Hərb yolu ilə sülhə məcburetmənin beynəlxalq hüquqi əsasları
BMT nizamnaməsi qəbul olduqdan az sonra onun yaranmasında əsas rola malik olan dövlətlərin özləri belə Nizamnamənin 6-cı bölməsinin tələblərinə əməl edə bilmədilər.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması zamanı da BMT nizamnaməsinin bu bölməsi faktiki olaraq işləmədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, o cümlədən 30 aprel 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı qətnamə, 29 iyul 1993-cü ildə qəbul etdiyi 853 saylı qətnamə, 1993-cü il oktyabrın 14-də qəbul etdiyi 874 saylı qətnamə və 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamə Ermənistan tərəfindən icra olunmamış qaldı. Ermənistan bu qətnamələrə nəinki etinasız yanşdı, sonrakı dövrlərdə işğalı davam etdirməyə cəhd etdi. Ümummilli Lider Heydər Əliyev qısa müddətdə məhdud resursları cəmləyərək Ermənistanın işğalının nəinki qarşısını aldı, hətta bəzi əraziləri işğaldan azad etdi. Lakin həmin dövrdə hərbi əməliyyatları uğurla davam etdirmək hər iki tərəf üçün çox çətin olduğu üçün 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə "Bişkek protokolu" imzalandı və mayın 12-də qüvvəyə mindi. Bununla da cəbhə xəttində aktiv hərbi əməliyyatlar dayandırldı.
Sonrakı dövrlərdə Azərbaycan dövlətinin bütün səylərinə baxmayaraq BMT Təhlükəsizlik Şurası özünün qəbul etdiyi qətnamələrin icrasına nail ola bilmədi. Qeyd olunmalıdır ki, BMT Təhlükəsizlik Şurası bu qətnamələri qəbul edərkən ikili standartlar da öz rolunu oynamışdı. Ermənistan həm də bu baxımdan qətnamələrə tam etinasızlıq nümayiş etdirməkdə davam etdi. Sonradan ATƏT Minsk Qrupunun yaradılmasına baxmayaraq münaqişənin sülh və danışıqlar yolu ilə həll edilməsi istiqamətində nəinki irəlləyişə nail oluna bilmədi, əksinə bu qrupun fəaliyyəti münaqişənin dondurulması, onun münaqişədən mübahisəyə çevrilməsi, status-kvonun saxlanılması yolu ilə Ermənistan üçün işağlı “legitimlədirmək” üçün fəaliyyətə keçmək üçün şans verdi.
BMT Təhlükəsizlik Şurasının paraktikasında bu tipli icra olunmamaış qətnamələr kifayət qədərdir. Beynəlxalq hüququn münaqişləri dinc yolla həll etmək mexanizmləri işləmədiyi halda, digər mexanizlərin tətbiq olunması zərurəti yaranır.
Əlbəttə beynəlxalq hüquqnda mübahisə və münaqişənin hərbi yolla deyil, hüquqi və iqtisadi mexanizmlərlə alınmasını nəzərdə tutan digər üsullar da mövcuddur. Azərbaycan dövlətinin prinsipial mövqeyi nəticəsində Ermənistan bütün qlobal layihələrdən kənada qalmış, Azərbaycan tərəfindən və Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə Respublikası tərəfindən Ermənistana iqtisadi sanksiyalar tətbiq olunmuşdur.
Bütün mümkün qeyri-hərbi mexanizmlər tükədikdən sonra və Ermənistanın Baş naziri Nikol Paşinyan Ümumerməni Oyunların keçirilməsiylə bağlı Xankəndinə etdiyi çıxışı zamanı “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini dəflərlə təkrarlamaqla sülh prosesinə də nöqtə qoymuş oldu. Daha sonra Ermənistanın təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası qəbul etdi. İşğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişlədirməyə başladı “yeni ərazilər uğrunda yeni müharibə” şüarını irəli sürdü. 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində silahlı təxribat törətməsi, sentyabr ayının 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan beynəlxalq hüqun digər mexanizmindən istifadə etməklə, hərb yolu ilə ərazilərin işğaldan azad etməyə başladı və Ermənistanı sülhə məcbur etdi.
