“Ermənistan qəsdən gərginliyi artırmaqda maraqlıdır” - Tural Gəncəliyev

   “Ermənistan qəsdən gərginliyi artırmaqda maraqlıdır” -    Tural Gəncəliyev
  20 Sentyabr 2020    Oxunub:4529
Ermənistanın siyasi rəhbərliyi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz etmək istiqamətində fəaliyyətinə daha bir element daxil edib. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş oyuncaq rejimin “başçısı” bildirib ki, 2022-ci ilə qədər qondarma rejimin “parlamenti” Şuşaya köçürüləcək və bu köçürülmə Şuşa şəhərinin tarixi rolunu nəzərə alaraq “simvolik məna daşıyır”.
Azvision.az xəbər verir ki, bu fikirləri Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin “parlamenti”nin Şuşa şəhərinə köçürülməsi ilə bağlı KİV-ə açıqlamasında Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev bildirib.

Tural Gəncəliyev deyib ki, son hadisələrin fonunda Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olan Şuşanın adının məqsədli şəkildə Ermənistanın çirkin əməllərinə alət edilməsi işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir. Bu qərar həm də onu göstərir ki, Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır. Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və Azərbaycanın daha çox ərazilərini işğal etmək üçün yeni hücumlara hazırlaşır.

“Bəyan edirik ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsinin işğalı müvəqqətidir. Ermənistanın işğalı altında olan bütün ərazilərimiz azad ediləcək və bütün məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsi təmin ediləcək”, - deyə açıqlamada bildirilib.

Azvision.az


Teqlər: TuralGəncəliyev  





Xəbər lenti