“Orduya xərclənən milyardlar hanı” deyənlər indi bu suallardan utanırlar”

  21 Oktyabr 2020    Oxunub : 2587
“Orduya xərclənən milyardlar hanı” deyənlər indi bu suallardan utanırlar”
“Ordumuz zəfərləri ilə Şuşaya doğru irəliləyir və illərlə hərbi büdcənin, ordunun maddi-texniki bazasının gücləndirilməsi olmasaydı, indi bəlkə də işlərimiz hədsiz dərəcədə cəncələ düşərdi”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. Onun sözlərinə görə, Prezidentin zamanında atdığı müdrik addımların bəhrəsini indi döyüş meydanında sezə bilirik:

“Ali Baş Komandan dəfələrlə deyib ki, biz nəyi nə vaxt, necə etmək lazım olduğunu bilirik. O hətta bir neçə ay öncə bildirmişdi ki, yaxın tarix də dəfələrlə bunu göstərib. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olub. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik.

Ona görə də illərlə hakimiyyətə irad tutanlar indi bu müdrikliyi, bu həqiqəti sevinc içində izləyirlər. Biz adətən bir qədər hövsələsizlik edirdik. Dəfələrlə eşidirdik ki, bəziləri bu qədər bahalı, ən müasir texnologiyalara əsaslanan silah-sursatları, texnikaları hansı səbəbdən almağımızı irad tuturdular. “Niyə istifadə edilmir?”, “Almışıqsa müharibə niyə başlamır” və s. tipli sualları verənlər bilmirdilər ki, nəyi nə vaxt, necə etmək lazımdır… Amma ölkə başçısı hər şeyi yüz ölçüb, bir biçdi, azadetmə proseslərinin nə vaxt başlayacağını gözəl hesablamışdı. Bu gün də məlum hadisələrin necə bitəcəyini çox gözəl bilir”.

Deputat deyib ki, hazırda illər öncə “hanı orduya xərclənən milyardlar” deyib səs-küy salanlar bu irad və sualların hamısına cavabları alır. Bir qism insan isterik suallarına indi davam edən döyüşlərdəki uğurlarla cavab alır:

“Ordumuz zəfər qələbələri ilə Şuşaya doğru irəliləyir və bütün bu düşünülmüş uğurlu siyasət illərlə hərbi büdcənin maddi-texniki bazasının gücləndirilməsi olmasaydı, indi bəlkə də işimiz hədsiz dərəcədə cəncələ düşərdi. Dağlıq Qarabağın azadlığı artıq hansısa ayaq altına atılan, sayılmayan beynəlxalq konvensiya və qətnamələrlə deyil, ən müasir silahlarla ayaqda duran əsgərlərimizin əzmi, rəşadəti ilə reallaşır. Yəni fikrimin məğzi budur ki, illərlə ortalıqda dolaşan bu kimi suallara Ali Baş Komandan bir əmri ilə cavab verdi, real nəticələrlə cavab verildi və verməkdədir də... Ümid edirəm ki, zamanında sərt şəkildə hökuməti, dövlətimizi qınayanlar indi “hərbiyə xərclənən milyardlar hanı” kimi isterik suallarından utanırlar”.

Aqil Abbas sıranın niyə hələ də Ağdama çatmaması ilə bağlı hövsələsizlik edənlərə cavab verib: “Bu gün söhbət təkcə ən çox şəhid verən Ağdamdan getmir. Ölkə başçısının dediyi kimi bir qarış torpağımız belə işğalda qalmamalıdır və qalmayacaq da. Söhbət bütün nəzarətimizdə olmayan torpaqlardan gedir ki, onların hamısı Cəbrayıl, Füzuli kimi geri qaytarılacaq. Bütün yazılarımda, məqalələrimdə və çıxışlarımda fikirlərimi hər zaman bunun üzərində kökləmişəm ki, Şuşasız uğurlarımız natamam olar. Ağdam da hazırda öz yerindədir, öz zamanını gözləyir.

Şuşa alınsa, deməli, Ağdam da alınacaq. Şuşa yoxdursa, Ağdam nəyimə lazımdır axı? Əsas Şuşadır. Ora bizim müəyyən mənada paytaxtımız sayılır. Şuşa bütün dünya türklərinin Məkkəsidir. Ermənilərin əbədi işğalda saxlayacağını düşündükləri bu şəhər bütün azərbaycanlılar üçün müqəddəs torpaqdır. Yəni bura talış, ləzgi, avar, yəhudi və digər ölkəmizdə yaşayan millətlər üçün çox dəyərlidir. Azərbacan hazırda beş barmaq kimi birləşmiş yumruqdur və yaxın günlərdə həmin müqəddəs torpaqlar gücləndirilmiş ordumuzun hücumları ilə geri alınacaq”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ordu   Aqil-Abbas