BMT nizamnaməsinin 7-ci bölməsidə, konkret olaraq 42-ci maddədə göstərilir ki, “Təhlükəsizlik Şurası 41-ci maddədə nəzərdə tutulan tədbirlərin kifayət olmadığı ehtimal olunduğu halda və ya artıq kifayət olmadığınını hesab etdikdə, o, beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və ya bərpa etmək üçün hava, dəniz və ya quru qoşunları tərəfindən zəruri ola biləcək tədbirləri görməyə səlahiyyətlidir. Bu cür hərəkətlərə Təşkilat Üzvlərinin hava, dəniz və ya quru qüvvələri tərəfindən nümayişlər, blokadalar və digər əməliyyatlar daxil ola bilər”. Bu müddəa əslində beynəlxalq hüququn prinsiplərini pozan, ölkələrin ərazi bütövlüyənə hörmət etməyən, başqa dövlətin ərazisini işğal edən və təcavüzkar siyasət aparan dövlətin və ya dövlətlərin hərbi yolla sülhə məcbur edilməsini legitimləşdirir.
Lakin BMT-ni nizamnaməsindən irəli gələn bu vəzifə də BMT-nin Təhlükəsilik Şurası tərəfindən ədalətli və ikili standartlar olmadan tətbiq oluna bilmədi. Əksəriyyət əməliyyatlar ciddi nəticə vermədi, "Mavi beretlilər"dən bir çox hallada nəhəng dövlətlərin hikkələrinin yerinə yetirilməsi üçün istifadə olundu. Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) da BMT nizamnaməsini əsas tutaraq aparıcı üzv dövlətlərin maraqları tələb edən hallarda sülhə və ya kaputilyasiyaya məcburetmə üsulundan gen-bol istifadə etməyə başladı. Balkanlarda və digər ərazilərdə aparılan əməliyyatlar zamanı məhz BMT nizamnaməsinin müddəalarını təhrif etməklə, amma həmin müddəalara istinad edərək həyata keçirlən əməliyyatlar buna parlaq misaldır. Nəticədə bu mexanizm də özünüz gücsüzlüyünü nümayiş etdirdi. SSRİ-nin davamedici varisi Rusiya beynəlxalq müstəvidə yenidən mövqelər əldə etdikcə, Çin Xalq Respublikası siyasi və iqtisadi baxımda lider dövlətlərdən birinə çevrildikcə yenidən qütbləşmə genişlədi və BMT Təhlükəsilik Şurasıda ədalətli qərarların qəbulu mümkünsüz oldu. Bu halda artıq dövlətlər “sülhə məcburetmə” mexanizmdən istifadə etməyə üstünlük verdi.
Bu baxımdan dövlətlər sülhə məcburetmə üçün qəbul olunmuş beynəlxalq hüquqi mexanizmlərdən BMT Təhlükəsilik Şurasının sanksiyası olmadan istifadə etməyə başladılar və hazırda bu parktika beynəlxalq humanitar hüququn münaqişənin həlli mexanizmərindən birinə çevrilməkdədir. Lakin dövlətlərin bir çoxu hələ də sülhə məcburetmə əməliyyatlarının gücdən istifadə etməklə digər hallarda həyata keçirilən hərbi əməliyyatlara bənzədiyini etiraf etmək istəmirlər.
Azərbaycan 27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti silahlı təxribatına cavab olaraq başladığı və sonradan ölkə Prezidentinin Vətən Müharibəsi adlandırdığı İkinci Qarabağ Müharibəsi beynəlxalq hüququn bütün prinsiplərinə, həmçinin BMT Nizamnaməsinin 7-ci bölməsinin tələblərinə tam cavab verməklə yanaşı həmçinin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərinin icrası idi. Bu baxımdan Ermənistana havadarlıq edən dövlətlər, o cümlədən Fransa BMT Təhlükəsilik Şurasında hər hansı anti-Azərbaycan qətnaməsinin qəbul olunmasına nail ola bilmədilər. Bu həm də Azərbaycan Prezidentinin və Azərbaycan xarici siyasətinin uğurlu nəticəsi idi.
Azərbaycan müharibələrin gedişində yenilik etmiş və müharibələrin gedişatını əsaslı surətdə dəyişmiş dövlətlərdən biri olaraq tarixə düşüb. Azərbaycan həmçinin beynəlxalq humanitar hüququn yenilənməsi zərurətini də bütün qabarıqlığı ilə ortaya qoyub. Təssüf ki, dünyada mövcud olan müasir münasibətlər dövlətlərin bir araya gəlməsinə və yeni qərarlar qəbul etməsinə imkan vermir.
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin İcraçı direktoru,
Beynəlxalq hüquq məsələləri üzrə ekspert