“Sovetski” problemini necə həll etməli? - AKTUAL
Vəziyyətdən neçə çıxmalı? “Sovetski” sakinlərinin mənzil problemlərini həll etmək üçün nə etməli?
İqtisadçı ekspert Vüqar Bayramov AzVision.az-a açıqlamasında “Sovetski” sakinlərinin narazılığının qarşısnı almaq üçün əhəmiyyətli təkliflər irəli sürüb. Ekspert hesab edir ki, kompensasiyanın hesablanması və ödənilməsində daha çox Ukraynada tətbiq edilən praktika tətbiq edilir.
“Bu praktika məhz sökülən şəhərdə zonalar üzrə miniumumların müəyyənləşdirilməsindən ibarətdir. Yəni miniumumların müəyyənləşdirilməsi ilə praktik olaraq dövlət qurumlarına və hətta özəl şirkətə imkan verilmir ki, minimumlardan aşağı ödəniş edilsin. Bu həm birinci, həm ikinci və digər zonalar üzrə bazar qiymətinə uyğun olaraq minimumlar müəyyənləşdirilə bilər. Həmin minimumlar kompensasiya üçün ən aşağı hədd kimi göstəriləcək”.
V.Bayramov “Sovetski”də yerləşən birinci zona üçün minumum iki min manat müəyyənləşdirilməsini təklif edib.
“Çünki yerindən asılı olaraq bu rəqəm arta bilər. Amma bütün hallarda 2 min manat minimum olaraq növbəti mənzillər üçün nəzərdə tutulmalıdır. Eyni zamanda biz “Sovetski”də yaşayan vətəndaşların 4 min manat kompensasiya tələb etməsini də realistik hesab etmirik. Çünki nəzərə alsaq ki, Bakıda kvadrat metri 4 min manata praktik olaraq mənzillər yoxdur. O baxımdan bu 4 min manatın ödənilməsi dövlət büdcəsinin imkanları baxımdan da real deyil. Eyni zamnada 1500 manat da bazar qiymətinə uyğun deyil”.
Ekspertin sözlərinə görə, “Sovetski”də tikilən mənzillərin qiyməti 1500 manatdan artıq olduğundan orta bir qiymət müəyyənləşdirilməlidir.
“Həmin orta qiymət də bazar qiymətinə uyğun olaraq müəyyənləşdirilmiş qiymət olsun. Eyni zamanda söküntü baş verən zaman insanların mənzil bazarına daxil olmaması üçün daha məqsədə uyğundur ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına tenderlər həyata keçirilsin və qalib gələn şirkətə yeni binaların inşası tapşırılsın.
Məsələn, birinci zonada söküntü olacaqsa, o zaman birinci zonada şəhərin mərkəzində bu məqsədlə torpaq sahəsinin dövlət tərəfindən ayrılması və dövlət büdcəsi hesabına maliyyələşdirilərək hündürmərtəbəli binanın inşa edilməsi mümkündür. Bu zaman artıq belə söküntülər baş verən zaman ikiotaqlı mənzili olan şəxsə iki otaqlı, yəni otaqların sayına uyğun olaraq yeni tikilidən mənzillərin tikilməsi mümkündür. Bu mənzil sahiblərini də narazı salamayacaq. Çünki mənzil sahibləri eyni zonadan eyni ərazidən mənzil almaq imkanlarına malik olacaqlar. Digər üstünlüklərdən biri də ondan ibarətdir ki, həmin vətəndaşlar bazara daxil olmayacaqlar”.
V.Bayramov hesab edir ki, sakinlərin evlə təmin edilməsi əmlak bazarında qiymət artımına zəmin yaratmayacaq.
“Bu praktiki olaraq imkan verəcək ki, bazarda bu gün müşahidə edilən, eyni zamanda qiymət artımlarının qarşısını almaq mümkün olsun. Tələbatın bir hissəsi dövlət tərəfindən ödənildiyi üçün bu qiymətlərin stabilləşməsinə və müəyyən qədər azalmasına gətirib çıxaracaq. O baxımdan biz kompensasiya ödənildiyi halda minimumların müəyyənləşdirilməsinin və onların bazar qiymətinə uyğun olaraq hesablanmasının, bir mənalı olaraq dövlətin inşa etdiyi mənzillər hesabına təminatın həyata keçirilməsini təklif edirik”.
Şahanə Rəhimli