Çırpınırdı Aralıq dəniz... – TƏHLİL

   Çırpınırdı Aralıq dəniz... –    TƏHLİL
  09 Sentyabr 2020    Oxunub:12786
Aralıq dənizində Kıbrıs adası yaxınlığında yerləşən təbii qaz yataqlarının istismarı hüququ ilə bağlı Türkiyə ilə Yunanıstan arasında yaranmış gərginlik artmaqdadır və hər an silahlı qarşıdurmaya çevrilə bilər. Fransa bu məsələdə birtərəfli qaydada Yunanıstana dəstək verib və hətta keçən ay iki ölkənin silahlı qüvvələri Yunan Kipri ərazisində birgə hərbi təlimlər keçiriblər. Fransanın bu mövqeyini Türkiyə tərəfi ciddi tənqid etməklə yanaşı, ərazidə silahlı qüvvələrinin sayını artırmağa başlayıb.
Azərbaycan prezidenti İlham Əliyev də Yunanıstanın yeni təyin təyin olunmuş səfirini qəbul edərkən açıq şəkildə Türkiyəni Aralıq dənizində yaranmış məsələdə dəstəklədiyini bəyan etmişdi. Böyük geosiyasi qüvvələrin maraqlarının toqquşduğu bu məsələdə kifayət qədər təcrübəli və uzaqgörən siyasətçi olan İlham Əliyevin belə açıq mövqe sərgiləməsi nə ilə bağlı ola bilər?

Əslində, Yunanıstanla Türkiyə arasında yaranmış mübahisənin əsas səbəbi qaz yataqlarının kim tərəfindən istismar olunmasından daha çox, hasil olunacaq qazın hansı marşrutla ixrac ediləcəyilə bağlıdır. Belə ki, 2019-cu ildə Yunanıstan, yunan Kipri və İsrailin hökumət rəhbərləri arasında imzalanmış Şərqi Aralıq Dənizi (EastMed) qaz boru xəttinin çəkilməsi barədə müqaviləyə əsasən, Yunan Kiprinin cənubundan hasil olunacaq təbii qaz Kiprdən dənizlə Yunanıstanın Krit adasına, oradan Yunanıstanın əsas ərazisinə, buradan isə İtaliyaya çəkiləcək qaz boru xətti vasitəsilə nəql olunması planlaşdırılırdı.

Lakin, BMT, Avropa Birliyi və ABŞ Liviyanın qanuni hakimiyyəti kimi tanıdığı Fahiz Saracın başçılıq etdiyi hökumətlə Ankara arasında imzalanmış dəniz zonalarının sərhədlərinin müəyyən edilməsi barədə qarşılıqlı anlaşmaya dair memorandumdan sonra Aralıq dənizinin şərq hissəsi faktiki olaraq Türkiyə ilə Liviya arasında iki hissəyə bölündü. Beləliklə, bu zonada hər hansı fəaliyyətlə məşğul olmaq istəyən ölkə Türkiyənin razılığını almalı idi. Lakin Yunanıstan Aralıq dənizinin həmin hissəsində Krit, Rodos, Kerpe və Meis adalarının iqtisadi maraq zonalarının olmasını irəli sürərək, buna qarşı çıxsa da, Türkiyə tərəfi dənizdə iqtisadi zonanın müəyyən edilməsinin dövlətin qitədəki əsas ərazisinə uyğun həyata keçirilirdiyini yunanlara xatırlatmaqla yanaşı, sahilyanı ölkələrin hər birilə danışıqlar masasına oturmağa hazır olduğunu da dilə gətirdi. Başqa sözlə desək, Türkiyə Aralıq dənizindən qaz çıxarıb, Avropaya ixrac etmək istəyən dövlətlərin onunla hesablaşmalı olduğu ismarıcını verdi.

Bundan sonra ilk baxışdan regiona heç bir aidiyyatı olmayan Fransa proseslərə müdaxilə etməyə başladı və Yunanıstana hərbi dəstək verməkdən belə çəkinmədi. Fransanın hərbi dəstəyindən ruhlanan Yunanıstan Türkiyəyə qarşı daha sərt mövqe nümayiş etdirməyə başladı və iki NATO üzvü arasında münasibətlərin gərginləşməsindən narahatlığını gizlətməyən Şimali Atlantika Alyansının baş katibi Stoltenberq tərəfləri dialoqa dəvət etdi. Lakin Yunanıstan danışıqlara qatılmadı. Çünki beynəlxalq hüquq Türkiyənin haqlı olduğunu deyir və Yunanıstan danışıqlar masasında məğlubiyyəti ilə barışmalı olacaqdı.

