Düşmənin 20-yə yaxın texnikasını məhv edən “Tank canavarı” - FOTOLAR

 Düşmənin 20-yə yaxın texnikasını məhv edən “Tank canavarı” -  FOTOLAR
  03 Aprel 2021    Oxunub:6356
Azərbaycan Ordusunun qələbəsilə yekunlaşan Aprel döyüşlərindən 5 il ötür. Bu döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də Tahir Misirxanovdur.

Azvision.az -ın məlumatına görə, Misirxanov Tahir İman oğlu 1988-ci ildə Hacıqabul rayonunda anadan olub. O, orta təhsilini Hacıqabul rayon 2 saylı tam orta məktəbində başa vurub.
Hazırda Azərbaycan Ordusunun giziri kimi xidmət edir. O, Aprel döyüşləri zamanı cəbhənin Füzuli-Cəbrayıl istiqamətində düşmənin 6 tankını məhv edib. Tahir Misirxanov Lələtəpə istiqamətində gedən döyüşlərdə göstərdiyi şəxsi şücaətinə görə Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.



Gizir Misirxanov daha öncə saytımıza müsahibəsində Aprel döyüşlərindən danışaraq həmin günlər haqqında bunları qeyd etmişdi:

"2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə düşmən Cocuq Mərcanlı və Horadiz yaşayış məntəqəsini ağır silahlardan atəşə tutmağa başladı. Komandanlıq tərəfindən “həyəcan” siqnalı ilə qaldırılaraq döyüş mövqelərimizi tutduq. Aprel ayının 2-si axşam bayrağımız Lələtəpə yüksəkliyində dalğalanırdı. Döyüşlər vaxtı tank əleyhinə bölmədə xidmət edirdim. Tapşırığım düşmənin irəliləyən ağır texnikalarını sıradan çıxarmaq idi. Aprel ayının 2-də səhər saatlarında düşmən tank bölmələri ilə hücuma keçməyə başladı. Həmin gün düşmənin 3 tankını məhv etdim. Ayın 5-nə qədər isə daha 3 tankı sıradan çıxardım”.

"Tank canavarı" ləqəbli qəhrəman gizirimiz Aprel döyüşlərindən 4 il sonra Vətən Müharibəsində iştirak edərək, düşmənə sarsıdıcı zərbələr vurub. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlayan əks-hücum əməliyyatında igidliklə vuruşan gizir Misirxanov şəxsi rəşadət göstərərək düşmənin 10-dan çox zirehli texnikasını sıradan çıxarıb.



Azərbaycan Ordusunun qələbələrində böyük payı olan, ümumilikdə 20-yə yaxın düşmən texnikasını məhv edən cəsur döyüşçümüz torpaqlarımızın işğaldan azad olunması ilə nəticələrən əməliyyatlarda iştirak etdiyinə görə qürur duyduğunu söyləyib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərmiş qəhrəman gizirimiz Ali Baş Komandanın sərəncamı ilə “İgidliyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

O, hazırda xidmətini uğurla davam etdirir.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Gizir   Tahir-Misirxanov   Aprel-döyüşləri   Vətən-müharibəsi  





Xəbər lenti