Azərbaycan QHT-ləri bəyanat yayıb

Azərbaycan QHT-ləri bəyanat yayıb
  10 Oktyabr 2020    Oxunub:4366
TASS informasiya agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin müdiri Səadət Kadırovaya qarşı səsləndirilən təhqir və təhdidlərlə əlaqədar Azərbaycan QHT-ləri bəyanat yayıb.
Azvision.az -ın məlumatına görə, bəyanatda deyilir:

"Biz, Azərbaycan QHT-ləri, TASS informasiya agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin müdiri Səadət Kadırovaya qarşı erməni ictimaiyyətinin son əsassız tənqid və təhqirləri, eləcə də onun həyat və sağlamlığına qarşı birbaşa təhdidlər səsləndirməsi barədə son dərəcə narahatlığımızı bildiririk.

Səadət Kadırovaya qarşı yönəlmiş kampaniyanın səbəbi ondadır ki, o, "Rossiya-1" telekanalının "Vladimir Solovyovla axşam" televiziya proqramında Ermənistanın Azərbaycana qarşı yönəlmiş işğalçılıq və təcavüz siyasətini açıq şəkildə tənqid edib. Onun bu çıxışdan sonra sosial medianın erməni seqmentində Səadət Kadırovanın həm peşə fəaliyyətinə, həm də şəxsiyyətinə qarşı yönəlmiş bir sıra onlayn kampaniyalar başladıldı.

Biz, Azərbaycan QHT-ləri, Ermənistan ictimaiyyətinin yuxarıda sadalanan hərəkətlərinin Rusiyanın nüfuzlu “TASS” informasiya agentliyində rəhbər mövqelərdən birini tutan jurnalist Səadət Kadırovanın hüquq və azadlıqlarının kobud şəkildə pozduğunu bəyan edirik. Düşüncə və söz azadlığı istənilən demokratik cəmiyyətin təməlidir. Bu hüququn pozulmasına yönəlmiş hər hansı bir hərəkət, hazırda erməni ictimaiyyəti tərəfindən törədildiyi əməllər də daxil olmaqla, Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq ciddi şəkildə cəzalandırılmalı və aradan qaldırılmalıdır.

Biz, Rusiya Federasiyasını Səadət Kadırovanı erməni ictimaiyyətinin təhdid və nifrət kampaniyalarından qorumaq üçün bütün lazımi tədbirləri görməyə çağırırıq".

Qeyd edək ki, bəyanatı 23 QHT imzalayıb.

Azvision.az


Teqlər: QHT  





Xəbər lenti