Bölmələrimiz cəbhəboyu döyüşləri davam etdirir

  25 Oktyabr 2020    Oxunub : 1959
 Bölmələrimiz cəbhəboyu döyüşləri davam etdirir
Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları davam edib. Düşmən əməliyyat sahəsindəki qoşunlarımızı, həmçinin Ağdam, Tərtər, Ağcabədi rayonlarını tanklar, minaatanlar və toplardan atəşə tutub.
Azvision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

Anar Eyvazov bildirib ki, Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun olaraq əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirib və işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirib. Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi atəş zərbələri endirərək onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə döyüş mövqelərini düşməndən təmizləyib. Ağdərə və Xocavənd istiqamətlərində yerləşən düşmən bölmələri ordumuzun cavab tədbirləri nəticəsində xeyli sayda canlı qüvvə itirib.

Qeyd edilib ki, artıq Ermənistan tərəfində döyüş sursatının tükəndiyi və artilleriya qurğularının sıradan çıxdığı məlum olub. Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının 1-ci taborunun bölmələri canlı qüvvə və hərbi texnika baxımından itkilər verərək geriyə qayıdıb. Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib.

Hərbi hava qüvvələrimizin döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində düşmənin üç tankını, iki sığınacağını və dörd dayaq məntəqəsini dəqiq zərbələrlə sıradan çıxarıb.
Azad edilmiş ərazilərdə şanlı qələbəmiz qeyd olundu - FOTOLAR

Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 3 tankı, 2 piyada döyüş maşını, 6 artilleriya qurğusu, 1 “Qiasint-B” topu, 2 “Qrad”, 1 komanda idarəetmə məntəqəsi, 9avtomobil texnikası və bir neçə atəş nöqtəsi məhv edilib.

“Hazırda bölmələrimiz cəbhəboyu döyüşləri davam etdirir. Hərbi hava qüvvələrimizin döyüş aviasiyası düşmənin hərbi infrastrukturlarını hədəfə alır. Ümumi olaraq qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Düşmən havadan və qurudan darmadağın edilir. Qələbə bizimlədir!”, - deyə Anar Eyvazov vurğulayıb.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi