DMX-nin Vətən müharibəsində iştirak edən əməkdaşları təltif olundu - FOTOLAR

  08 Fevral 2021    Oxunub : 2924
DMX-nin Vətən müharibəsində iştirak edən əməkdaşları təltif olundu -    FOTOLAR
Dövlət Miqrasiya Xidmətinin II Qarabağ müharibəsində döyüşmüş əməkdaşları təltif ediliblər.

Dövlət Miqrasiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşə müharibə iştirakçılarının valideynləri də dəvət olunublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.



Giriş nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tədbir iştirakçılarını səmimi salamlayıb. Bildirib ki, 44 günlük müharibə dövründə Azərbaycan xalqının nəbzi əsgər və zabitlərlə birgə döyünüb. Vətənə layiqli qəhrəman övlad böyütdükləri üçün valideynlərə təşəkkkür edən Xidmət rəisi döyüş iştirakçılarının hər birinə Xidmət kollektivi adından minnətdarlığını bildirib.Vüsal Hüseynov II Qarabağ müharibəsinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, artıq biz müharibədən qalib ayrılmış ölkənin vətəndaşlarıyıq. Bu qələbənin memarı isə istər diplomatik, istər iqtisadi, istərsə də hərbi sahədə zəfərə gedən yolu mərhələli şəkildə son nöqtəyə çatdıran məhz cənab Ali Baş Komandan İlham Əliyevdir. Vüsal Hüseynov həmçinin vurğulayıb ki, döyüşdə iştirak edən əməkdaşlar Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək medallarla təltif olunublar.



Dövlət Miqrasiya Xidməti rəisinin I müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev çıxışında zəfər döyüşlərini I Qarabağ müharibəsi ilə müqayisəli şəkildə diqqətə çatdırıb. Bildirib ki, I Qarabağ müharibəsindən məğlub kimi ayrılsaq da, II Vətən müharibəsi şanlı qələbənin təməlini qoydu. Budəfəki savaş Ali Baş Komandanın uzunmüddətli həyata keçirdiyi strategiyanın məntiqi nəticəsi və qələbəsi idi. Vəli Nağıyev qalibiyyətin ölkəmizin beynəlxalq nüfuzunun artmasına, beynəlxalq tədbirlərdəki əhəmiyyətinə, bunun nəinki ermənilərə, onların havadarlarına da tutarlı mesaj olduğunu diqqətə çatdırıb.



Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev I Qarabağ müharibəsindəki iştirakından, işğal altında olan ərazilərimizin qaytarılmasının nə qədər çətin və ağır döyüşlər hesabına başa gəldiyindən danışıb. Vurğulayıb ki, o vaxt yarımçıq qalan arzuları II Qarabağ müharibəsində igid Azərbaycan oğulları qələbə ilə reallaşdırdı. Qalib əməkdaşları səmimi təbrik edən Elman Əliyev bu cür qəhrəman oğulları böyüdən valideynlərə də xüsusi təşəkkür edib.



Daha sonra Vətən müharibəsində iştirak edən əməkdaşlar Xidmət rəhbərliyi tərəfindən təltif olunublar. Tədbirdə çıxış edən valideynlər Xidmət rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonda xatirə şəkli çəkilib.



Azvision.az

Teqlər: Miqrasiya