Marginalların totalitarizmi

      Marginalların totalitarizmi
  03 Avqust 2020    Oxunub:46246
Haradasa 10 il əvvəlin söhbətidir, Alim Qasımov bir müsahibəsində səsi gördüyünü demişdi. Şahvələd Çobanoğlu isə onun haqqında təxminən belə bir şey yazmışdı ki, “Əgər səsi görürsənsə, seçkidə oğurlanan səsləri niyə görmürsən?” Onunla eyni düşərgədə olan pivəxana idealistləri də ekstaza düşərək, bu səfeh ritorikanın başına ip salıb, ucuzluğa sürümüşdülər. Nədədir bu ritorikanın səfehliyi?
Əvvəla onu deyim ki, nevralogiyada həqiqətən belə bir assosiativ sensor pozğunluqu var. Məsələn, bəzi insanlar rənglərin səsini eşidirlər. Onlara elə gəlir ki, qırmızı rəng gülür, yaşıl rəng acıqlı danışır, sarı rəng şəhvətlə pıçldayır... Yaxud, bəziləri dadların rəngini görürlər. Onlar üçün acı dadın rəngi qırmızıdır, turşun dadı yaşıl, şirinin dadı ağ və s. Bu məsələləri dostumuz, hörmətli ziyalımız, nevroloq Qalib Əsədov daha yaxşı bilər.

Alim Qasımovda belə bir assosiativ sensor pozğunluğu varmı, yoxmu – deyə bilmərəm. Bütün hallarda, xanəndə üçün səsləri görmək – gözəl bir məcazdır. Onun işi də, yaradıcılığı da, həyatı da səslərlə bağlıdır. Amma niyə, hansı ağılla biz xanəndədən “seçki saxtakarlığına” mütləq münasibət bildirmək tələb etməliyik? Alim Qasımov bəyəm ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sədridir? Seçki müşahidəçisidir? O, haradan bilə bilər ki, seçki necə keçib? Uzaqbaşı eşitdiyi, oxuduğu xəbərlərdən. Əgər o, seçkinin saxtalaşdırıldığını iddia edənlərin yazdıqlarını oxumursa (belə bir borcu da yoxdur) demək, onun dünyasında belə bir problem də mövcud deyil. Hamı başqasının dünyasında, başqasının prioritetlərilə yaşamağa məcbur deyil axı.

Sosial şəbəkələr kütləviləşəndən sonra marginal “idealist”lər daha da aqressivləşiblər: Hamıdan tələb edirlər ki, mütləq hakimiyyətə etiraz etməlisən! Etməsən, bu, sənin bütün başqa məziyyətlərini, insani və peşəkar keyfiyyətlərini də sıfırlayr; sən yaxşı musiqiçi, yazar, rəssam, jurnalist, sadəcə, ləyaqətli, gözəl insan ola bilərsən, amma hakimiyyətə etiraz etmirsənsə, bunların heç biri sayılmır. Bu təfəkkür hakimiyyətə etiraz edib-etməməyi insana dəyər verməyin yeganə və əsas meyarına çevirməklə, faktiki bir növ öz marginal ictimai totalitarizmini yaratmış olur: Kənarda qalmaq olmaz, kənarda qalan düşməndir, hamı iştirak etməlidir! Etməyən mənəvi repressiyaya uğradılacaq. Nə qədər simvolik bir mənzərə: “Avtoritarizm”ə qarşı mübarizə apardıqlarını deyənlər özləri artıq indidən totalitarizm yaradıblar.

Mən hər zaman düşünürdüm ki, bunun niyə son dərəcə axmaq yanaşma olduğunu marginallara izah etməyə ehtiyac yoxdur, amma belə görünür, var imiş. Marginallar istəyirlər ki, hamı dünyanı onların köstəbək gözü ilə ilə görsün. Məsələn, hamı razılaşsın ki, AXCP üzvlərinin həbsi “repressiya”dır; yaxud, ölkədə hansısa bir kasib ailənin dramı mütləq hökumətin günahıdır. İntellektual insan bu hadisələri eyni zamanda bir neçə ölçüdə görür, qiymətləndirir; tutulan gənclərə və kasıb ailəyə marginallardan fərqli olaraq, onun həqiqətən ürəyi yanır, nəsə etmək istəyir, amma eyni zamanda, başa düşür ki, hər şey siyasi onurğasızların göstərməyə çalışdıqları qədər sadə və birölçülü deyil. Anlayır ki, bu problemləri şəxsiləşdirmək, simvollaşdırmaq olmaz. O, dünyaya marginalların üstünə tulladıqları eynəkdən baxmır, çünki özünün təfəkkür onurğası var, gördüklərini özü qiymətləndirə bilir.