- Sən nə haqla bura gəlirsən? Sən Avropa Birliyinin nə qarantı deyilsən nə nümayəndəsi deyilsən, sənin heç bir razılaşman da yoxdur. Bu, yolverilməzdir. Necə gəliblər, eləcə də gedəcəklər,- deyə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Fransanın Aralıq dənizi hövzəsində fəallıq göstərməsinə münasibət bildirərkən deyib. Doğrudan da, Fransanın Aralıq dənizinə soxulmasının səbəbi nə ilə bağlı ola bilər?



Güman ki, Amerikadan narazı olan həm Fransa, həm də Rusiyanın qarşılıqlı faydalı iş birliyi mövcuddur. Rusiya iqtisadi-siyasi münasibətlərini korlamamaq üçün Türkiyəyə qarşı açıq mövqe sərgiləməsə də, bu ölkənin məşhur “Vaqner” şirkətinin beş minə yaxın muzdlu hərbçisi Liviyada Xəlifə Həftərin tərəfində vuruşur. Bu barədə məlumat verən “The New York Times” qəzeti yazır ki, Rusiyanın silah-sursat daşıyan hərbi təyyarələri Suriyadakı Rusiyanın Xmeymim hərbi bazasından Liviyaya mütəmadi uçuşlar həyata keçirirlər.

Yunanıstan və Fransanın Aralıq dənizi ilə bağlı son ümidləri Liviyada Xəlifə Həftərin hakimiyyəti ələ keçirməsidir ki, bu halda Türkiyənin istinad etdiyi Liviya hökuməti ilə imzaladığı memarandum qüvvədən düşəcək. Təsadüfi deyil ki, Çavuşoğlu Liviyada Həftərin darmadağın edilməsindən Makronun “isteriya” keçirdiyini bildirmişdi. Türkiyənin Aralıq dənizində Fransa və Yunanıstanla müharibəyə başlaması isə ilk növbədə Rusiyanın maraqlarına cavab verir. Çünki, belə olan halda Qafqazda fəallaşan Türkiyənin regionda hərbi iştirakını yubatmaq olar. Yeri gəlmişkən onu da bildirək ki, Türkiyənin Qafaqaza girməsi heç Fransanın da ürəyincə deyil və bu məsələdə də onlar Rusiya ilə həmrəydirlər.

Digər tərəfdən, Fransanın keçmiş müstəmləkəsi olan Malidə ötən ay baş vermiş hərbi çevrilişdən sonra bu Afrika ölkəsinin Fransaya loyal prezidenti İbrahim Bubakar Keyta həbs olunmuş, daha sonra azad edilərək, “müalicə” adıyla xaricə qaçmışdı. Hərbi çevrilişdən sonra Malidə hakimiyyəti ələ keçirmiş hərbi xuntanın 5 üzvündən 2-si Rusiyada, 1-i isə ABŞ-da hərbi təhsil alıblar.

Fransa prezidenti Makronun “NATO-da beyinlərin çürüməsi”ndən söz açması, Avropa Birliyinin hərbi qüvvələrinin gücləndirilməsindən danışması Parisin Vaşinqtonun təsirindən çıxmağa çalışdığını göstərir. ABŞ prezidenti Tramp isə “Rusiya ilə Çinin Afrikaya müdaxiləsinin qarşısı alınmalıdır” kimi bəyanatlar səsləndirməkdədir. Bütün bunlar onu deməyə əsas verir ki, Malidəki çevrilişin arxasında məhz Vaşinqton dayanır və Fransa hələ də müstəmləkəsi kimi qəbul etdiyi Malini öz nəzarətinə qaytarmaq üçün Rusiya ilə əməkdaşlığa girməkdə maraqlıdır.

Tofiq Vahid
Azvision.az üçün


Teqlər:   Türkiyə   Aralıq-dənizi   Yunanıstan  





Xəbər lenti