Partiya sədri: “Ordumuz bizim dayağımızdır”

  27 Sentyabr 2020    Oxunub : 1604
 Partiya sədri:  “Ordumuz bizim dayağımızdır”
İşğalçı Ermənistanın növbəti hərbi təxribatı ilə üz-üzə qalmışıq. Bu dəfə isə düşmənə bütün cəbhəboyu kəskin cavab verilib və şanlı Ordumuz kəndlərimizi və bir sıra yüksəklikləri ələ keçirib.
Azvision.az xəbər verir ki, bunu deputat, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev deyib.

Deputat bildirib ki, düşmən yaşayış məntəqələrimizi atəşə tutur, dinc insanları hədəfə alır: "Azərbaycan Ordusu isə ancaq hərbi hədəfləri vurur və beynəlxalq qanunlara əməl edir. Belə bir məqamda siyasi mövqeyindən, baxışlarından asılı olmayaraq bütün qüvvələr birləşməli, Ali Baş Komandanın qərarına tabe olmalıdır. Bu, Vətən, namus savaşıdır. Ortada vətən savaşı varsa, başqa məsələlər kənara qoyulmalıdır. Biz MCP olaraq, Prezident İlham Əliyevi dəstəkləyirik".

R.Nurullayev qeyd edib ki, bizim heç kimin torpağında gözümüz yoxdur: "Bizim torpağımıza təcavüz edilib. Lakin, Azərbaycan 30 il qabaqkı dövlət deyil. Bizim güclü Ordumuz var. İşğalçı Ermənistan və onun hamiləri bilsin ki, qələbə bizim olacaq. Azərbaycan güclü dövlətdir. Ordumuz Cənubi Qafqazın ən güclü ordusudur. Belə bir məqamda dövlətin, Prezidentin və Silahlı Qüvvələrimizin yanında olmalıyıq. Ordumuz bizim dayağımızdır, ona güvənməliyik".

Azvision.az

Teqlər: Deputat   Razi-Nurullayev