Digər tərəfdən, «А судьи кто?..» İnsanlardan etiraz tələb edənlərin, etməyənlərə cürbəcür yarlıq yapışdıranların özləri kimlərdir? Onların hansı siyasi kimlikləri, ideologiyaları, platformaları var? Pislətməyə çalışdıqları hakimiyyətin əvəzində cəmiyyətə nə təklif edirlər? Heç nə. Bu adamlar siyasi donquldananlar partiyasıdır, bütün günü sadəcə, donquldanırlar və tələbləri budur ki, biz də onlara qoşulub, donquldanaq. Məqsədsiz-filansız. Əsas odur ölkədə donquldananların sayı çoxalsın. Hamı marginallaşsın. Ona görə də, mən nəinki özümə, heç bir dostuma, tanışıma, yaxınıma, ərkim çatana bunu rəva görmürəm. Hazırda bu donquldananlar ordusunun səsinə səs vermək öz alnına “mən marginalam” yazmaq kimi bir şeydir. Siyasətlə uğurlu və intellektual insanlar məşğul olmalıdırlar, özünə profil açmaqdan başqa ortaya heç nə qoya bilməmiş uğrsuz marginallar sürüsü yox. Onlar cəmiyyəti heç bir yaxşı yerə apara bilməzlər Qoy, bu adamlar əvvəlcə təşkilatlanıb, bir partiya yaratsınlar, ortaya siyasi kimlik qoysunlar, görək, bacaracaqlarmı? Bacarmayacaqlarsa, hansı haqla bizdən nəsə tələb edirlər? Niyə biz onların çağırışına qoşulub, məchulluğa tərəf getməliyik axı?!

Donquldananlar ordusunun ən yayğın tələblərindən biri budur: Niyə haqsızlığı görüb, susursunuz? Axı sizin “haqsızlıq” dediyiniz şey başqasının sadəcə olaraq, maraq dairəsində deyil. Marginal olmayan insan sualı belə qoyardı: Hüquq müdafiəçilərimiz niyə bu mövzunu ARAŞDIRIB, rəy vermirlər?! Bir yazıçı, rəssam, musiqiçi işini-gücünü atıb, “haqsızlıq” dediyinizi araşırmaqlamı məşğul olmalıdır? Xeyr, düz demirsiniz, haqsızlıq heç də dərhal nəzərə çarpmır və ilk baxışdan görünənlərin əksər hallarda dərn alt qatları olur. Nəyisə araşdırmadan, kökünü, mahiyyətini bilmədən rəy vermək marginalların işidir.

Yazıçı Anarın 90-cı illərdə qələmə aldığı möhtəşəm bir həcv var idi: “Kim dali?!” Həmin hekayədə personajlardan biri müəllifin üstünə cumub, Ərk qalasından tutmuş, apostrofa, İçərişəhərdən tutmuş, Tibetə qədər bütün məsələləri bir-bir sayaraq, hiddətlə soruşur ki, “Niyə susursunuz? Niyə hayqırmırsınız?!” İndi sosial şəbəkədə eyni vəziyyətdir: Dəxli oldu-olmadı, marginal düşüncə az qala adamların dartıb yaxasını cırır ki, “Niyə susursunuz? Niyə hayqırmırsınız?!” Bu, artıq marginal təfəkkürün aqoniyada olduğunu göstərir. Çünki onlar görürlər ki, azlıqdadırlar, sayılmırlar və bunun səbəbini düzgün anlaya bilmirlər. Elə bilirlər ki, xalq qorxduğu üçün bunlara dəstək vermir. Halbuki, bütöv xalq heç vaxt qorxaq ola bilməz. Gerçək səbəb odur ki, bu marginalların siyasi donqunldanmaları bir qismə kənardan yaxşı tamaşa kimi görünə bilər. Onlar baxır, şərh yazır, bəzən əl çalırlar, amma son nəticədə başa düşürlər ki, qarşılarındakı marginal siyasət tamaşasından savayı heç nə deyil. Digər qism isə bu marginal-siyasi donquldanmalara sadəcə, ikrahla baxır.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Sosial-şəbəkə   Aqressiya   Marginallar   Siyasi-donquldanmalar  





Xəbər lenti