hissəsi olan modernləşdirilməsidir. 2003-2020-ci illərdə o zamana qədərki tariximizdə görünməmiş bir sıra ilklərə imza atıldı. Ölkədə iqtisadi yüksəliş baş verdi. Azərbaycan rəqabətə davamlı bir ölkə oldu. Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrildi. Yeni iş yerləri açıldı. Xalqın həyat şəraiti yaxşılaşdı. Ölkədə yeni texnologiyalar tətbiq edildi. Hərbi-sənayə kompleksi yaradıldı. Azərbaycan beynəlxalq silah satış sərgi-yarmarkalarının iştirakçısı oldu. Azərbaycan ordusu dünyanın 50 ən qabaqcıl ordularının cərgəsində yer aldı. Xalqın özünəinamı artdı və milli ruhu yüksəldi. Etnik və dini xoşgörü, tolerantlığın hakim olduğu Azərbaycan model bir ölkə halına gəldi. Azərbaycan dövləti ərazisində hərbi baza və obyekt saxlamayan bir ölkə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin planetar təfəkkürü və yürütdüyü siyasət sayəsində ölkəmizin BMT Təhlükəszilik Şurasına üzv seçilməsi ilə tariximizdə qürurverici bir ilk yaşandı. Dövlət başçımızın Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsi, dünya problemlərini gündəliyə gətirərək mümkün həlli yollarını göstərməsi diplomatiya tariximizin ən parlaq səhifələrindən biri idi. Azərbaycan enerji, nəqliyyat və informasiya təhlükəsizliyini təmin etdi. Kosmos klubunun üzvü olmaqla tariximizə yeni bir ilk yazıldı. Musiqi göstərisi olsa da, Avrovijn yarışmasının tarixində ilk dəfə olaraq Azərbaycanda mükəmməl bir şəkildə keçirilməsi ilə ölkəmizin xəritədə axtarılmasına son qoyulması tariximizin mühüm hadisələrindən biridir. İlk Avropa oyunları keçirildi. 2016-cı ilin aprelində uğurlu hərbi əməliyyat nəticəsində işğal altındakı ərazilərin bir hissəsi düşməndən azad edildi. TAP və TANAP-ın həyata keçirilməsi dövlətimizin beynəlxalq əhəmiyyətini artırdı.
İbrət dərsləri

15 iyun tarixindən ibrət alınası bir çox məsələlər vardır. Hər şeydən əvvəl, demokratiyanı bərqərar etmək üçün ilk növbədə dövlət olmalıdır. Zəif dövlət və anarxiya olan yerdə demokratik cəmiyyət qurmaq olmaz. Anarxiya, xaos və başıpozuqluq demokratiya ilə ziddiyyət təşkil edir. İkincisi, xalq öz taleyini və onu idarə edən hakimiyyət sükanını heç bir zaman naşı, populist adamlara, millət-dövlət maraqlarını düzgün müəyyənləşdirə bilməyən, çətin anlarda qaçıb gizlənən şəxslərə etibar etməməlidir. Sabitlik güclü dövlətin, tərəqqinin, rifahın və demokratiyanın təməlidir. Sabitlik olmasa, xalq heç vaxt rahat yaşaya bilməz. Xalq əgər bunları istəyirsə, heç şübhəsiz istəyir, onda heç bir zaman anarxiyaya, hakimiyyətə küçədən gəlmək cəhdlərinə yol verməməlidir. Üçüncüsü, hakimiyyət ilə xalq arasında sıx birlik, hakimiyyətin qanadları arasında faydalı əməkdaşlıq daim qorunmalıdır. Dördüncüsü, fikir müxtəlifliyinin və ziddiyyətlərin mövcud olması demokratik cəmiyyətlərə xas bir əlamət olduğundan onlar qarşıdurmalara, toqquşmalara gətirməməlidir. İdeyaların hansının daha çox fayda verməsi əsas götürülərək problemlərin həll edilməsi ölkəni tərəqqiyə aparar.

***
Heç şübhəsiz, bundan sonra min illər keçəcək, Azərbaycan xalqı və dövləti mövcud olduqca, dövlətimizi güclü və qüdrətli etmək istəyən, qarşıya çıxan problemləri həll etməyə çalışan rəhbərlər daim Heydər Əliyevin milli dövlətçilik və siyasi milliyətçilik irsinə müraciət edəcəklər. Beləliklə, əbədiyyən Azərbaycan xalqı və dövləti durduqca Heydər Əliyev, onun milli dövlətçiliyə dair nəzəri irsi və praktik təcrübəsi də daim yaşayacaqdır.

Musa Qasımlı,
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor

Azvision.az

Teqlər: Musa-Qasımlı