“Fransa prezidentinə bəyanatının səhv olduğunu dedim” - Prezident

  03 Oktyabr 2020    Oxunub : 6135
  “Fransa prezidentinə bəyanatının səhv olduğunu dedim” -  Prezident
Türkiyəyə məxsus F-16-nın onların Su-25-ni vurması kimi feyk xəbərdir. Onların Su-25 təyyarəsi qəzaya uğrayıb. Mənə məlumat verilmişdi ki, o, pilotun təcrübəsizliyi ucbatından dağa çırpılıb.
Azvision.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı "Amma onlar bunu sübut etmək üçün dəlillərinin olduğunu deyirlər" sualına cavabında bildirib:

"Qoy göstərsinlər. Haradadır dəlil? Təkcə Ermənistan deyil, əfsuslar olsun, mən dünən eşitdim ki, Fransa prezidenti də bəyanat verib. O, ayın 27-də axşam mənə zəng vurmuşdu, mən ona bunun səhv, yanlış olduğunu dedim. O, bu bəyanatı heç bir dəlil olmadan verib. Qoy o, bizə dəlil versin, sübut versin. Yalnız sözlərdir. Biz də çox söz deyə bilərik, amma demirik, məsuliyyətli davranırıq. Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil belə yoxdur. Biz nə ediriksə özümüz edirik.

Bizim qabil ordumuz var. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var. Mən qismən səfərbərlik elan etmişəm. Bu, bizə ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan verəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil. Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli olması və ya qeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimsə xaricdən muzdlu kimi döyüşməyə gəlirsə bununla beynəlxalq səviyyədə məşğul olunmalıdır. Bu ittihamlar tamamilə əsassızdır. Biz onları rədd edirik və dəlillərin ortaya qoyulmasını tələb edirik".

Azvision.az

Teqlər: İlham-Əliyev   Fransa