Ermənisayağı “alman dəqiqliyi” - Qələbəmizi niyə həzm edə bilmirlər?

 Ermənisayağı “alman dəqiqliyi”  - Qələbəmizi niyə həzm edə bilmirlər?
  29 Mart 2021    Oxunub:2122
Son günlər Almaniya mediası Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Ölkənin aparıcı nəşrləri, xüsusilə “RT Deutsch” telekanalı Azərbaycanı hədəfə alır, Vətən müharibəsindəki qələbəmizi gözdən salmağa çalışırlar.
İndiyədək Azərbaycanın haqlı davasına laqeyd qalan Almaniya mediasının start verdiyi qərəzli kampaniyanın arxasında nələr dayanır? Bu ölkə də Fransa kimi qələbəmizi həzm edə bilmir, yoxsa müəyyən erməni qrupları öz kanalları vasitəsilə Almaniya mediasına təsir mexanizmləri əldə ediblər?

Məsələni Azvision.az –a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Almaniyanın Azərbaycana qarşı qərəzli mövqedə olması təəssüf doğurur. O, hesab edir ki, proseslərin inkişafının mənfi yönə çəkilməməsi üçün Azərbaycan dərhal hərəkətə keçməlidir.

“Açıq danışsaq, İkinci Qarabağ müharibəsi zamanı Almaniya mətbuatı əsasən obyektiv mövqe tutması ilə seçilirdi. Burada söhbət problemə reallıqlarla yanaşmadan gedir, həmin vaxt alman mediasında demək olar ki, obyektivlik daha çox göründü. Hətta bəzi məqamlarda alman mediasında Azərbaycan ordusunun döyüş əməliyyatları 21-ci əsrin taktikası kimi dəyərləndirilirdi. Amma son zamanlar doğrudan da qərəzli mövqelər gözlənilmədən artdı. Sanki vahid mərkəzdən idarə olunan bir kampaniyanı müşahidə etməyə başlamışıq. Düzü, alman mediasının valı dəyişməsi məndə təəccüb doğurub. Xüsusən də “RT Deutsch” kanalında erməni mafiyası və lobbisinin, hətta rus lobbisinin təsiri artmaqdadır”.



Politoloq deyir ki, Almaniyada rus lobbiçiləri ilə erməni lobbiçilərinin birləşməsinə şərait yaradılması ortaya anormal bir mənzərə çıxarıb. Yəni bu tandem KİV-də bizə qarşı ortaq mövqedən çıxış etməyə başlayıb:

“Məsələn, “RT Deutsch”də müəyyən məsələlərin şərhində iştirak edən bir rus “ekspert” hadisələri təhrif edir və Azərbaycana qarşı qarayaxma kampaniyasına start verirmiş kimi alman cəmiyyətini, sivilizasiyalı Avropanı rəsmi Bakıya qarşı mübarizəyə çağırır. Görün, bu nüfuzlu kanal kimə meydan verib şərait yaradır ki, haqsız şəkildə əleyhimizə danışsın, qərəzli çıxışlar etsin. Bu cür çağırışlar, təxribatlar sözün həqiqi mənasında məndə də çaşqınlıq yaradıb. Çünki Almaniyada bu aralar ölkəmizə qarşı nələrin baş verdiyini anlamaq olmur. Əslində alman oxucusu, izləyiciləri mövzu ilə bağlı nələrin baş verdiyini yaxşı anlayır. Ermənistan uzun illərdir Azərbaycan torpaqlarını işğal etmişdi ki, bu da beynəlxalq qanunlarla təsbit edilmiş bir faktdır. İşğalçını işğalçı adıyla çağırmamağınızın özü də arzuolunmaz faktdır. Üstəlik də, Berlindən öz torpaqlarını azad edən, bu əməliyyatlar üçün öz qanını tökən Azərbaycan Ordusuna, cəmiyyətinə artıq ardıcıl böhtanlar atılır. Özünün obyektiv düşüncə tərzi ilə seçilən Almaniyanın belə davranışı sözün həqiqi mənasında heyrət doğurdu”.

Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycanın Almaniyada güclü diasporu var. Xarici İşlər Nazirliyi ilə diaspor təşkilatlarımız, hətta bizə yaxınlığı ilə seçilən türk diasporu da bu ölkədə öz güclərini birləşdirərək həm “RT Deutsch” kanalında, həm də cəmiyyətin izlədiyi müxtəlif nəşrlərdə hadisələrin mahiyyətini açan yazılarla, açıqlamalarla kampaniyanı neytrallaşdırmalıdır:

“Zənnimcə, bu gün Almaniyada belə məsələlərə cavab olaraq cəmiyyət qarşısında öz sözünü demək, tribuna əldə etmək o qədər də çətin deyil. Bu problemdə erməni lobbiçilərinin də izini axtarmalı, onların dəst-xətti varsa, kampaniyanı neytrallaşdırmalıyıq. Ən təəccüblüsü isə odur ki, ruslar indiki kampaniyaya qoşulmaq meyllərini göstərdilər. Bir məsələni də qeyd edim. Almaniyada çoxsaylı rus icması var və zəngin rus iş adamları, milyonları Rusiyadan qaçırıb, bu ölkədə müəyyən fəaliyyətlər quran şəxslər də az deyil. Yəni bu cür qüvvələrin haqqında danışdığımız arzuolunmaz siyasətə, kampaniyalara qoşulmaları, rəsmi Bakıya qarşı anti-təbliğat işində iştirakı müəyyən qədər sezilir. Ona görə də, bu ideoloji mübarizədə Azərbaycan diasporunun aktivləşməsinə, eyni zamanda rəsmi şəkildə Bakının Almaniyanın dövlət orqanlarına müraciət etməsinə böyük ehtiyac yaranıb.

Nə baş verdi ki, Berlin proseslərə ya göz yumur, ya da özü idarə edir? Fransa xaric az qala bütün dünyanın Azərbaycanın torpaqlarını azad etməsi mübarizəsi kimi qəbul etdiyi məlum müharibəni, bu mövzuda baş vermiş hadisələri niyə baş-ayaq təqdim edirsiniz axı? Maraqlarınız nədirsə, aşkar deyin cəmiyyətimiz bilsin. İşğalçıya, başkəsənlərə, soyqırımı törədənlərə haqq qazandırmağın bir izahı olmalıdır. Hətta bir xatırlatma edim ki, haqqında söz açdığım televiziyada soyqırımı kəlməsi də az işlənmirdi. Ən təəccüblüsü isə o idi ki, guya işğalda saxladığı torpaqlarımızdakı mövqeləri qoyub qaçan ordu da soyqırımına məruz qalıbmış. Yəni bu kanalda adamı hiddətləndirən, son dərəcə heyrətə salan bu cür absurd fikirlər belə səsləndi. Gəncə, Tərtər, Bərdənin vurulması bir kənarda qalıb, hansısa başqa ölkənin ordusunun gəlib bizim torpağımızda məğlub olmasını belə şişirdilmiş şəkildə faciəyə çevirirlər. Zənnimcə, bizim bu istiqamətdə xüsusi tədbirlər görməyimizin vaxtı çoxdan çatıb. Almaniyanı, alman cəmiyyətini reallıqlara inandırmaq çətin deyil. Alman kəşfiyyatı, onların nəinki Azərbaycandakı, təşkilat və səfirliyi, ümumilikdə bölgədəki diplomatik qurumları da hadisələr haqqında obyektiv məlumatlara malikdirlər. Sadəcə bu bir kampaniyadır ki, başladılıb və Azərbaycan öz üsulları ilə buna cavab verməlidir. Məncə verəcək də...”

Tural Tağıyev
Azvision.az


Teqlər: Almaniya   Qərəz   Media   Ermənistan  





Xəbər lenti