Vətən sizinlə qürur duyur! - Tovuz şəhidlərinin qəhrəmanlıq yolu - FOTOLAR

  Vətən sizinlə qürur duyur!  - Tovuz şəhidlərinin qəhrəmanlıq yolu -  FOTOLAR
  21 Avqust 2020    Oxunub:34736
Ötən ay Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi toqquşma ilə yadda qaldı. Belə ki, iyulun 12-dən başlayaraq Ermənistan ordusu artilleriya, iriçaplı silahlar və minaatanlardan istifadə etməklə Tovuz rayonu istiqamətindəki mövqelərimizə hücum cəhdi etdi. Azərbaycan Ordusu tərəfindən düşmənin xain hücumunun qarşısı qətiyyətlə alındı, işğalçılara ağır zərbə endirildi, ermənilərin çoxlu sayda hərbi texnikası və canlı qüvvəsi məhv edildi. Ermənistan ordusunun artilleriya atəşi nəticəsində Tovuzun bir neçə kəndində əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məntəqələrinin infrastrukturuna ciddi ziyan dəydi. Düşmənin yaşayış məntəqələrimizi artilleriya atəşinə tutması nəticəsində bir nəfər mülki vətəndaşımız həlak oldu. İyulun 16-dək davam edən döyüşlərdə böyük şücaət göstərən 12 hərbçimiz şəhidlik zirvəsinə yüksəldi.
Tovuz döyüşlərində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olması onu bir daha göstərdi ki, bizim yüksək rütbəli zabitlərimiz əsgərin arxasında gizlənmir, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu Aprel zəfərindən sonra Tovuz döyüşlərində də tarixi qələbəyə imza atdı.

Azvision.az bu qələbədə ən böyük pay sahibi olan şəhidlərimizlə bağlı məlumatları oxuculara təqdim edir:



Əslən Qəbələ rayonunun Vəndam kəndindən olan şəhid general Polad Həşimov 2 yanvar 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. Daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Zabit kimi bir neçə döyüş bölgəsində xidmət edib.

2009-cu il iyunun 25-də “Vətən uğrunda” medalı, 2014-cü il iyunun 24-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2016-cı il aprelin 19-da 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Həşimov 2016-cı ilin 2-4 aprel tarixində Talış qəsəbəsi uğrunda gedən döyüşlərdə 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və atışma zamanı yaralanmasına baxmayaraq, sonadək düşmənə qarşı vuruşub.

Hazırda həmin istiqamətdəki postlardan biri “Polad postu” adlanır.

Ötən il Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

İyulun 14-də Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan generalın nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra yaşadığı Sumqayıt şəhərinə gətirilib. İyulun 15-də II Fəxri Xiyabanda polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Prezident İlham Əliyevin tapşırığı ilə Qəbələ rayonunun mərkəzi küçələrindən birinə onun adı verilib.

Şəhid generalımız 2 oğul və 1 qız atası idi.



Polkovnik İlqar Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub. 1980-ci ildə elə həmin şəhərin orta məktəbinə daxil olub, 1990-cı ildə məktəbi bitirib. 1991-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. 1995-ci ildə təhsilini başa vurduqdan sonra leytenant rütbəsi ilə xidmətə başlayıb. Bir sıra rayon və şəhərlərdə xidmət edib. Xidməti dövründə bir neçə dəfə medal ilə təltif olunub.

Mirəzyev 2019-cu ildə 3-cü Ordu korpusunun Artilleriya rəisi təyin edilib. İyulun 14-də şəhid olan polkovnik bir gün sonra ikinci Fəxri Xiyabanda general-mayor Polad Həşimovla yanaşı dəfn olunub.

İlqar Mirzəyev ailəli idi, 1 oğlu və 1 qızı yadigar qalıb.



Mayor Anar Novruzov 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. O, 10 uşaqlı ailənin sonbeşiyi idi. Hərbi məktəbi bitirən Novruzov Türkiyədə təlimlərdə iştirak edib. Mayor Novruzovun ömrünün 26 ili səngərdə keçib. Xidməti dövründə bir neçə dəfə medal ilə təltif edilib.

Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan Anar Novruzov iyulun 14-də doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsində dəfn olunub.

Ailəli idi, bir oğul və bir qız atasıdır.



Mayor Namiq Əhmədov 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 36 yaşı artilleriya komandiri iyulun 14-də gedən şiddətli döyüşlərdə şəhid olub. Elə həmin gün doğulduğu Yuxarı Salahlı kəndində torpağa tapşırılıb.

Şəhidimizin 1 oğul, 1 qız övladı yadigar qalıb.



Baş leytenant Rəşad Mahmudov 1992-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dünyaya gəlib. Şəhid olmasından 10 gün əvvəl 28 yaşı tamam olub. Uşaqlıqdan arzusu hərbçi olmaq idi. Orta məktəbi bitirən Rəşad hərbi məktəbə daxil olub və 8 il burada təhsil alıb. Akademiyanı bitirdikdən sonra döyüş bölgəsində hərbi xidmətə başlayıb.

İyulun 13-də şəhid olan zabitimiz elə həmin gün doğulduğu Aşağı Cürəli kəndində dəfn olunub. Mahmudov subay idi.



Gizir İlqar Zeynallı 1995-ci ildə Tovuz rayonunun Cəlilli kəndində anadan olub. Xidməti ancaq ön cəbhədə olan Zeynallı iyulun 14-də şiddətli döyüşlər zamanı şəhid olub. Həmin gün doğulduğu Cəlilli kəndində torpağa tapşırılıb. İlqar subay idi.



Gizir Yaşar Babayev 1987-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. Xidməti ancaq ön cəbhədə olan Babayev iyulun 14-də şiddətli döyüşlər zamanı şəhid olub.

2012-ci ildə ailə həyatı quran Yaşar 8 il övlad arzusunda idi. Onun şəhid olmasından 2 gün sonra, iyulun 16-da qızı Narin dünyaya gəlib. Gizir Babayev şəhid olduğu gün doğulduğu kənddə torpağa tapşırılıb.



Çavuş Vüqar Sadıqov 1987-ci ildə Ağstafa rayonunun Göycəli kəndində dünyaya gəlib. Vüqar iyulun 12-də Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olub. Bir gün sonra doğulduğu kənddə dəfn olunub. Ailəli olan Sadıqov 2 qız və 1 oğul atası idi.



Müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, baş əsgər Elşad Məmmədov 1996-cı ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub. Məmmədov iyulun 12-də gedən döyüşlər zamanı şəhid olub. İyulun 13-də doğulduğu kənddə dəfn edilib. Ailəli olan Elşadın 6 aylıq oğlu Məhəmməd yadigar qalıb.



Müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə 1992-ci ildə Ağstafa rayonunun Həsənsu kəndində doğulub. İyulun 14-də şiddətli döyüşlər zamanı şəhid olan Elçin elə həmin gün doğulduğu kənddə torpağa tapşırılıb. O, nişanlı idi və ailə həyatı qurmağa hazırlaşırdı.



Müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, əsgər Nazim İsmayılov 1996-cı ildə Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub. Nazim iyulun 16-da şiddətli döyüşlər zamanı şəhid olub və həmin gün doğulduğu Korxəlifəli kəndinin qəbiristanlığında dəfn olunub.

Subay olan İsmayılov yaxın zamanlarda ailə qurmağa hazırlaşırdı.



Əsgər Xəyyam Daşdəmirov 2002-ci ilin fevralın 22-də İsmayıllı rayonunun Balık kəndində anadan olub. O, Bakının Biləcəri qəsəbəsində 123 saylı orta məktəbdə təhsil alıb.

X.Daşdəmirov bu il mayın 8-də hərbi xidmətə yola düşüb. İyulun 12-də qəhrəmancasına şəhid olub. Bir gün sonra doğulduğu kənddə torpağa tapşırılıb. Xəyyam subay idi.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Tovuz   Döyüş  





Xəbər lenti